Cəmiyyət

Ermənistanın törətdiyi ekoloji fəlakət – Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsləri rezonans verib – RƏY

Sharing is caring!


“Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın hava və suyu çirkləndirməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətdə məqsəd aparıcı beynəlxalq təşkilatlar və beynəlxalq birliyin diqqətini Ermənistanın dağ-mədən sənayesinin fəaliyyətinin regional ekosistemə ağır mənfi nəticələrinə, həmçinin bütövlükdə qlobal səviyyədə ətraf mühitə vurduğu ziyanı diqqət mərkəzinə gətirməkdir.

Regional kontekstdə Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsləri rezonans verib və problem artıq aktuallaşıb”.

Bu fikirləri “Report”a açıqlamasında adıçəkilən müraciəti imzalayanlar arasında olan “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, ciddi sübutlara, beynəlxalq akkreditasiyalı xarici şirkətlərin apardığı monitorinq və ekspertizanın nəticələrinə baxmayaraq, Ermənistanın dağ-mədən müəssisələrinin ətraf mühitə dağıdıcı təsirinə beynəlxalq təşkilatlar və beynəlxalq birlik səssiz qalır, yaxud bu problemlərə lazımi qədər diqqət ayırmırlar:

“Ermənistanın dağ-mədən müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları, bütün transsərhəd suları çirkləndirir, qonşu ölkələrin də əhalisinin insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq örtüyünə təhlükə yaradır. Bu müəssisələr qeyri-şəffaf fəaliyyət göstərirlər, hesabatlı deyillər və ətraf mühit üçün yaranmış riskləri gizlədirlər”.

QHT rəhbəri bildirib ki, həmin müəssisələrin tullantıları ilə Araz çayı çirkləndirilir, içməli su təchizatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır:

“Bu vəziyyət həm Azərbaycan, həm də Ermənistan əhalisinin sağlamlığı ilə bağlı böhran yarada bilər. Ermənistan BMT konvensiyalarını pozur, ətraf mühitin qorunması ilə bağlı müəyyənləşmiş öhdəliklərə əməl etmir. Məhz bu baxımdan Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Komissiyası, Avropa Şurası, Avropa Parlamenti, Ümumdünya Vəhşi Təbiət Fondu (WWF), Qlobal Ətraf Mühit Fondu (GEF) “Friends of Earth” təşkilatı, İnsan Hüquqları Təşəbbüsü Birliyi (CHRI), “Green peace” təşkilatı Ermənistanın cavabdehliyini vurğulamamaqla məsuliyyəti bölüşürlər”.

“Azərbaycan vətəndaş cəmiyyəti hələ gec olmadan bu təşkilatları öz təsir imkanlarından, səlahiyyətlərindən istifadə edərək ekoloji fəlakətin qarşısını almaqda məsuliyyətli davranmağa çağırır. Bu, ümumilikdə qlobal miqyasda da əhəmiyyətə malikdir. Azərbaycan vətəndaş cəmiyyəti bu miqyasda problemə dəlil və sübutları vurğulamaqla adekvat reaksiya verilməsinə nail olmağa çalışır. Artıq ilk nəticələr var, Ermənistanda dağ-mədən müəssisələri reaksiya verir, siyasətçilər açıqlamalar verir, Gürcüstanda bu məsələlər ətrafında müzakirələr başlayıb. Regional kontekstdə Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsləri rezonans verib və problem artıq aktuallaşıb. Düşünürəm ki, israrlı səylərimizlə qısa zamanda beynəlxalq diqqət və təsirə də nail olacağıq”, – deyə Zaur İbrahimli əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir