Cəmiyyət

İndi də söyüş olacaq, deyəsən…

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Hər nə qədər kədərli olsa da, indi də ermənilər bizim söyüşlərdən istifadə edirlər. Əvvəl davamız “Sarı gəlin”, dolma idisə, indi də söyüş olacaq, deyəsən.

Neçə illərdir Üzeyir bəyin musiqisindən tutmuş xalq mahnılarına, xalçadan palazına qədər, dolmadan aşa, yallıdan qaytağıya qədər oğurlayıb “erməni sənət əsəri” kimi sırıyırlar dünyaya. Bu azmış kimi, indi də bizim dilimizdəki söyüşləri mənimsəyib istifadə edirlər.

Deməli, 44 günlük müharibədən sonra bəzi ermənilərin gözü açıldı və həqiqəti görməyə başladılar. Başa düşdülər ki, “Qarabağ klanı” 30 il ərzində Qarabağı yeyib-talayıb, yüksəkvəzifəli məmur və generallar olublar milyonçu, Qarabağda yaşayan ermənilər də olublar onların dustağı, girovu.

“Dəmir yumruq” təpələrini əzəndən sonra Ermənistanda “Miatsum” çığıranlar da birdən ayıldılar ki, Qarabağ uğrunda niyəsə İrəvanda doğulan oğlanlar həlak olurlar. Parça-tikə meyitləri Yerablurda Ermənistanın bayrağı altında dəfn olunur.

Birdən bunlara agah oldu ki, 30 ildir bunlar Qarabağda övladlarını qurban verirlər ki, hansısa Koçaryan, Sarqsyan və başqa əclaflar qarınlarının altına piy yığsınlar, Şuşada, Hadrutda, Tuğda villa tiksinlər. Dünya erməni diasporunun göndərdiyi milyonları yesinlər.

Açığı, elə düşünməyin ki, “jeton” elə-belə düşdü bunların başına. Əsla. “Jeton”u vura-vura Azərbaycanın Ali Baş Komandanı və ordusu saldı.

Elə bu vurhavurda ermənilərin içində sağlam məntiq cücərməyə başladı ki, bunlardan biri də Ermənistanda kifayət qədər populyar olan jurnalist, bloqer Roman Baqdasaryandır.

Roman mütəmadi olaraq Ruben Vardanyan, Arayik Arutyunyan, Sarqsyan, Koçaryan və bu cinayətkar dəstənin digər üzvləri barədə, onların Qarabağda yaşayan erməniləri girov saxladıqları və digər qanundankənar addımları barədə video çəkir, sosial şəbəkələrdə bölüşür. Ermənilərin gözünü açır, belə desək. Özü isə danışanda gözünü yumur, ağzını açır.

Belə ki, Roman sonuncu videomüraciətində Rubenlə Arayik cütlüyünü ən son sözlərlə “bəzədi”.

Roman üzünü Ruben Vardanyana tutub deyir ki, “sən necə adamsan ki, (burada Azərbaycan dilində qurşaqdan aşağı çox populyar söyüş gedir) çörək sexlərində duzun qurtardığı barədə danışırsan? Get rus sülhməramlılarından bir kisə duz al da. Onların şpionu deyilsən? Get yalvar, al da. Gücünüz elə Paşinyanı söyməyə çatır. Sülhməramlınız versin də sizə duz”.

Sonra Arayikə deyir ki, “Ay Arayik, niyə özünü güllələmirsən? Get duz istə də ruslardan. Yox, edə bilmirsənsə, onda rus əsgərlərinin Qarabağdan çıxmasını tələb elə. Madam ki, ruslar sənə təcavüz edirlər və duz da vermirlər, qoy rədd olub getsinlər, bunu ermənilərə başa sal”.

Məsələnin əsas mahiyyətini kənara qoyub, keçirəm daha alt qata.

İlk növbədə bunu bildirim ki, Roman və digər ermənilərin bizim, yəni Azərbaycan dilində söyüş söyməsi onlar üçün normal haldır.

Yadınıza gəlirsə, hətta Serj Sarqsyana qarşı keçirilən mitinqlərdə belə, kütlə Azərbaycan dilində “ifadə”lər işlədirdi. Özü də ən “yağlı”sından.

Və bu “ifadə”ləri o qədər rahat, doğma dillərində imiş kimi deyirlər ki, bir anlıq adam onların erməni olduqlarına şübhə edir.

Nəzər alsaq ki, xalq olaraq biz azərbaycanlılar söyüş və təhqiramiz ifadələrdən daha az istifadə edirik, görünən odur ki, onların dilinə daha yaxşı yatır.

Sual yaranır, əgər erməni xalqı bu qədər qədim, bu qədər zəngin dilə malikdirsə, niyə hər kəlməbaşı Azərbaycan sözlərindən, emosional halda, hiddət yaşayanda Azərbaycan söyüşlərindən istifadə edirlər?

Hətta müasir erməni ədəbiyyatının banisi hesab olunan Xaçatur Abovyanın bu baradə yazılı fikirləri var: “Xalqımız danışıq nitqində nəinki Azərbaycan dilində olan ayrı-ayrı sözlərdən, hətta bütöv cümlələrdən istifadə edir”.

(Хачатур Абовян, основоположник современной армянской литературы, писатель, педагог: “В разговорной речи наш народ употребляет не только отдельные слова по-азербайджански, но и предложения целиком”. (Х.Абовян, Полное собрание соч., V том, Ереван, Изд. АН Арм. 1950, на армянском языке)).

Daha bir etiraf. “Türk dilinə lənət olsun, amma bu dil Rəbbin xeyir-duasını alıb… Hər yerdə, şənliklərdə və ya toy mərasimlərində biz türkcə oxuyuruq”. (X.Abovyan, “Ermənistan yaraları”, İrəvan, 1939, ermənicə).

(“Будь проклят тюркский, однако этот язык получил благословение Господне… всюду, на торжествах или свадебных церемониях мы поем по-тюркски”. (Х.Абовян, “Раны Армении”, Ереван, 1939, на армянском языке)).

Və bu kimi fikirlər nə qədər istəyirsiniz, var. Özü də yazılı mənbələrdə.

Bəs bu nə deməkdir?

Sizə elə gəlmir ki, başqa xalqın dilini mənimsəmək, istər yaradıcılıqda, istərsə də adi həyatda istifadə etmək bir daha sübut edir ki, ermənilər bu regiona gəlmədir? Axı bu daha bir sübutdur ki, bu qaraçı tayfanın özünün heç nəyi olmayıb.

Onlar heç bir halda yerli xalq deyillər. Necə olur ki, gürcü dili ilə Azərbaycan dili arasında bu qədər ortaq söz yoxdur, amma ermənilərlə var?

İndi ermənilər desələr ki, “xeyr, o ilginc, maraqlı, üçmərtəbə söyüşləri onlar düşünüb tapıblar”, sözlərin kökünü gözlərinə soxun! Ətraflı yazmıram, bunun üçün filoloq olmaz lazım deyil. Özünüz bilirsiniz, hansı misalları çəkmək olar.

Bir də söyüş, vulqarizmlər elə folklorun özüdür. Xalqın dilidir, yaşadıqlarıdır. Xalq əsrlər boyu özü üçün dil formalaşdırır, burada gözəlliyi ifadə edən də, təhqiri, hirsi bildirən sözlər də olur.

Və burada daha maraqlı məsələ yaranır. Əgər kimsə sənin tökdüklərini yığırsa, deməli, siz bir müddət bir yerdə yaşamısınız.

İrəvanda, Göyçədə, Qafanda, Zəngəzurda və digər tarixi torpaqlarımızda məcburən bir yerdə yaşamamızın daha bir sübutudur bu. Onun sübutudur ki, bizim dədələr bunları yaxşıca söyüb yola salıblar. Özü də necə yola salıblarsa, üstündən əsrlər keçib, o sözləri sırğa edib saxlayıblar qulaqlarında. Qanlarına işləyib bu sözlər.

İndi məsələ odur ki, ermənilərə birinci mövzunu yaxşı başa salmışıq. 44 günlük təlim-tərbiyədən sonra anladılar ki, Qarabağ Azərbaycandır! Və bu dünya dağılana qədər də belə olacaq. 

Qarabağda yaşayan ermənilər də artıq özləri qərar verməlidirlər. Ya o tərəfdə, ya da bu tərəfdə yaşamaq üçün.

Elə bunun təsdiqi bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında üç əsas fikri söyləməsidir:

1. “Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”;

2. “Bakı danışıqlar masasında heç vaxt Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müzakirəsindən imtina etməyib”;

3. “Ermənistan Azərbaycanın Qarabağ bölgəsinin əhalisinin taleyini həll edə bilməz”.

Yəni ki, biz, rəsmi İrəvan əlimizi, Ponti Pilat demişkən, bu məsələdən çəkirik. İndi istəyirsiniz, İsa Məsihin yerinə ya Arayiki, ya da Rubeni çarmıxa çəkin, bizdən bu qədər.

Bir haşiyə çıxım ki, son zamanlar, təbii ki, “Dəmir yumruğ”un  təsirindən irəli gələn məqamdır, İrəvanda keçirilən sorğular zamanı əksəriyyət Qarabağ məsələsində onların uşaqlarından, oğullarından qurban kimi istifadəyə qarşı çıxır.

İndi qalır ikinci dərs. Bu da tarixi, əzəli Azərbaycan torpaqlarına əsl sahiblərinin geri dönüşünü təmin etməkdir.

İrəvan, Qafan, Göyçə, Zəngəzurda əsl Azərbaycan dilinin eşidilməsi, səslənməsi üçün. Madam ki, Azərbaycan dilində danışırlar, gərək bu dərsi də ən yüksək səviyyədə keçək. Filoloqlarla, alimlərlə, elmi konfranslarla birgə. Düzdür, bizim AMEA Dilçilik İnstitutu hər gün bir “söz” kəşf edir. Amma yenə də dərs keçmək lazımdır.

Və yekun olaraq düşünürəm ki, erməni xalqı yaxşı edir, yağlı Azərbaycan söyüşlərilə Rubeni, Arayiki və digərlərini üç nöqtəyə yollayır. Bununla bir daha sübut edirlər ki, Azərbaycan dili erməni dilindən qat-qat zəngindir, ifadəlidir, genişdir və onlar bu dili çoxdan öyrəniblər bizdən.

Çünki elə sözlər var ki, onu ancaq bizim dildə deyə bilərsən. Ürəyindən keçənləri ifadə etmək üçün ancaq bizim dildə danışmaq lazımdır. İnanıram ki, çox keçməz, İrəvanda tezliklə Azərbaycan dilini daha aydın, daha təmiz və bu dili daşıyanların – yəni azərbaycanlıların – öz dilindən eşidərik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir