Cəmiyyət

Nəqliyyat sektoruna tələbat daha da artır

Sharing is caring!

Əlverişli coğrafi mövqedə yerləşən, mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi tanınır. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir. Bütün bunlar onu deməyə əsas verir ki, artıq nəqliyyat-logistika aspektlərində Azərbaycan regionun mərkəzi qovşağına çevrilib. Ölkəmizin ərazisindən keçən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün real imkanlar yaradır. 

Beynəlxalq yol-nəqliyyat sistemi ilə yanaşı, respublikadaxili, magistral, həm şəhərlərarası, həm də kənd yollarının tikintisi, təmiri geniş vüsət alıb. Ölkə iqtisadiyyatının, o cümlədən nəqliyyat sisteminin inkişaf konsepsiyası Cənab İlham Əliyevin rəhbərliyi altında daha da təkmilləşərək uğurla davam etdirilir və bu sahədə aparılan ardıcıl islahatlar ölkənin nəqliyyat sektorunu da ən perspektivli sahələrdən birinə çevirib. Bütün növ nəqliyyat infrastrukturlarının etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülüb, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə nail olunub.

Cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə cənab Prezident İlham Əliyev çıxışında bir daha Azərbaycanın nəqliyyat imkanlarına toxunaraq bildirmişdir: “Biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu demək olar ki, əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik. Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir.”

Çıxışında nəqliyyat imkanlarımızın ölkənin hüdudlarından kənara çıxdığını bildirən dövlət başçısı Qara dənizdə üç böyük tanker alındığını və tankerlərə “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adlarının verildiyini qeyd etmişdir. Dövlət başçısı həmçinin, Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalı olduğumuzu bildirərək qey etmişdir: “Bizim gəmiqayırma zavodumuz mövcud daşıma imkanlarımıza hesablanmışdır. Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var – həm bizim, həm də ki, qonşu ölkələrin. Beləliklə, istisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik.”

Bir sözlə, cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir ki, həyata keçirilən layihələr öz nəticəsini verir. Respublikamızın bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirmişdir. Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə qarşıya qoyulan hədəflərə uyğun olaraq ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb.

Qadir Əzizov,

4 nömrəli Yol Yaşıllaşdırma MMC-nin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir