Cəmiyyət

“Qaçqınkom”dan “Qobu Park-2”də baş verən torpaq sürüşməsi ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) “Qobu Park-2” yaşayış kompleksində 22 saylı binanın yaxınlığında baş verən torpaq sürüşməsi ilə bağlı məsələyə münasibət bildirib. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, intensiv yağan yağışlar nəticəsində torpaq səthinin yumşalması müşahidə olunan ərazi “Qobu Park-2” yaşayış kompleksində yerləşən 22-ci binadan kifayət qədər uzaqda yerləşir.

Qeyd edilib ki, torpaq səthinin yumşalması müşahidə olunan ərazi “Qobu Park-2” yaşayış kompleksinin sakinləri üçün heç bir təhlükə yaratmır.

14:00

Qaradağ rayonu “Qobu Park-2” yaşayış kompleksində 22 saylı binanın sakinləri təhlükə ilə üz-üzədirlər.

Bu barədə Oxu.Az-a həmin binanın sakinləri məlumat veriblər.

Bildirilib ki, binanın arxa tərəfində torpaq sürüşür:

“Binanın arxa tərəfində torpaq sürüşməsi baş verir. Lakin heç bir aidiyyəti qurum maraqlanmır”.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı “Qobu Park-2” yaşayış kompleksinin tikintisini həyata keçirən podratçı şirkət – “Kristal Abşeron”la əlaqə saxlayıb. “Kristal Abşeron”dan verilən məlumata görə, sürüşmənin yaşayış kompleksinə aidiyyəti yoxdur:

“Sürüşmə yolun digər tərəfindədir. Sürüşmənin “Qobu Park-2”yə, ümumiyyətlə, bizə aidiyyəti yoxdur”.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən açıqlamaya görə, istismarda olan bina kimi balanssaxlayıcıya təhvil verilib:

“İstismarda olan binadır. O, artıq balanssaxlayıcıya təhvil verilib. Orada hər hansı bir hadisə baş versə, əgər sürüşmə, çat varsa, balanssaxlayıcıya müraciət edib, mütəxəssisləri dəvət etməlidirlər. Bina istismara təhvil verilib. Orada baş verəcək hallara balanssaxlayıcı cavabdehdir. Bizi onlar dəvət edir. Binanın dayanıqlığını və ya texniki vəziyyətini yoxlamaq üçün. Bu məsələ ilə biz özbaşına məşğul ola bilmərik”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Əlavə məlumat veriləcək”.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Qaradağ Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsa da, bu barədə heç bir açıqlama verilməyib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir