Cəmiyyət

Gərək şəhərdə əlisilahlı gəzək

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Əslində, çox qəribə qövmük.

Bizi anlamaq, başa düşmək çox qəliz məsələdir.

Elə ki bir az dərinə düşüb araşdırmağa başlayırsan, görürsən ki, hər şey o qədər qarma-qarışıqdır ki, fələk belə, bundan baş aça bilməz.

Özü də bu qarışıqlıq hər şeyə aiddir. Hansı dinə-imana, qanun-qaydaya riayət etməyimiz də bəlli olmur bəzən. Adi bir şeyi deyim: adam var, ilboyu yeyib-içir, şərabı pivə ilə, onu da araqla qarışdırır, Məhərrəm ayında içmir ki, günahdır.

Yəni ya içirsən, ya da içmirsən. Ya günaha batırsan, ya da batmırsan. Yarımçıq hamiləlik olmur axı?

İndi bunu nəyə gətirirəm?

Məsələ başqalarına aid olanda, qanun deyib, adamın boğazını üzmək istəyir, özümüzə çatanda isə üstündən keçirik.

Son vaxtlar küçə heyvanları ilə bağlı hər gün neqativ xəbər alırıq.

Küçə itlərinin Azərbaycan boyunca insanlara hücumu halları dayanmadan artır. Elə bil, birjada səhmdir, yüksələn xətlə gedir. Təəssüf ki, bu hadisələr zamanı həyatını itirən uşaqlar da az deyil.

İki gündür ki, küçə itinin hücumundan xəstəxanalıq olan uşağın quduzluğa yoluxması barədə videogörüntülər sosial şəbəkələri çalxalayır. Videogörüntülərdə uşağın qeyri-adekvat davranışı cəmiyyətdə qorxu və təlaş hissi yaratdı. Sonra məlum oldu ki, uşaq quduzluğa yoluxmayıb, xəstəxanada müalicəsini alır, hər şey qaydasındadır.

Quduzluq nədir?

Əgər adam itin və ya hər hansı başqa bir heyvanın hücumuna məruz qalıbsa, heyvan adamı dişləyibsə, heyvanda quduzluq xəstəliyi varsa, deməli, həmin adam quduzluğa yoluxa bilər.

Qısaca məlumat verim ki, quduzluq (latınca “hydrophobia”, “lyssa” – sudanqorxma) öldürür! Vaxtında peyvənd vurulmadığı halda qısa zaman ərzində infeksiya beyinə, mərkəzi sinir sisteminə çatır. Daha sonra tənəffüs və udma əzələlərinin qıc olması, ağız suyunun axması və tər ifrazının artması müşahidə olunur.

Xəstədə qorxu, dəhşət, həyəcan hissi çoxalır, qidadan imtina, yuxusuzluq baş qaldırır… Və faciəli sonluq. Bəzən isə insanlar quduzluğa yoluxmadan, heyvanın hücumundan yaşadıqları qorxu və həyəcandan həyatlarını itirirlər.

Yəni Allah göstərməsin, əgər bir kəsi it qapdısa, mütləq və mütləq həkimə müraciət etmək lazımdır. Bir daha qeyd edirəm ki, həmin adam peyvəndlənməlidir.

Bu belə.

İndi keçək əsas məsələyə.

Bakıda elə bir ərazi, rayon yoxdur ki, orada sahibsiz küçə itləri olmasın.

Bu itlərin isə nə vaxt adamlara hücum edəcəyi bəxt və an məsələsidir. Tuta da bilər, tutmaya da.

Bəs dövlət siyasəti bu barədə nə deyir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında aşağıdakılar deyilir:

10.1. Sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

10.2. Sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir.

10.3. Tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanılmalıdır.

10.4. Ev heyvanlarının sayının planlaşdırılmamış artımı sterilləşdirilmə (axtalama) vasitəsilə azaldılmalıdır.

10.5. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilirlər.

Qanunda hər şeyin aydın yazılmasına rəğmən, real həyatda vəziyyət xeyli fərqlidir.

Çünki əgər yerli icra hakimiyyəti orqanları hansısa müvafiq işi həyata keçirsəydilər, yəqin ki, küçələrdə bu qədər sahibsiz it olmazdı. Bu qədər hücum və qapma halı da yaşanmazdı. Görünən isə odur ki, sterilləşdirilmə (axtalama) ümumiyyətlə aparılmır. Arada iki-üç köpəyin qulağına “çip” keçirib atırlar mərkəzi küçələrə. Bununla da hesabat, kitab-dəftər bağlanır. İndi hər köpəyin sterilləşdirilməsi (axtalama) üçün nə qədər məbləğ silinir, bunu da ancaq özləri bilirlər.

İkinci məsələ. Sosial şəbəkələrdə yayılan videolarda görürük ki, küçə itlərindən “müdafiə”ni ancaq sıravi vətəndaşlar həyata keçirirlər. Kimin əlinə nə keçdi – daşdan, ağacdan – atır itə, qaçıb gedir.

Yaxud bəxti gətirsə, ətrafında daha iki-üç nəfər olsa, yardımlaşıb bir yerdə küçə itlərinin hücumunu dəf edə biləcəklər. Əks halda, zavallı adam qalacaq bir sürü küçə itinin ağzında.

Belə məlum olur ki, küçə itlərinin insanlara hücumu ilə bağlı heç kim məsuliyyət daşımır. İndi biz nə edək? Axşam gəzintiyə çıxanda əlimizdə silahla gəzək? Bizə hücum edəndə itləri vuraq?

Yoxsa humanizm düşüncəsindən çıxış edərək özümüzü və uşaqlarımızı küçə itlərinə yem edək?

Necə davranaq? Yəni ölkənin paytaxtında, bir az kənarda – Masazırda, Sumqayıtda – insanlar küçəyə çıxmasınlarmı? Şəhəri itlərəmi təhvil verək?

Bəs müvafiq orqanlar nə vaxt addım atacaqlar?

İtlərin sayı insanlardan daha çox olandamı?

Quduzluq və infeksiya yayan itlər sürü halında şəhər küçələrində sakinlərə meydan oxuyandamı?

Yəni nəyi gözləyirlər?

Adətən, dövlət qurumları bədbəxt bir hadisə gözləyir ki, kimsə həyatını itirsin, kimsə balasını dəfn eləsin, prezidentə müraciət olunsun, ondan sonra hərəkətə keçsinlər.

Məsələn, keçən il Qubada itin hücumuna məruz qalan 13 yaşlı qız vəfat etdi. Küçə itləri həyətə daxil olaraq qıza hücum etdilər, o da bir neçə gündən sonra, həkimlərin qənaətinə görə, qorxudan həyatını itirdi.

Təbii ki, heç bir məmurun balası itin hücumuna məruz qalmadığı üçün (heç Allah göstərməsin) onların belə bir təhlükədən xəbəri yoxdur. Qara camaat da özü öz başına çarə tapsın.

Amma sabah hərə əlinə bir ov tüfəngi götürüb küçə itlərini öldürəndə heyvansevərlər də hay-küy salmasınlar.

Hay-küyü indi salsınlar. Müvafiq orqanlardan küçə itləri ilə bağlı aparmalı olduqları işləri tələb etsinlər. Sterilləşdirmə (axtalama) sayının çoxaldılmasını tələb etsinlər. Sığınacaqların sayını çoxaltsınlar. Əvvəl-axır, nəsə etmək lazımdır. Yoxsa bir gün hər birimiz bir köpəyə yem olacağıq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir