Cəmiyyət

Yüzyarpaqlı simtalapis, baranka şirniyyatı: Litvadakı Kaziukas yarmarkasından – REPORTAJ + FOTO

Sharing is caring!

Vilnüsün mərkəzində ənənəvi Kaziukas yarmarkası başlayıb. Müqəddəs Kazimirin adı ilə bağlı olan və onu yad etmək üçün təşkil edilən yarmarka hər il Müqəddəs Kazimir Gününə (4 Mart) ən yaxın həftəsonunda keçirilir. 2023-cü ildə isə bu tarix martın 3-5-nə təsadüf edib.

1458-1484-cü illərdə yaşamış Litvanın böyük hersoqu Kazimir XVII əsrin birinci yarısında kanonlaşdırıldıqdan (müqəddəslik mərtəbəsinə yüksəlmə) sonra Vilnüsdə Müqəddəs Kazimir kilsəsinin tikintisinə başlanılır və 1614-cü ildə Vilnüsün ilk və ən qədim barok kilsəsinin tikintisi başa çatır. Elə həmin vaxtdan Kazimirin həyatını itirdiyi martın 4-ü Müqəddəs Kazimir Günü kimi qeyd olunur.

“Report”un Litvadakı müxbirinin verdiyi məlumata görə, XVII əsrdən bu günədək mütəmadi olaraq keçirilən yarmarkaya yüzlərlə sənətkar, qida istehsalçısı cəlb olunub. Başlanğıcını Kafedral meydanından alan və “Old Town”un küçələri, meydanları boyunca kilometrlərlə ərazini əhatə edən yarmarkada qonaqlara Litvanın əl və xalq sənətini, keramika məhsullarını, milli yeməklərini tanıdan stendlər quraşdırılıb.

Burada məhz Kaziukasa xas olan təamlar da var. Onlardan biri “baranka” adlı halqa şəklində olan şirniyyatdır. Digəri isə “simtalapis” adlanan yüzyarpaqlı tatar keksidir. Əksəriyyət həm özləri, həm də yaxınları üçün bu şirniyyatı almağa üstünlük verirlər, hətta görüntüsündən çox da ləzzətli olduğunu düşünmədiyim baranka üçün uzun bir növbə yarandı.

400-dən çox yaşı olan bu tədbirdə litvalılar həm də evdə hazırladıqları pivə və digər içkiləri satırlar. Qiymət isə bütün məhsullarda normaldan bir az baha görünür. Lakin bununla belə, küçələr alıcılarla dolu olur. Hətta Qədim şəhərdə və ictimai nəqliyyatda ilk dəfə belə bir izdihamla qarşılaşdım.

Yarmarkanın ən vacib simvolu isə Litvada yazın başlanğıcına işarə edən ənənəvi “700 Easter Palms” installyasiyası və ya suveniri hesab olunur. Bazar günü saat 11-dən etibarən bu installyasiyanın parçalarının (evlərini və bütövlükdə ölkəni fəlakətləri yayan “gəmiricilər”dən qorumaq üçün) yarmarka ziyarətçilərinə paylanacağı açıqlanıb.

Bu yarmarkada təkcə gəzmək, nələrsə almaq, yemək yox, həm də rəqs edib əylənmək mümkündür. Çünki bunun üçün meydanın qarşısında konsert təşkil edilib. Digər küçələri isə küçə musiqiçilərinin mahnıları coşdurur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir