Cəmiyyət

Ucar Doğum Evi bətnində körpəsi ölmüş ananı qəbul etməyib

Sharing is caring!


Ucarda bətnində körpəsi ölmüş ananı xəstəxana qəbul etməyib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ucar rayonunun Lək kəndində qeydiyyatda olan, həyat yoldaşının işi ilə əlaqədar olaraq Sumqayıt şəhərində yaşayan 2003-cü il təvəllüdlü Gülnar Siyasət qızı Nağıyeva bir neçə gün öncə rayona qonaq gəlib. 8 aylıq hamilə olan Gülnarın halı qəflətən pisləşib. Ailəsi onu təcili Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanada aparılan müayinədən sonra məlum olub ki, uşaq ana bətnində tələf olub. Müayinə aparan həkim İlahə Ağayeva xəstəyə təcili olaraq Doğum şöbəsinə müraciət etməyi məsləhət görüb.

Gülnar Nağıyevanın qohumu Əli Nağıyevin dediyinə görə, Doğum şöbəsinin həkimi Diləzbər Quliyeva xəstəni qəbul etməyib. Bildirib ki, Gülnar Nağıyeva hamiləlik dövründə olduğu müddətdə hansı həkimin qəbulunda olubsa, oraya getməlidir. Yəni o, yaşadığı ərazidəki doğum şöbəsinə aparılmalıdır. Qadın taksi ilə Sumqayıt şəhərinə aparılarkən Hacıqabul rayonu ərazisində taksidə ölü körpə doğulub. Gülnar Nağıyevanın vəziyyəti kəskin ağır olduğundan ərazidəki yol polisinin köməyi ilə təcili Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra qadının səhhətində yaranmış problem aradan qaldırılıb. Məsələyə münasibət bildirən həkim Diləzbər Quliyeva isə xəstənin öz istəyi ilə Sumqayıt şəhərinə getdiyini deyib. Onun sözlərinə görə, Gülnar Nağıyeva xəstəxanadan gedərkən vəziyyəti normal olub: “Ana bətnində ölmüş uşaq xaric edildikdən sonra analiz götürülməlidir. Buna isə bizim xəstəxanada heç bir şərait yoxdur. Bu səbəbdən də xəstənin yaxınlarının istəyi ilə onu şəhər xəstəxanasına yönləndirdim”, – deyə həkim bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir