Cəmiyyət

Nazirlik brakonyerlərlə mübarizə üçün yeni texnikalar alır – RƏSMİ

Sharing is caring!

“Xüsusi mühafizə olunan dövlət ərazilərində 24 saatlıq mühafizə həyata keçirilir. Bu yaxınlarda Azərbaycanda brakonyerlərlə mübarizə və yanğın təhlükəsinin qarşısının alınması üçün yeni texnikaların alınmasına başlanılıb”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev nazirliyin “Facebook” hesabında yayımlanan “Ekspert saatı”nda brakonyerlərlə mübarizə istiqamətində atılan addımlardan danışarkən deyib.

O bildirib ki, yeni texnologiyalara dronlar, kameralar, termal kameralar nəzərdə tutulub:

“Bundan əlavə ərazilərdə rahat və tez hərəkət etmək, eləcə də brakonyerlərin qarşısını almaq üçün nəqliyyat vasitəsi kimi motosikletlərə üstünlük veriləcək. Bundan əlavə son 2-3 ildə beynəlxalq ekspertlərin milli parklara dəvəti, mühafizə sahəsində, eləcə də ekoturizm sahəsində fikir mübadilələrinin aparılması, təcrübələrin bölüşməsi müsbət nəticələrə gətirib çıxarıb. Yaxın günlərdə Türkiyədən mütəxəssislər dəvət edilmişdi, təəssüf ki, Türkiyədə baş verən zəlzələ bu məsələdə yubanmalara səbəb oldu. Amma nəzərdə tutulan kimi, Türkiyədən ekspertlərin ölkəmizə gətirilməsi mühafizə və eko-turizm ilə bağlı iş birliyi planlaşdırılır”.

“Eyni zamanda milli parklarda, qoruqlarda sərhəd hissələrdə xəndəklərin qazılması, çəpərləmə işlərinin aparılması, xüsusilə kənd yerləri ilə həmsərhəd olan hissələrdə stasionar postların quraşdırılması nəzərdə tutulur. Bundan başqa əməkdaşların rahat, mütəmadi xidməti üçün ərazilərdə modul tipli sığınacaqların qurulması da planlaşdırılır. Biz nə qədər də mühafizə etsək, brakonyerlik cəhdləri hələ də davam edir. Əhaliyə səslənirik ki, təbiət sadəcə nazirliyin yox, hər bir kəsindir. Bu kimi hallara yol verilməsin, görüldükdə isə göz yumulmasın. Son dövrlərdə brakonyerlərlə bağlı kifayət qədər cərimələr tərtib edilib və bu tədbirlər davam etdiriləcək”, – deyə Firuddin Əliyev qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir