Cəmiyyət

Dünyanın düzənini dəyişən üç qadın

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

8 Mart ərəfəsində istər-istəməz bütün diqqət və nəzərlər bəşəriyyətin zərif cinsinə tərəf yönəlir. Bu diqqət sayəsində bəlkə də, ilboyu özünü diqqətdən kənar hiss edən qadınlar belə xoş sözə layiq görülürlər. Bağışlanan bir ədəd çiçəyə görə üzləri gülür. Bir qrup qadın var ki, diqqəti və hədiyyəni kişilərdən gözləyir, digər qrup qadınlar isə hədiyyə alıb, özü və ətrafı üçün bayram keçirirlər.

Bu gün, XXI əsrdə artıq qadın ənənəvi qadın-ana-rol ifaçısı deyil. Yəni ocağı qoruyan qadın obrazını tərk edib. İndi müasir qadınlar özü ovçudur. Onlar qorxmadan şikarlarının ovuna çıxırlar. Böyük şirkətlərdə rəhbər vəzifələrdən tutmuş, ən təhlükəli peşələrə kimi fəaliyyət göstərirlər. Düzdür, dünyanın bir çox ölkələrində hələ də ənənəvi yaşam tərzinə üstünlük verən qadınlar var ki, bu da ya onların, ya da onların yaxınlarının seçimidir. Sonunda hər kəs etdiyi seçimi yaşayır. 

Necə deyirlər, xarakter insanın taleyidir. Şəxsin xarakteri nə qədər güclü, sərt, prinsipial olursa, taleyini də öz istəyinə görə korrektə edə bilir.  

Bu gün nəinki öz taleyini, hətta böyük ölkələrin taleyini dəyişən, dünyanın siyasi xəritəsini dəyişən və ya dəyişməsinə imkan verməyən qadınlardan danışmaq istərdim. 

XX əsrin ən nüfuzlu qadınlarından biri, dünya siyasi arenasında “dəmir ledi” kimi tanınan, Böyük Britaniyanın qarşısında göstərdiyi fövqəladə xidmətlərə görə kraliça tərəfindən (1992-ci ildə) baronessa titulunu alan Marqaret Tetçer haqqında yəqin ki, eşitmisiniz. O, Böyük Britaniyanın və Avropa ölkələrində ilk qadın baş nazir kimi tarixə düşüb. Qeyd etmək lazımdır ki, Marqaret həmçinin Mühafizəkarlar Partiyasının da lideri idi. Onun hakimiyyətdə olduğu 1979-1990 illər heç də rahat keçməmiş, bir sıra çalxalanmalarla müşayiət olunmuşdu. 

1981-1990-cı illərdə Böyük Britaniyada həyata keçirilən “Tetçerizm” siyasəti, ölkənin ozamankı baş naziri Marqaret Tetçerin adını daşıyırdı. “Tetçerizm” termininin mahiyyəti isə aşağıdakı komponentlərdən ibarətdir: birincisi, bu termin həyata keçirilən siyasətin ən yığcam təsviri idi, ikincisi, hökumətin arxalandığı sabit ideoloji əsası xarakterizə edirdi, üçüncüsü isə hakimiyyətdə həqiqətdə əsas sözü kimin dediyini göstərirdi. Nə qədər mühafizəkar olursan ol, bu lokomativi “dəmir ledi” irəli aparırdı. 

Yaxşı, bəs necə oldu ki adi, sıravi baqqal atanın qızı Marqaret, günlərin bir günü çoxəsrlik imperiya ənənəsinə malik Böyük Britaniyanın ilk baş nazir qadını oldu? 

İlk ondan başlayaq ki, Marqaret Oksford Universitetində təhsil hüququ qazanmışdı. O dövr üçün bu əla nəticə idi. Parlaq savad almaqla yanaşı məhz tələbəlik illərində Marqaret siyasətçi kimi formalaşmağa başlayır. O, elə Oksford Universitetinin Mühafizəkarlar Partiyasının əvvəl üzvü, sonra isə sədri seçilir. Universiteti bitirəndən sonra da siyasi fəaliyyətə davam edir. Və ən müxtəlif illərdə hökumətdə təmsil olunur. Baş nazir olduğu müddətdə isə iqtisadi reformlarla və Böyük Britaniyanın suveren ərazilərini qorumaqla yadda qalır. “Dəmir ledi”nin iqtisadi reformlarını qısa ifadə etsək aşağıdakı mənzərə alınacaq. Dövlət sektorunun ümumi özəlləşdirilməsi. ÜDM-i formalaşdıran işçilərin əməkhaqqı fondunun ciddi şəkildə azalması. Korporasiyaların vergi yükünün azaldılması. Təəssüf ki, bu tədbirlər əhalinin həyat səviyyəsinə ciddi mənfi təsir göstərdi. Vətəndaşların maddi vəziyyəti pisləşdi, lakin bu, sürətli iqtisadi artıma şərait yaratdı. Təbii ki, bu narazılıqlar fonunda ölkə miqyasında tez-tez fəhlə və işçilər tətillər keçirməyə başlayır. Bu tətillər böyüyərək cəmiyyəti çalxalayır və təbii ki, Marqaretə qarşı mənfi fikir yaradırdı. Lakin illər keçdikdən sonra insanlar bu acı dərmanın necə də vacib və lazımlı olduğunu anlayır. Bəli, “dəmir ledi”, bütün gücünü yumruğunda toplayaraq sərt qərarlar verməkdə israrlı idi.

Onun hakimiyyəti illərində ən prinsipial və sərt qərarlardan biri də Böyük Britaniyanın suveren ərazisinin qorunması idi. Belə ki, XX əsrin ikinci yarısında bir vaxtlar qüdrətli olan Britaniya İmperiyası xaricdəki ərazilərinin çoxunu itirərək imperiya kimi mövcudluğunu da itirdi. 

Və Böyük Britaniyanın başının daxili iqtisadi və siyasi proseslərə qarışdığını düşünən Argentina diktatoru Leopoldo Galtieri Böyük Britaniyaya məxsus olan Folklend adalarını ələ keçirməyi düşündü (British overseas territories). 2 aprel 1982-ci ildə İngiltərə və Argentina arasında Folklend müharibəsi başladı.

Baş nazir Marqaret Tetçerin qarşısında çox çətin seçim yaranır. Ya Argentinanın bu təcavüzünə sərt cavab verməli, ya da sülh danışıqlarına getməli idi. “Dəmir ledi” xarakterinə uyğun olaraq savaş əmrini verir və 2 may 1982-ci ildə ingilislər Argentinanın “General Belgrano” kreyserini (ARA General Belgrano) batırırlar. “Belgrano” raketlərlə deyil, baş nazir Marqaret Tetçerin şəxsi qərarı ilə İngiltərənin “Conqueror” nüvə sualtı qayığının torpedaları ilə məhv edilir. Bu addım dünya birliyi tərəfindən “aqressiya” kimi qarşılansa da, “Dəmir ledi” xuntaçılarla heç bir danışığa getmədən, bu savaşda həyatını itirən hər bir Böyük Britaniyalı hərbçisinin ailəsinə şəxsən başsağlığı məktublarını yazır. 74 günlük müharibədən sonra Böyük Britaniyadan 12000 km uzaqda yerləşən Folklend adalarını özünə qaytarılır. Bununla da “Dəmir ledi” dünya güclərinin qadın siyasətçi ilə hesablaşmalı olduğunu bir daha sübut edir. Təbii ki, “Dəmir ledi” haqqında çox danışmaq olar, lakin vaxtımız az olduğundan digər xanıma keçid alıram.

İsrailin ilk qadın baş naziri Qolda Meir.

O, 3 may 1898-ci ildə çox kasıb yəhudi ailəsində, Kiyevdə dünyaya gəlib. Qolda ömrünün son illərində xatırlayırdı ki, “yadımdadır, necə də kasıb idik. Bizdə həmişə nə yemək çatışırdı, nə isti paltar, nə də odun. Həmişə bir az donurdum və mədəm həmişə boş idi. O vaxtlar Kiyevdə mən dəqiq bilirdim ki, həyat çətindir və dünyada ədalət yoxdur”.  Kasıblıqla keçən uşaqlıq illəri daha sonra ailənin ABŞ-yə köçməsi ilə əvəzlənir. Qolda burada orta məktəb və kollec təhsili alır. Ailə qurandan sonra isə Fələstinə köçür. 

Onun siyasi karyerasına qısa nəzər yetirsək 1948-ci ilin iyununda Qolda Meir İsrailin SSRİ-dəki ilk səfiri təyin olunur, 1949-1956-cı illərdə Əmək və Sosial təhlükəsizlik naziri vəzifəsini, 1956-1966-cı illərdə isə Xarici İşlər naziri vəzifəsini icra edir. 1969-1974-cü illərdə İsrailin baş naziri vəzifəsini icra edir. 

Çox vacib qeyd, Meir 14 may 1948-ci ildə İsrailin Müstəqillik Bəyannaməsini imzalayan 38 nəfərdən biri və yeganə qadın idi. 

Baş nazir vəzifəsi dövrü az olmasına baxmayaraq Qolda bir sıra reformlara imza atır. Belə ki, bu müddət ərzində, büdcənin məcburi şəkildə böyük hissəsini müdafiə xərcləri təşkil edən bir ölkədə o, yoxsullar üçün vergiləri azaldıb (bəzi kateqoriyalar üçün onları tamamilə ləğv edərək) və sosial evlərin tikintisinə başlayır. Qolda Meir Papa VI Paul tərəfindən Vatikana dəvət edilən İsrailin ilk başçısı olur. Papa onun xidmətlərini yüksək qiymətləndirərək, üzərində “İsrailin baş nazirinə Papadan” yazılmış gümüş göyərçin hədiyyə edir. 

Bu dünya xristianlarının başçısının yəhudi bir qadına reveransı idi. Qeyd etmək lazımdır ki, Qoldanın baş nazirliyi dövrü daxili siyasi çəkişmələr kifayət qədər idi. Bunun nəticəsində o, 1973-cü il müharibəsindən sonra göstərilən təzyiqlərdən dolayı 1974-cü ildə vəzifəsindən uzaqlaşır.

Bəs 1973-cü ildə hansı müharibə baş vermişdi? Bu müharibənin iştirakçıları İsrail, digər tərəfdən isə Misir və Suriya idi. Bu müharibəyə “Qiyamət günü” müharibəsi deyilir. Oktyabrın 6-sı Misir və Suriya İsrailin Altıgünlük müharibənin gedişində ələ keçirdiyi ərazilərə daxil olur. Misir Sinaya, Suriya isə Colan yüksəkliklərinə hücum edir.  Hücum edən qoşun say tərkibinə görə NATO-nun Avropadakı qüvvələrinə bərabər olduğu söylənilir.  Bu müharibə ərzində 2500 nəfər yəhudi həyatını itirir. Bu hadisə Qolda üçün şəxsi faciəyə çevrilir. Çünki o, bu hadisəni İsrail kəşfiyyatının səhvi, generalların səriştəsizliyi kimi deyil, öz səhvi kimi dəyərləndirir. Üç gün ərzindən İsrail silahlı qüvvələri toparlanaraq Qoldanın hakimiyyəti altında itirilmiş əraziləri geri qaytara bilir. Lakin bu müharibənin qələbəsi çox böyük qurbanlarla ödənilmişdi. 

Müharibə ərzində Qoldanın gücü və özünəəminliyi bütün İsrail xalqını və dövlətini xilas edir. O heç nəyi nəzərə almadan, bütün protokol qaydalarını pozaraq gecəyarı ABŞ-nin dövlət katibi Henri Kissengerə zəng edərək ondan kömək istəyir. Qolda tələbkarlığı sayəsində hərbi köməyi əldə edə bilir.

Qoldanın prinsipiallığı bununla bitmir. Qoldanın sərt və qırılmaz prinsipiallığı bütün dünyanı İsrail xalqına hörmət etməyə və onunla hesablaşmağa vadar edir. Belə ki, 1972-ci il hadisələrindən sonra, Münhendə keçirilən Olimpiya Oyunları zamanı ərəb terrorçuları bir neçə israilli idmançı və məşqçini əsir götürərək öldürəndə Qolda Meir İsrailin xüsusi xidmət orqanlarına harada olurlarsa olsunlar, terror aktının bütün təşkilatçılarını və icraçılarını tapıb öldürməyi əmr edir. Bu fenomenal addım nə qədər qəddar olsa da, bir o qədər də miqyaslı idi. Qolda bu addımı ilə heç bir israillinin qanının yerdə qalmayacağı barədə bütün dünyaya bəyanat verdi. Həm də əməliyyatın məqsədi təkcə qisas almaq deyildi. Bu, gələcək terror aktlarının qarşısını almaq idi.

Qolda bu gün də dünyanın ən nüfuzlu qadınları sırasında ən ön yerlərdədir. Onun “İsrail güclü olmasa, sülh olmayacaq” ifadəsi ölümsüzdür. 

Üçüncü danışmaq istədiyim qadın da baş nazir olub. Şərqdə və müsəlman dünyasında ilk baş nazir Benazir Bhutto. 

Benazir Bhutto xatirələrində yazır: “Bu həyatı mən yox, o məni seçdi”. Onu seçən həyat İslam ölkəsində presedenti olmayan hal idi. Onun siyasi arenada parlaması, siyasi karyerası fantastik olduğu kimi, bunun əvəzi də onun ölümü ilə bərabərləşir.

Görünür Şərqdə qadın baş nazir olmaq, Qərbdən fərqli olaraq daha baha ödəniş istəyir. Əvvəlki iki baş nazir qadın siyasi və iqtisadi narazılıq zəminində hakimiyyətdən getsələr də, Pakistanın qadın baş naziri siyasi karyerasını ölümü ilə tamamlayır. Belə ki, mitinqlərin birində 2007-ci ildə 15 yaşlı kamikadze Benaziri öldürür. 

İndi isə Benazirin həyat hekayəsinin əvvəlinə qayıdaq. Əvvəlki iki baş nazir qadından fərqli olaraq Benazir Bhutto 21 iyun 1953-cü ildə Karaçidə qədim soykökünə malik (aristocrat) varlı ailədə anadan olub.  Onun atası – Zülfikar Əli Bhutto 1971-1973-ci illərdə Pakistanın prezidenti və 1973-1977-ci illərdə Pakistanın baş naziri vəzifəsində çalışıb. 1979-cu ildə isə edam edilib. 

Benazirin təhsili kifayət qədər mükəmməl idi. Belə ki, Benazir Bhutto 1989-cu ildə Harvard Universitetinin (ABŞ) Radcliffe Kollecini və Oksford Universitetinin Ledi Marqaret Kollecini (Böyük Britaniya) bitirmiş, siyasət, fəlsəfə və iqtisadiyyat üzrə təhsil almışdı. Bir müsəlman və şərq qadını üçün bu olduqca böyük nəticə idi.

Təsəvvür edin ki, 12 yaşında anası tərəfindən çadra örtməsinə məcbur edilən qız, buna qarşı çıxır, çadra geyinməkdən imtina edir. 

Yalnız atasının dəstəyi nəticəsində çadradan canını qurtara bilir. Atası bunun məcburi olunmasına qarşı çıxaraq, “qızım yalnız öz arzusu olduğu halda çadraya bürünə bilər” deyərək ona dəstək olur. Bu dəstək görünür ki, Benazirin həyatında böyük rol oynamışdı. Çünki siyasi karyerası boyunca dəfələrlə sui-qəsdlərə məruz qalaraq, həbs olunaraq mübarizəsinə davam edən bu güclü qadın KİV-də çox zaman “Şərqin dəmir Ledisi” də adlandırılırdı. Həyatının müəyyən hissələrini ölkəsindən kənarda keçirməsinə, siyasi və fiziki təzyiqlərə məruz qalmasına baxmayaraq Benazir sürgün olduğu vaxtlarda belə siyasi fəaliyyətinə davam etmiş, mübarizədən çəkilməmişdi.

Bu gün belə pakistanlılardan eşidə bilərsiniz ki, əgər kişi Benazir Bhuttonun xüsusiyyətlərinə malik olsaydı, hamı ona cəsarətinə, qətiyyətinə və döyüş qabiliyyətinə görə hörmət edərdi. Amma qadının belə davranması dəlilikdir.

İslam ölkəsinin ilk qadın baş naziri olan Benazir bu vəzifəni iki dəfə – səksəninci illərin sonu (1988-1990) və 90-cı illərin ortalarında (1993-1996) tutmağı bacarıb. Birinci hakimiyyət dövründə 1988-ci ildə özü baş nazir, əri maliyyə naziri olur. Hakimiyyətin sonunda onu korrupsiyada ittiham edirlər. Böyük qalmaqal yaranır və Benazir istefa verir.

1993-cü ildə yenidən hökumətə başçılıq etdiyi dövrdə Benazir bir sıra genişmiqyaslı islahatlara imza atır. O, neft yataqlarını milliləşdirir və sosial proqramların həyata keçirilməsi üçün maliyyə ayırır. Onun apardığı islahatlar nəticəsində ölkə əhalisi arasında savadsızlıq üçdə bir azaldılmış, poliomielit xəstəliyinə son qoyulmuş, yoxsul kənd və qəsəbələrə elektrik enerjisi və içməli su verilmişdi. Bundan əlavə, o, pulsuz səhiyyə və təhsil yaratmış və onlara kifayət qədər maliyyə ayırmışdı. Onun hakimiyyəti dövründə xarici investisiyaların həcmi dəfələrlə artmış, Pakistanda iqtisadi inkişaf tempi qonşu Hindistandan yüksək olmuşdu. Heç də təsadüfi deyil ki, Pakistanda Benazirə “Millətin anası” kimi də müraciət olunur.

Onun kifayət qədər güclü və prinsipial olması xarici siyasətdə də özünü büruzə verirdi. Xarici siyasət üzrə Benazir Bhutto müstəqillik nümayiş etdirir, nüvə silahı proqramını maliyyələşdirməyə davam edirdi.

Qeyd edim ki, rəsmi olaraq Pakistanın nüvə dövləti kimi tarixi 28 may 1998-ci ildə Çaqay şəhəri yaxınlığında ilk nüvə sınaqlarının keçirildiyi vaxtdan hesablanır. 

Dünya tarixində kifayət qədər yeri olan Benazir fəaliyyəti dövründə bir sıra mükafatlara da layiq görülüb. Buna misal olaraq 1996-cı ildə o, ilin ən məşhur beynəlxalq siyasətçisi kimi Ginnesin Rekordlar Kitabına düşür, Oksford Universitetinin fəxri doktoru, Fransanın Fəxri Legionu və bir çox başqa mükafatlara layiq görülür.

Bu qələbənin, fantastik nailiyyətin parlaq üzü olduğu kimi, qaranlıq tərəfi də var idi. Dəfələrlə sui-qəsd ilə üzləşən müsəlman baş nazir qadının düşmənləri də çox idi. Minlərlə islamçı ona nifrət edirdi və terrorçu Üsamə bin Laden hətta onun başına 10 milyon dollar mükafat qoymuşdu. Və nə təəssüf ki, sonda terrorçular qazandı. Şərqin parlaq ulduzu söndü. 

Bhutto öz nümunəsində müsəlman qadınların yolunu hakimiyyətə açdı. Karyerasının zirvəsinə çatdıqda dünyanın ən güclü qadınlarından birinə çevrildi. Və eyni zamanda, bütün dünyaya sübut etdi ki, müsəlman qadının fikri nəinki önəmlidir, hətta dünya gücləri tərəfindən nəzərə alınmalıdır.

Haqqında danışdığım hər üç qadın öz xalqının və dövlətinin tarixində istisna izlər qoyub. Hər üçü hakimiyyətə gedən yolda da, hakimiyyətdə olduğu təqdirdə də çətinliklər, basqılar, təzyiqlərlə üzləşib. Amma heç biri öz məqsədindən geri dönməyib. Sonuncu Benazir Bhutto isə məqsədi uğrunda canından belə keçməyi gözə alıb.

Bu gözəl və olduqca küləkli yaz günündə hər bir azərbaycanlı qadına can sağlığı, uzun ömür və möhkəm xarakter arzu edirəm. Çünki xarakter taleyimizdir. Bayramımız mübarək!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir