Cəmiyyət

Bakıda “göydələn”lərdə qiymət fərqi: “Mənzili alan hansı problemlə qarşılaşacağını öncədən bilməlidir” – FOTO

Sharing is caring!


Bakı şəhərinin mərkəzdən uzaq və ətraf ərazilərində, Abşeronda inşa edilən bəzi yeni tikilmiş binalarda infrastrukturla bağlı çatışmazlıqlara rast gəlinir. Məsələn, binaya kifayət qədər yaxın məsafədə mağaza, bağça, məktəb kimi obyektlər yerləşmir, yaxud nəqliyyat əlçatanlığı olmur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Report”a açıqlamasında mənzil alarkən bu kimi məsələlərə diqqət etməyin önəmindən danışıb:

Onun sözlərinə görə, tikinti şirkəti haradasa bina tikməyi planlaşdırırsa və bunun üçün müvafiq instansiyalardan icazə alırsa, ilk növbədə həmin binada yaşayanların komfortunu və binanın hansı xüsusiyyətlərinin alıcıları cəlb etməsini düşünməlidir.

“Bir binanın tikilməsi ilk növbədə biznes layihəsidir. Həmin layihənin gəlirliliyi və tikinti şirkətinin qarşıya qoyduğu hədəfə nail olmaq yolları kompleks şəkildə müəyyən olunmalıdır. Binanı tikəndən sonra oradakı mənzillərə alıcıların marağının hansı istiqamətdə olacağı müəyyən edilməlidir. İlk növbədə binanın nəqliyyat əlçatanlığı olmalıdır. Yəni həmin binaya gediş-gəlişin rahatlığı, metro stansiyasına, yaxud əsas küçəyə yaxınlıq, binaya gələn yolda tıxacların olub-olmaması və binanın daha əvvəl tikilmiş digər binalarla məsafəsi nəzərə alınmalıdır. Tikinti qaydalarına uyğun olaraq digər binalarla arada müəyyən məsafə qoyulmalıdır. Bu məsafəni tikinti şirkəti öncədən müəyyən etməli və bu məsafədə bina tikməyin alıcıların komfortuna necə təsir edəcəyini nəzərə almalıdır”.

V.Oruc hesab edir ki, eyni zamanda bağça, xəstəxana, məktəb, mağaza kimi obyektlərin həmin binanın yaxınlığında olması diqqətə alınmalıdır:

“Elə binalar var ki, birbaşa birinci mərtəbələri qeyri-yaşayış sahəsidir və market üçün nəzərdə tutulub. Belə hallar əvvəlcədən müəyyən olunmalı və bu, qeyd olunan biznes layihənin tərkib hissəsi kimi çıxış etməlidir. Bu nüanslar qiymətə də təsir göstərir. Bu gün vətəndaşlarımızın zövqü və tələbi müasir standartlara uyğun formalaşır. Odur ki, vətəndaş mənzili aldıqdan sonra hansısa ehtiyacını ödəmək üçün uzaq məsafədə yol qət etməklə barışmayacaq”.

Ekspert bildirib ki, hansısa binada mənzil yüksək qiymətə təklif edilərsə, bu, əsaslandırılmalıdır:

“Hazırda Bakıda bir-birinə yaxın yerləşən elə binalar var ki, onlarda mənzillər fərqli qiymətə təklif edilir. Məsələn, bir binada mənzilin bir kvadratmetrinə görə qiyməti iki min manat təşkil edirsə, onun yaxınlığındakı digər binada 1 800 manatdır. O qədər də geniş imkanları olmayan alıcı kütləsi komfortu əsas götürməkdənsə, çox zaman həmin aşağı qiymətə olan mənzilə üz tutur. Bu da sonradan müəyyən problemlərlə nəticələnir. Ona görə də mənzil-tikinti kooperativləri (MTK) bina tikintisi zamanı kompleks yanaşma tətbiq etməlidir. Bu yanaşma binanın təkcə tikinti vaxtı yox, sonrakı dövrlərində də öz təsirini göstərir. MTK-ların bazara təklif etdiyi qiymətləri müqayisə etsək, görərik ki, infrastrukturun və yerləşmənin həmin qiymətlərə təsiri mühümdür”.

V.Oruc vurğulayır ki, infrastrukturun qənaətbəxş olub-olmamasına görə binalar arasında 10-15%-ə qədər qiymət fərqi olur: “Təbii ki, şəhər mərkəzindəki binalar istisnadır”.

Qiymətləndiricilər Cəmiyyətinin sədri hesab edir ki, mənzil almaq istəyənlər gələcəyə ümid bağlamaqdansa, binanın cari vəziyyətini qiymətləndirməlidirlər:

“Bakıda bəzi infrastruktur cəhətdən əlverişli olmayan yerlərdə mövcud tikililərin sökülməsi və onların yerində çoxmərtəbəli yeni binaların inşası planlaşdırılır. Vətəndaşlar da ümid edirlər ki, həmin ərazidəki köhnə tikililər sökülüb yeni binalarla əvəzlənəndən sonra orada infrastruktur da yaxşılaşacaq. Nəticədə bu ərazidən mənzillər alırlar. Amma bu, bir ehtimaldır. Təcrübədə görmüşük ki, planlaşdırılan bir çox məsələlər sonradan həm obyektiv, həm də subyektiv səbəblərdən gerçəkləşmir. Bu baxımdan mütəxəssis olaraq məsləhət görərdim ki, planlaşdırmadan daha çox, mövcud vəziyyət qiymətləndirilsin və buna uyğun seçim edilsin”.

Onun sözlərinə görə, haradansa mənzil alarkən orada bir neçə ildən sonra infrastrukturun yaxşılaşacağını düşünmək daha çox biznes maraqlarına uyğun gəlir:

“Məsələn, vətəndaş investisiya qoyur, mənzillər alır və fikirləşir ki, beş-on ildən sonra həmin ərazi daha çox inkişaf edəcək, infrastruktur dəyişikliklərə məruz qalacaq. Bunu biznes-plan kimi təsəvvür etmək olar. Amma yaşayış məqsədilə mənzil alarkən məhz həmin andakı infrastrukturun vəziyyəti qiymətləndirilməlidir. Vətəndaş bu mənzili alarkən hansı problem və çətinliklərlə qarşılaşacağını öncədən bilməlidir”.

V.Oruc qeyd edir ki, hazırda ən sıx tikinti işlərinin aparıldığı ərazilərdən biri Nərimanov rayonudur:

“Bu rayonda yanaşı binalar var. Onlarda hazırda tikinti işləri gedir. Biri də sırf yataqxana tipində binadır. Yəni girişdən mərtəbələrin birinə daxil olursan, bir girişdə səkkiz-on mənzilə rast gəlirsən. Bunlar daha çox yataqxana tipində olan mənzillərdir. Bir də görürsən ki, onun yanındakı başqa bir binada bir girişdə dörd-beş mənzilə rast gəlinir və giriş də yataqxana tipinə oxşamır. Bu, komfortun fərqidir.

Mərtəbədə az qonşunun olması komfort göstəricisidir. Bu binalardakı qiymətlər də fərqlənir. Həmin ərazidə iki bina arasındakı məsafə fərqi 300-500 metr ola bilər. Amma birində “mayak” səviyyəsində mənzilin bir kvadratmetrinin qiyməti üç min manatdırsa, digərində 1 800-2 000 manatdır. Ona görə də infrastruktur məsələləri müzakirə edilərkən təkcə ərazi yox, həm də binanın tipi, əhalinin hansı təbəqəsi üçün nəzərdə tutulmasını nəzərə almaq çox önəmlidir. Binanın önündə marketin və ya digər vacib ehtiyacların ödənilməsi üçün, istirahət vaxtının təmin edilməsi üçün obyektlərin olub-olmaması da çox böyük önəm kəsb edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir