Cəmiyyət

Lənkəranda ağacların məhv edildiyi daş karxanasında insident – VİDEO

Sharing is caring!

Lənkəran rayonunun Aşağı Təngivan kəndində karxananın qeyri-qanuni fəaliyyət göstərməsinə etiraz edən sakinləri polis avtobusa mindirib və aparıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu gün Lənkəran rayonunun Təngivan kəndinin dörd nəfər sakininin taxta, daş və benzin götürərək, həmin kəndin ərazisində yerləşən qanunla fəaliyyət göstərən şirkətin mühafizə olunan ərazisinə daxil olmaları, müəssisənin fəaliyyəti ilə bağlı iradlar bildirərək iş fəaliyyətini pozmaları və orada olan şəxslərə xəsarət yetirmələri və özləri ilə gətirdikləri benzini onların üzərinə səpdikləri ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Qeyd olunan faktla bağlı həmin ünvana gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən ictimai qaydanı pozan şəxslərin hərəkətlərinin qarşısı alınıb və həmin əməli törədən Ə.Məmmədov və Z.Əliyev polis şöbəsinə gətiriliblər. Hüquq pozuntusu ilə bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi karxananın qanunla fəaliyyət göstərməsi barədə açıqlama versə də, sözügedən müəssisə ilə bağlı iki il əvvəl Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl qanunsuz karxananın fəaliyyət göstərməsi, ağacların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlamışdıq.

ETSN-in Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən də Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran rayonu Aşağı Təngivan kənd sakinlərinin nazirliyə daxil olmuş müraciətləri əsasında aparılmış araşdırma zamanı Lənkəran rayonu Təngivan kəndində yerləşən qum-çınqıl hasilatı ilə məşğul olan müəssisəyə məxsus ərazidə qanunsuz olaraq qum-çınqıl qarışığının hasilatı və yalanqoz cinsli ağacın məhv edilməsi nəticəsində təbiətə böyük ziyan dəyib, iş üzrə materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Məsələ barədə Oxu.Az saytı tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu ünvanlanıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir