Cəmiyyət

Bakıda Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın açılışı olub – FOTO

Sharing is caring!


Aprelin 28-də Bakıda Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Oftamologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev tədbirdə çıxış edərək tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın şərəfli həyat yolu keçdiyini, elm fədaisi kimi oftalmologiyanın, ümumilikdə, tibb elminin inkişafında əvəzsiz rol oynadığını söyləyib. Bildirib ki, Zərifə Əliyeva elmdə heç vaxt asan yol axtarmayıb, həmişə keçilməmiş yollarla gedib, yeni cığırlar salıb, elmi araşdırmaları üçün praktiki əhəmiyyət daşıyan aktual mövzular seçib. Onun namizədlik dissertasiyasının həsr olunduğu traxoma xəstəliyi də, doktorluq dissertasiyasının mövzusu olan peşə fəaliyyəti ilə bağlı göz xəstəlikləri də həmin dövrdə həllini tələb edən ciddi problemlər idi. Zərifə xanımın tədqiqatları bu çətinliklərin həllinə vəsilə oldu. Elmi tədqiqatlar zamanı Zərifə xanım araşdırdığı xəstəliyin yayıldığı bölgələri gəzir, yerlərdə müayinələr aparırdı. Peşəkar fəaliyyətlə bağlı görmə problemlərini öyrənmək üçün dünyada sənaye müəssisəsində təşkil olunan ilk elmi-tədqiqat laboratoriyasını yaradıb, müxtəlif maddələrin gözə təsirini kimya sənayesi işçilərinin iş yerində araşdırıb.

Nazir qeyd edib ki, Zərifə xanımın təkcə bu xəstəliklər üzrə deyil, qlaukoma, gözün travmaları, virus zədələnmələri, bədxassəli şişləri, göz yaşı yolu xəstəlikləri və digər problemləri əhatə edən ümumilikdə 200-ə qədər monoqrafiya, məqalə və məruzələri həm ölkəmizdə təbabət elminin, həm də bütünlükdə dünya oftalmologiyasının inkişafına dəyərli töhfələr idi. Məhz buna görə o, elm qarşısında böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adı ilə təltif olunub, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Teymur Musayev diqqətə çatdırıb ki, Zərifə xanımın xoşbəxt ailə həyatı onun peşə uğurları qazanmasında, özünü elmin inkişafına həsr etməsində əlavə qüvvətverici amil idi. Ulu öndər Heydər Əliyev Zərifə xanıma onun peşəkar fəaliyyətində həmişə mənəvi dəstək olurdu. Ümummilli lider Zərifə xanımı həmişə bir şəxsiyyət kimi yüksək dəyərləndirir, ailənin onun elmi fəaliyyətinə mane olmaması üçün lazımi şərait yaradır, elmi ekspedisiyalarını, ezamiyyətlərini anlayışla qarşılayırdı. Məhz bu anlayış, bu dəstək Zərifə xanıma elmi və pedaqoji fəaliyyətində özünü reallaşdırmasında köməkçi olmuşdu. Zərifə xanımın ailə həyatı indiki və gələcək nəsillər üçün hər cəhətdən nümunədir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov, AMEA-nın prezidenti İsa Həbibbəyli, Rusiya Tibb Elmləri Akademiyasının professoru, tibb elmləri doktoru Alevtina Brovkina, Rusiya Tibb Elmləri Akademiyasının üzvü, akademik Larisa Moşetova, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin fəxri sədri Sunay Duman akademikin işinə sevgi ilə yanaşmasından, ölkəsində oftalmologiyanın inkişafı üçün gördüyü işlərdən söz açıblar.

Sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti haqqında videotəqdimat olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir