Cəmiyyət

Niyə “Azərsu”nun 8 milyard manat zərəri yığılıb? – “Bu rəqəm sıfıra endirilə bilməz” – ARAŞDIRMA + FOTO

Sharing is caring!


“Azərsu” ASC 2022-ci ili 180,514 milyon manat xalis zərərlə başa vurub. Bu isə 2021-ci illə müqayisədə 3,1 dəfə azdır. Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 2,3% artaraq, 8 milyard 36 milyon manata çatıb.

Əvvəlcə onu xatırladaq ki, 2004-cü ildə yaradılan “Azərsu”nun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyət 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində paylanması, satışı və istifadəsinin mümkün olması üçün təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.

Ötən ilin maliyyə hesabatına nəzər saldıqda aydın olur ki, “Azərsu” ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 255,329 milyon manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,8 % azdır.

Hesabat dövründə “Azərsu”nun Dünya Bankına borcu 100% azalıb. Belə ki, qurum ötən il banka 3,843 milyon manat borc qaytarıb.

Səhmdar cəmiyyətinin Maliyyə Nazirliyinə borcu isə 8,3% artaraq 160,813 milyon manat, Almaniyanın KfW dövlət bankına borcu 10,1% azalaraq, 52,759 milyon manat, Fransanın korporativ və investisiya bankı “Natixis”ə borcu 18,4 % azalaraq 26,507 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu isə 7,9% azalaraq 15,25 milyon manat olub.

Səhmdar cəmiyyətinə borcu Maliyyə Nazirliyi faizsiz və illik 1%-lə, KfW – illik 0,75%-lə, “Natixis” – illik 2,45%-lə, Dünya Bankı – illik 0,75%-lə, ADB illik 2,5%-lə verib.

Onu da qeyd etmək yerinə düşər ki, hesabata görə, 2022-ci ildə “Azərsu”nun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 278,894 milyon manat (əvvəlki ilə nisbətən 6,1% çox), satışlarının maya dəyəri 134,225 milyon manat (4,3% çox), inzibati xərcləri 43,175 milyon manat (50,1% çox), satış və paylanma xərcləri 159,368 milyon manat (8,7% çox), digər əməliyyat xərcləri 132,394 milyon manat (4,2 dəfə az), məzənnə fərqindən gəliri 9,705 milyon manat (5,9% az), digər gəlirləri 2,394 milyon manat (13,5 dəfə az), maliyyə xərcləri 2,27 milyon manat (34,2% az), icarə öhdəlikləri üzrə faiz xərcləri 53 min manat (11,7% az), mənfəət vergisi ödəmələri isə 22 min manat (27,2 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərsu”nun aktivləri 1 milyard 298 milyon manat olub ki, bu da illik müqayisədə 27,1% çoxdur. 2022-ci ildə səhmdar cəmiyyətin öhdəlikləri 15,6% artaraq 668,881 milyon manata, balans kapitalı isə 42% artaraq 629,124 milyon manata çatıb.

Bütün bunları nəzərə aldıqda sual ortaya çıxır: “Azərsu”nun yığılmış zərərinin mənbəyi nədir?

Məsələ ilə bağlı Oxu.Az-a danışan qurumun mətbuat katibi Anar Cəbrayıllı söyləyib ki, səhmdar cəmiyyətinin əməliyyat gəlirləri əməliyyat xərclərini tam bağlayır:

“Yəni su təchizatı, suyun satışı və kanalizasiya xidmətlərindən əldə olunan gəlirlər “Azərsu”nun xərclərini ödəyir. Xərclər dedikdə isə buraya əməkhaqlarının ödənilməsi, elektrik enerjisindən istifadə xərci, mal-materialların alınması, dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna edilməli ödənişlər və s. nəzərdə tutulur.

Yığılmış zərərin mənbəyi də məlumdur. Belə ki, Azərbaycanda su sektoruna ötən illərə nisbətdə çox böyük investisiyalar yatırılıb. İrihəcmli avadanlıqlar alınıb, sutəmizləyici qurğular istifadəyə verilib, yeni su mənbələri yaradılıb, anbarlar, nasos stansiyaları tikilib, iri magistral su xətləri, kanalizasiya kollektorları çəkilib. Beynəlxalq uçota görə, bütün bunların amortizasiyası da hesablanır. Nəticədə yığılmış zərər məbləği də həmin qiymətdən düşmə ilə bağlıdır.

Qeyd etmək istəyirəm ki, “Azərsu” ASC dövlət büdcəsindən heç bir subsidiya almır, yalnız layihələri büdcədən ayrılan vəsaitlər hesabına icra edir”.

İqtisadçı-ekspert Cəfər İbrahimli isə Oxu.Az-a açıqlamasında bəyan edilən zərərin əvvəlki illərdə yığılan borclar olduğunu vurğulayıb. Ekspert deyib ki, uzun illər dövlət əhaliyə suyu güzəştli qiymətlə, maya dəyərinin də altında bir məbləğlə satırdı:

“Həmin dönəmdə cari xərclər gəlirlərdən çox olduğu üçün zərər də var idi. Əlavə olaraq, o qədər böyük xərcin, borcun yığılmasının başqa bir səbəbi də var. Belə ki, dövlət su-kanalizasiya sistemində illərlə böyük layihələr həyata keçirdi, böyük həcmdə investisiyalar ayırdı, avadanlıqlar alındı, vəsaitlər oraya qoyuldu. Amma suyun tarifi və şirkətin gəlirləri bütün bunlara nisbətdə çox azdır. Beynəlxalq standartlara əsasən, audit şirkətləri bu tipli xərclərin birbaşa zərərə yazılmasını təmin edir. Mövcud audit hesablamaları mühasibat standartlarına uyğundur. Qoyulan investisiyanın mövcud gəlirlərlə qarşılanması mümkün olmadığı üçün bu, zərər hesab edilir.

Nəticədə, “Azərsu”nun yığılmış zərərləri ilə əlaqədar belə bir böyük məbləğ ortaya çıxıb. Həmin zərərlərin necə qarşılanacağı, ödəniləcəyi sual altındadır. “Azərsu” artıq ləğv edildi, Su Ehtiyatları Dövlət Agentliyinin səlahiyyətinə verildi. Birləşdirmə prosesi davam edir, ona görə dəqiq versiya söyləmək çətindir.

Hesab edirəm ki, müəssisənin uzun illəri əhatə edən fəaliyyətinin, layihələrin amortizasiya olunmasının nəticəsində zərər rəqəmləri azala bilər. İstənilən halda, yığılan zərər böyükdür, bu rəqəmin sıfıra gəlib çıxması çətin məsələdir. Uzun illərdir, dövlət təşkilatlarının əksəriyyətinin hesabatlarını, fəaliyyətini izləyirəm. Yenə qeyd edirəm, “Azərsu”nun zərərinin belə böyük olması mühasibat standartları ilə bağlıdır”.

“Azərsu”nun yığılmış səkkiz milyard manatlıq zərərinin necə azaldılacağı, hansı addımlar atılacağı haqqında məlumat almaq üçün ASC-nin rəhbərliyinə birbaşa müraciət ünvanlasaq da, hələlik məktubumuz icra prosesindədir. 

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir