Cəmiyyət

Reabilitasiya mərkəzində xəstələrə əzab verən 5 əməkdaşa cəza istənilib

Sharing is caring!


Bakıda narkotik, alkoqol və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən “New Life” reabilitasiya mərkəzinin 5 əməkdaşının məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Novxanı qəsəbəsində yerləşən mərkəzin rəhbəri Orucəli Heydərov və Elvüsal Hüseynovun 11 il, Sərxan Əliyevin 10 il 6 ay, Famil Rzayev və Qənbər Həsənovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən pasiyentlərin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. Reabilitasiya zamanı isə dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub. Lakin sözügedən mərkəzdə qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib. Belə ki, müalicə olunanlardan biri H.Məmmədov mərkəzdən qaçmaq istəyəndə əməkdaşlar onu tutaraq döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Zərərçəkmiş qismində tanınmış H.Məmmədov müalicə gedişində vəfat edib. Digər pasiyentlər – F.Həsənov, K.Əliyev və C.Əliyev isə işgəncələr nəticəsində müxtəlif bədən xəsarətləri alıblar. Onların barmaqlarının sındırıldığı və digər işgəncələrə məruz qaldıqları bildirilib.

İlkin olaraq H.Məmmədovun əzab verilməsi nəticəsində öldüyü güman edilsə də, ekspertiza rəyindən sonra onun yüksək dozada narkotik qəbulundan vəfat etdiyi məlum olub.

Prokurorluq tərəfindən aparılan araşdırma nəticəsində saxlanılan beş nəfər Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir