Cəmiyyət

Xaçmazlı müharibə veteranı 1941-45-ci illəri niyə xatırlamaq istəmir? – FOTO

Sharing is caring!


İkinci Dünya müharibəsinin 78-ci ildönümü günündə o dəhşətli illəri yaşamış, bu qələbədə xüsusi xidmətləri olan 100 yaşlı veteranla söhbətləşəcəyik. Belə veteranlardan indi ölkədə çox az qalıb.

Müsahibimiz sovet xalqının alman faşizmi üzərində tarixi qələbəsinə öz töhfəsini vermiş və bir əsr yaşamış veteran Məhəmməd Məmmədovdur.

Xaçmaz rayonunun cəbhəyə getmiş minlərlə cəsur oğlundan yeganə sağ qalan Məhəmməd kişi rayonun Aşağı Zeyid kəndində yaşayır. Məhəmməd Məmmədov 1942-ci ildə, 19 yaşı olanda Azərbaycandan müharibəyə yollanıb və Gürcüstandakı çağırış məntəqəsindən cəbhəyə yola düşüb.

Danışır ki, əsasən, 416-cı Taqanroq diviziyasının tərkibində vuruşub. Mozdok və Mozdokətrafı döyüşlərdə fəal iştirak edib.

Məhəmməd kişi söhbətində o qanlı-qadalı illəri xatırlamaq istəmir. Həm ailə üzvlərinə, həm də onu görməyə gələn hər kəsə yalnız bugünkü xoş güzəranımızın qədrini bilməyi tövsiyə edir.

Bu, bəlkə də, ondan irəli gəlir ki, müharibənin dəhşətlərini gənc yaşlarında yaşayıb, qanın su yerinə axdığını öz gözləri ilə görüb.

Məhəmməd Məmmədov Bizim.Media vasitəsi ilə 9 May Qələbə Günündə hamıya sağlamlıq və gözəl həyat arzulayıb.

100 illik tarixin şahidi olan ağsaqqal böyük bir ailənin başçısıdır. Yeddi övlad – iki oğlan, beş qız böyüdən Məhəmməd kişinin uşaqları da artıq nənə-babadırlar.

Öyrəndik ki, Məmmədovlar ailəsinin 23 nəvəsi, 76 nəticəsi və iki kötücəsi var. Məhəmməd kişi ailəsi o vaxt doğum haqqında şəhadətnaməni gec aldığından dəqiq doğum tarixini xatırlamır. Ad gününü faşizm üzərində qələbə tarixində – mayın 9-da keçirməyi xoşlayır:

“O qələbə olmasaydı, mən geri qayıtmazdım. O qələbə günü bizi evlərimizə qaytardı”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir