Cəmiyyət

60 ilin dostunu itirən Şeyx Əbdül kinematoqrafçıların təşkilatlanmasına münasibət bildirdi

Sharing is caring!


“Kinonun mənə ehtiyacı var”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) deyib.

Xatırladaq ki, may ayının 30-da Əməkdar artist Elxan Qasımovun vida mərasimində, Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) səhhəti ilə əlaqədar Masallıda yaşadığını dilə gətirib. Dostunun ani ölüm xəbəri üçün Bakıya gəldiyini söyləyib.

Onun sözlərinə görə, hazırda sağlamlıq qurumunda irəliləyiş var:

“Səhhətimdə problem var idi. Bir qədər şəhər həyatı da məni boğurdu. İki dəfə koronavirusa yoluxmuşdum. Həkimlərin sayəsində vəziyyətdən çıxdım. Qocalıq faktoru da öz sözünü deyir. Bununla yanaşı fikir də çox çəkirəm. Mənim atamdan, anamdan, genetik doğmalarımdan sonra ən böyük itkilərimdən biri Elxan Qasımov oldu. 1961-ci ildən ailəvi olaraq dostluq etmişik. Elxanın itkisi ilə barışa, təsəlli tapa bilmirəm. Allah heç kəsi dost itkisi ilə sınağa çəkməsin”.

Ə.Mahmudov yeni layihələr üzərində çalışdığını söyləyib:

“Artıq fəaliyyətə yenidən başlamışam. Aktiv surətdə çəkilişlərimi edirəm. Yeni layihələrim var. Kinonun yubileyi ilə bağlı da yeni layihə üzərində işləyirəm. Problemlərim məni yolumdan döndərə bilmədi. Gördüm ki, kinonun mənə ehtiyacı var. İnanıram ki, tez bir zamanda klassik kinomuzu bərpa edəcəyik”.

Xalq artisti ötən gün verilən qərara da münasibət bildirib:

“Ötən gün Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətlərinin birgə iclası keçirilib. Hər iki təşkilatın, şükürlər olsun ki, birləşdirilməsi haqqında qərar qəbul edildi. Artıq Azərbaycan Kinematoqrafçılar Birliyi adlandırılacaq”.

Qeyd edək ki, Əbdül Mahmudov Azərbaycan SSR Dövlət mükafatına 1986-cı il 26 aprel tarixində (“Atları yəhərləyin” bədii filminin rejissorluğuna görə) layiq görülüb. 2008-ci il 1 avqustda “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi”, 2018-ci il 1 avqustda “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb. 2019-cu ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı ilə təltif olunub. 2021-ci il 7 may Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir