Cəmiyyət

Azərbaycanın kapital bazarına xarici şirkətlərin gəlməsi ölkəyə nə verər? – FOTO

Sharing is caring!


Azərbaycanın qiymətli kağızlar bazarında xarici kapitalın iştirakı yox dərəcəsindədir.

Ölkədəki 13 investisiya şirkətindən cəmi biri – “Plato Capital and Co.” ASC xarici kapitallıdır.

Amma bu maliyyə qurumu da faktiki olaraq fəaliyyətsizdir. Bəs xarici investisiya şirkətlərinə Azərbaycan bazarına gəlməyə nə mane olur? Onların yerli kapital bazarında təmsil olunması ölkəyə nə verər? “Report” mövzunu bazar iştirakçıları ilə müzakirə edib.

“Xarici şirkətlər yerli şirkətlər üçün müsbət nümunə olar”

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktoru Vüqar Namazov deyir ki, xarici rəqiblər bazara daxil olsalar, yerli şirkətlər üçün müsbət nümunə ola bilərlər:

“İlk növbədə bazar daha liberal olar, ardınca bazarda inkişaf sürətlənər. Amma yerli şirkətlər elə də zəif deyillər və qanunvericiliyin verdiyi imkanlar çərçivəsində də qarşıya qoyulmuş məqsədlərə çata bilərlər. Yəni kapital bazarının inkişafını istəyiriksə, ilk növbədə yerli investisiya şirkətlərinə dəstək olmalı, yatırım etməli, onların sayının artmasına çalışmalıyıq. 13 investisiya şirkəti Azərbaycan bazarı üçün azdır”.

“Xarici şirkətlər Azərbaycanda sahə üzrə peşəkarlar formalaşdırar”

Azərbaycandakı digər investisiya şirkətinin direktor müavini Pərvanə Qasımova isə hesab edir ki, xarici investisiya şirkətlərinin bazara gəlməsi Azərbaycanda bu sahə üzrə peşəkarların formalaşmasına dəstək olar:

“Fəaliyyət istiqamətlərindən asılı olmayaraq, investisiya mühitinin optimallaşdırılmasının və iqtisadiyyatın şaxələndirilməsinin ən önəmli şərtlərindən biri xarici şirkətlərin Azərbaycana gəlməsidir. Onların yerli bazarda fəaliyyəti peşəkarların formalaşması ilə yanaşı, dünyadakı ən yaxşı təcrübələrin Azərbaycana gətirilməsi deməkdir. Amma yaxşı olardı ki, həm yerli, həm də xarici kapitallı investisiya şirkətləri Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı üçün çalışsınlar. Bizdə kapital bazarı zəif inkişaf edib və Azərbaycan rezidentlərinin xarici investisiya şirkətləri vasitəsilə pul vəsaitlərini ölkədən kənara ötürməsi xarici ölkələrin şirkətlərinin maliyyəşdirilməsi deməkdir. Amma hər halda, biz demokratik ölkədə yaşayırıq və investorun qərarına təsir edə bilmərik”.

“Rəqabət güclənər, işin keyfiyyəti artar”

Maliyyə eksperti Xalid Kərimli isə bildirir ki, xarici investisiya şirkətlərinin yerli kapital bazarına qatılması ilə bazardakı iştirakçılar arasında rəqabət güclənə, işin keyfiyyəti arta bilər, amma ciddi inkişaf üçün daxildə görüləsi işlərimiz çoxdur:

“İlk növbədə qiymətli kağızlar bazarına inam formalaşdırılmalıdır. Azərbaycanda insanların investisiya şirkətlərinə etibarı olmadığı üçün kapital bazarı lazımi səviyyədə formalaşa bilmir. Bu da investisiya şirkətlərinin ucuz pul cəlb etməsinə mane olur. Yəni yerli investisiya şirkətlərinə inam yoxdursa, xarici investisiya şirkətlərinə etimad göstərilməsi də sual altındadır. Hazırda Azərbaycan şirkətləri daha çox istiqraz alqı-satqısı ilə məşğul olur. Xarici şirkətlərin Azərbaycana gəlməsi yerli şirkətlərin başqa ölkələrin kapital bazarına çıxış imkanlarını genişləndirə bilər. Kapital bazarının inkişafı hesabatlılığın artmasından, ailə bizneslərini peşəkar menecerlərin idarə etməsindən asılıdır. Biz xarici investisiya şirkətlərini ölkəyə cəlb etməkdənsə dünyanın inkişaf etmiş banklarının Azərbaycana gəlməsinə çalışmalıyıq. Onlar gəlsə, xarici investisiya şirkətləri avtomatik olaraq Azərbaycana gələcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir