Cəmiyyət

Heydər Əliyev və ana dilimiz

Sharing is caring!

Milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında ana dilimizin rolu böyükdür. Dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələləri keçərək onunla eyni taleyi yaşayıb müasir dövrə gəlib çatan ən böyük mənəvi sərvətlərimizdəndir. Dilimizin keçdiyi çətin dövrlərdən biri də SSRİ dövrü idi. SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması üçün daha ciddi tədbirlər görülməyə başladı. O dövrün çətinliklərinə baxmayaraq öz xalqını, millətini böyük məhəbbətlə sevən ümumilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərində ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparmağa başladı. Ulu öndər məqsədinə çatmaq üçün Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddənin salınmasına çalışırdı.

Heydər Əliyev ziyalıları da mübarizəyə cəlb edərək bu prosesi daha da gücləndirdi. SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihəsi dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Kommunist ideologiyasının hökmranlıq etdiyi o dövrdə əhalinin iştirakı ilə keçirilən müzakirələr formal xarakter daşıyırdı. Buna baxmayaraq, milli ruhlu ziyalılar layihəyə Azərbaycan dilinin salınmamasından narazılıqlarını bildirmişdilər. Yenə də respublikamızın rəhbəri Heydər Əliyev həyatını riskə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı.

Ulu Öndər Heydər Əliyev şəxsən özü Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirmişdir. Hələ Kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə ulu öndər deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. O, Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. 2001-ci ilin iyunun 18-də böyük dahi şəxsiyyət “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Həmin il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman – “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzalandı.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Ana dilimizə göstərilən bu qayğı və dövlət başçımızın fədakarlığı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inam artır və müstəqillik düşüncələri daha da güclənirdi. Azərbaycan dilinin inkişafı isə daim diqqət mərkəzində saxlanılırdı.

Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək mümkün deyil. Çünki ulu öndərimiz kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, məmləkətin, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır.

Həsənxan Qasımov,

Cəlilabad rayon Su-kanal sahəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir