Cəmiyyət

Fövqəladə hallar könüllüləri proqramına start verildi

Sharing is caring!


Ölkəmizdə və ölkə hüdudlarından kənarda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində könüllülük hərəkatını inkişaf etdirmək, o cümlədən əhaliyə zəruri yardım və dəstək göstərməyə hazır olan könüllüləri formalaşdırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşəbbüsü və tərəfdaşlığı ilə “Fövqəladə hallar könüllüləri” proqramına start verilir.
Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 6 fevral 2023-cü il tarixdə Türkiyədə baş verən zəlzələ zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına əsasən 150 nəfər Azərbaycan könüllüsündən ibarət heyət, qardaş ölkəyə yollanaraq zərərçəkən əhaliyə humanitar yardım göstərilməsi, çadırların qurulması, təminat və digər ehtiyacların paylanılması, zəlzələdən əziyyət çəkən uşaqlarda yaranan travmaların qismən aradan qaldırılması proseslərində iştirak ediblər. Qeyd edək ki, bu Azərbaycan könüllülərinin xaricdə genişmiqyaslı fövqəladə hal zamanı ilk fəaliyyətidir.

Bu təcrübədən irəli gələrək “Fövqəladə hallar könüllüləri” proqramına könüllülərin qəbulu üçün qeydiyyata start verilib. Qeydiyyatdan keçən könüllülərin ilkin qiymətləndirilməsi başa çatdıqdan sonra müsahibə mərhələsindən də uğurla keçən könüllülər peşəkar təlimçilər tərəfindən müxtəlif sahələr üzrə təlimlərə cəlb olunacaqlar. Qeyd edilən müddət ərzində davam edəcək təlim mərhələsi zamanı könüllülər, fövqəladə hallar və həyat təhlükəsizliyi, yarana biləcək situasiyalarda davranış qaydaları, qəza hallarında, yaralanma və s. situasiyalarda ilk yardım və ilkin psixoloji yardım göstərmək, yanğından mühafizə, mülki müdafiə və sair təlimlərdə iştirak edəcəklər.

Könüllülərin ümumilikdə müxtəlif istiqamətlər üzrə (tədbirlərdə fəaliyyət, yanğın təhlükəsizliyi, mülki müdafiə, maarifləndirmə, axtarış-xilasetmə, ilk yardım, ilkin psixoloji yardım, humanitar yardım və s.) fəaliyyət göstərmələri nəzərdə tutulub. Proses tamamlandıqdan sonra isə sertifikatla təmin olunan könüllülər, qeyd edilən istiqamətlər üzrə qruplara bölünərək “Fövqəladə hallar könüllüləri” olaraq fəaliyyətə başlayacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir