Cəmiyyət

FHN yanında İctimai şuraya seçkilərin keçirilməsi barədə elan verilib

Sharing is caring!

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçkilərin keçirilməsi barədə elan verilib.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Elanda deyilir:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarına əsasən, nazirlik yanında yeni İctimai şuraya seçkilərin keçirilməsini elan edir.

İctimai şuraya vətəndaş cəmiyyəti institutlarının seçkidə iştirak barədə müraciətləri 27 mart 2023-cü il tarixindən 25 aprel 2023-cü il tarixinədək edilə bilər.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında İctimai şurada üzvlüyə namizədlərə dair tələblər və onların qeydiyyatı qaydası.

Namizədlərə dair tələblər:

· İctimai şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, fövqəladə hallar sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər;

· hər bir vətəndaş cəmiyyəti institutu İctimai şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər;

· İctimai şurada üzvlüyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz.

Namizədin qeydiyyatı məsələsinə baxılması üçün təqdim olunmalı sənədlər:

1. İctimai şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);

2. namizədin şəxsiyyət vəsiqəsinin surəti;

3. namizədin tərcümeyi-halı;

4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti;

5. namizədin fövqəladə hallar sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) surəti.

Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.

Sənədlərin qəbulu və baxılması:

Namizədlərin qeydiyyatı məsələsinə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin əmri ilə yaradılmış seçki komissiyası tərəfindən baxılır. Qeydiyyat üçün sənədlər (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinə (ünvan: Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllə) təqdim olunmalıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir