Cəmiyyət

Qərbi Azərbaycan Xronikası: “Tarixi torpaqlarımıza qayıtmaq bizim təbii hüququmuzdur” – VİDEO

Sharing is caring!


Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, fəlsəfə doktoru Alqış Həsənoğlu olub. O, doğulub boya-başa çatdığı, yeniyetmə və gənclik illərini yaşadığı Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndindən söhbət açıb.

Qərbi Azərbaycanda strateji əhəmiyyət daşıyan bu yaşayış məntəqəsinin yaranması, tarixi, inkişaf dövrü barədə danışan A.Həsənoğlu vurğulayıb ki, tarixin bütün dövrlərində Nüvədi Azərbaycan türklərinin yaşayıb-yaratdığı məskən olub:

“1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulanda da Nüvədi Azərbaycanın tərkibində, azərbaycanlıların yaşadığı kənd, yaşayış məntəqəsi olub.1926-1929-cu illərdə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olan Levon Mirzoyan bu strateji Azərbaycan kəndini Ermənistana bağışlayıb. Beləliklə də, Nüvədi Azərbaycanın Zəngilan rayonundan ayrılaraq Ermənistanın Meğri rayonunun tərkibinə qatılıb. Lakin 1969-cu ilə qədər Ermənistan parlamenti bu barədə sənədi təsdiqləməyib. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişindən az öncə ermənilər bu sənədi parlamentdə təsdiqləyərək, bu saxtakarlığa, özününküləşdirməyə hüquqi don geyindiriblər”.

Nüvədi sakinlərinin üzləşdiyi faciələrdən söhbət açan Əməkdar jurnalist bildirib ki, nüvədililər ötən əsrdə üç dəfə erməni işğalına məruz qalıblar:

“Nüvədi kəndi 1905, 1918 və 1991-ci illərdə erməni daşnaklarının işğalına, talanına məruz qalıb. Ötən əsrin əvvəlində baş vermiş iki işğal zamanı Qərbi Azərbaycanın bütün yaşayış məntəqələrində olduğu kimi, Nüvədidə də soydaşlarımız talana, təqibə, qətliama məruz qalıblar. 1988-ci il deportasiyası zamanı isə nüvədililər 3 il müqavimət göstərdilər, doğma kəndlərini tərk etmək istəmədiklərini nümayiş etdirdilər, son ana qədər mübarizə apardılar. Qərbi Azərbaycanın demək olar ki, bütün yaşayış məskənlərindən azərbaycanlılar deportasiya olunmuşdu. Yalnız Nüvədidə kənd sakinləri arasında olan birlik, ruh yüksəkliyi, mübarizə əzmi ermənilərə qarşı dirəniş bu yaşayış məntəqəsinin də boşaldılmasının qarşısını alırdı. Ermənilərlə münasibətləri tənzimləyən rus əsgərləri Nüvədi sakinlərinin öz kəndlərini tərk etmədiklərini görüb məqsədli şəkildə xidmət yerlərini dəyişdilər, əhalini tamam müdafiəsiz qoydular. Belə reallıqda mənəvi ruh yüksəkliyi ilə bir yerə qədər mübarizə aparmaq olur. O dövrdə Azərbaycan rəhbərliyi tərəfindən bizlərə hər hansı hərbi, siyasi, mənəvi dəstək göstərilmədiyindən kənd camaatını qırğına verməmək üçün 1991-ci ildə Nüvədini tərk etmək məcburiyyətində qaldıq. Beləliklə Qərbi Azərbaycanda sonuncu yaşayış məntəqəsi də boşaldı, ermənilərin əlinə keçdi. Halbuki hərbi dəstək olsaydı, o dövrdə Nüvədi kimi alınmaz qalanı sonuna qədər müdafiə etmək, qorumaq olardı”.

O, doğma kəndinin bütün evlərini, küçələrini, sakinlərini indi də xatırladığını, daim gözləri önündə canlandırdığını dilə gətirib:

“Nüvədililər ötən əsrin sonunda iki dəfə faciə yaşayıblar. Ötən əsrin sonunda nüvədililərin taleyində ikiqat faciə yaşanıb. 1991-ci ildə Nüvədini tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrildik, Zəngilan rayonunun Vejnəli kəndində məskunlaşdıq. 1993-cü ildə Ermənistan silahlı birləşmələrinin Vejnəli kəndini işğal etməsi nəticəsində isə məcburi köçkünə çevrildik. Şükürlər olsun ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz işğal altında qalan torpaqlarımızı azad etdilər. Qısa müddətdə həyata keçirilən tikinti-quraşdırma işlərinin nəticəsidir ki, artıq məcburi köçkünlər hissə-hissə öz doğma torpaqlarına qayıdır, öz evlərində məskunlaşırlar. Nüvədililər də eynən bu cür doğma kəndlərinə qayıtmaq ümidi ilə yaşayırlar. Çünki tarixi torpaqlarımıza qayıtmaq bizim təbii hüququmuzdur. Bu gün Azərbaycan dövləti güclüdür, qüdrətlidir və qarşısına qoyduğu bütün hədəflərə çatır. Möhtərəm Prezident İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının yeni binasında bir qrup ziyalı ilə görüşməsi, orada səsləndirdiyi fikirlər yeni bir tariximizin təvəllüd günüdür. Biz tarixi torpaqlarımıza qayıdış uğrunda mübarizənin tamamilə yeni mərhələsinə qədəm qoymuşuq. İnanıram ki, dövlət başçımızın böyük inamla səsləndirdiyi fikirlər gerçəkliyə çevriləcək, keçmiş məcburi köçkünlər kimi bütün Qərbi Azərbaycan sakinləri, o cümlədən biz nüvədililər də öz doğma kəndimizə qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir