Cəmiyyət

Parklanma qiymətinin qalxması etiraz yaratdı: Müdir çarə tapacaq, bəs işçi? – FOTO

Sharing is caring!


“Parklanma qiymətləri təklif olunanda bir çox nəqliyyat ekspertləri, o cümlədən də mən etiraz etdik ki, qiymətlər bahadır. Lakin nəqliyyatdan başı çıxmayan adamlar dedilər ki, yaxşıdır və bu qiymət şəhərin mərkəzində ucuzdur. Biz də dedik ki, əgər belədirsə, mərkəzə maşınsız gedərik”.

Bu sözləri Yenisabah.az açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Mütəxəssis yeni parklanma tarifləri ilə bağlı sosial şəbəkələrdə yayılan müzakirələrə, bununla əlaqədar yaranan problemin həll yollarına toxunub.

Müsahibimizin fikrincə, belə tənzimləmələr o zaman mümkün ola bilər ki, şəhərdə tıxac problemi olmasın:

“Bu gün ödənişli və ya ödənişsiz, xüsusən də güzəştli parklanma yerlərinin olmasına paytaxtda çox ehtiyac var. Bu siyahını dövlətin xüsusi kriteriyalarına aid olan güzəştli təbəqələrinin parklanma yerlərindən istifadə etməsindən tutmuş, adi sahibkarlar və vətəndaşların maşın saxlamağına qədər uzada bilərik”.

Ekspert hesab edir ki, bu gün Bakıda mərkəz və mərkəzdənkənar yerlərdə dayanacaq problemi var:

“Tıxacların əsas səbəblərindən biri də budur. Çünki parklanma yerində saxlayırsan, pulunu verirsən, 5-10 dəqiqə sonra isə görürsən ki, cərimələnmisən. Bundan başqa, məhəllədaxili elə yerlər var ki, bina sakinləri tərəfindən zəbt olunub, bomboşdur, amma girişində şlaqbaum var. Ümumiyyətlə, bu məsələlər tənzimlənməli, qaydasına düşməlidir ki, sonra biz qiymətdən danışaq. Amma mənə elə gəlir ki, əvvəlki qiymətlər yerində qalsaydı, daha yaxşı olardı”.

A.Əsədov təklif edib ki, şəhərin daha sıx və gediş-gəlişli yerləri var ki, orada da parklanma yerləri tikmək olardı:

“Mən deyərdim ki, şəhərin mərkəzində olan “Qış parkı” və yaxud digər yerlərdəki parklanma zonaları normal tətbiq olunan qiymətlərdən də bahadır.

O ki qaldı maşınını hər gün iş yerinin yanında saxlayan adamların bundan sonra nə edəcəyinə, onsuz da, sahibkarlar və rəhbər şəxslər öz avtomobillərini səkilərdə saxlamırlar. Onların özlərinin yaxınlıqda dayanacaqları olur, yaxud hansısa binanın yeraltı qarajı ilə danışıb avtomobillərini orada saxlayırlar. Burada əsas söhbət işçi heyəti və gələn qonaqlardan gedir. Sadə dillə desək, müdiriyyət öz başının çarəsini qıla bilir, amma sıravi işçilər və oraya gələn qonaqlar bundan əziyyət çəkir. Bu gün şəhərdə əksər yerlərdə kameralar var və cərimələr yazılır. Ona görə parklanma yerləri olmalıdır”.

Ekspert aydınlaşdırıb ki, hazırda şəhərdə maşın saxlamağa yer yoxdur:

“Vəziyyət belə olanda da artıq belə çıxır ki, sən maşından imtina edəsən. Çünki ərazi yox, gəlib maşını səkidə saxlayırsan və səni cərimə edirlər. Avtomobildən imtina etmək isə inkişafı müəyyən dərəcədə əngəlləyən amildir. Çıxış yolu ancaq odur ki, şəhərin mərkəzində xaraba, yiyəsiz və sahibsiz ərazilərdə parklanma sahələri tikişlin. Çünki hazırda oralar narkomanların oylağına çevrilib. O əraziləri parklanma yeri etsələr, yaxşı olar. Yaxud yeni inşa olunan binalara konkret tələb qoyulmalıdır ki, bu binanın -1, yaxud 1-ci mərtəbəsini parklanma sahəsi etməlisən. Necə ki sən binada yerləri ticarət mərkəzi, ofis edə bilirsən, parklanma yeri edə bilmirsən?! Ən azından, bina sakinləri və binaya gələn qonaqlar bu problemi yaşamamalıdırlar. Məsələyə bu nöqteyi-nəzərdən yanaşılmalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir