Cəmiyyət

Qanunda dəyişiklik tələbi: “Hakimlər kişi olduqları üçün bəzən cinayəti yüngülləşdirirlər” – RƏY + FOTO

Sharing is caring!

Qadınlara qarşı zorakılıq hallarının artması son günlər yenidən müşahidə olunur. Qarşısını almaq üçün nə qədər maarifləndirmə işləri aparılsa da, xoşagəlməz hallar getdikcə artır. Bu cür ailədaxili münaqişələrin və məişət zorakılığının sonu isə çox zaman qadın qətli ilə nəticələnir.

Xatırladaq ki, bir neçə gün öncə Bakıda qadının maşına zorla mindirilərək qaçırılması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Həmin qadının əri və qayınanası tərəfindən dəfələrlə şiddətə məruz qaldığı, uşağının əlindən alındığı aşkar olunub. Şiddət edən şəxslərin polis tərəfindən saxlanıldığı bildirilir. Həmçinin qeyd edilir ki, qadının zorla qaçırılmasına dair şikayət ərizəsini geri götürməsi üçün təzyiq göstərilir, ərizəni götürəcəyi halda uşağının özünə qaytarılacağı deyilir.

Bəs görəsən, belə hallar niyə artır? Buna qanunvericilikdə boşluqlar, cəzasızlıq səbəb olur, yoxsa başqa bir səbəbi var? Qadınların məişət zorakılığından qorunması üçün polisin səlahiyyətləri artırıla bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, mühafizə orderlərinin verilməsində boşluqlar var:

“Ailə-məişət zəminində baş verən zorakılıqlardan qorunmaq üçün uzunmüddətli və qısamüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli orderlərə icra hakimiyyətləri baxır. Uzunmüddətli barədə məhkəmə qərar qəbul edir.

Sənədlərin toplanıb, mühafizə orderlərinin alınmasını polis həyata keçirir. Sonra hadisələr məcrasından çıxarsa, davamlı olaraq baş verərsə, məhkəmə toplanmış sənədlər əsasında altı ay müddətində mühafizə orderi tətbiq edir. Bu, vətəndaşın həyat və sağlamlığının qorunması üçün edilir. Avropa ölkələrində uzunmüddətli mühafizə orderi iki illikdir. Lakin Azərbaycanda altı aydır”.

Ş.Əliyev qeyd edib ki, kütləvi informasiya vasitələrində bu tip məlumatların verilməsi cinayətlərin qarşısını almır, daha çox baş verməsinə səbəb olur:

“Maarifləndirmə kampaniyaları həyata keçirilir, lakin nəticə vermir. Bir rayonda 15 məişət zorakılığı faktı qeydə alınırsa, hadisənin hansı səbəbdən baş verməsi öyrənilməlidir.

Təklif vermək lazımdır ki, mühafizə orderi bir quruma həvalə edilsin. Bir qurumun səlahiyyətinə verilsə, daha yaxşı olar. Qanunvericilikdə birmənalı şəkildə dəyişiklik edilməlidir. Bununla yanaşı, KİV-də bu tip informasiyalar bloklanmalıdır. Dəyişikliyə ehtiyac var”.

Vəkil Günel Səfərova qeyd edib ki, məişət zorakılığının qarşısının alınması üçün qanunda ciddi dəyişikliyə ehtiyac var:

“Təəssüf ki, gündəmdə qadın cinayətləridir. Əslində, say daha çoxdur. Gizli gedən zorakılıq formaları var. Fevral ayında rəqəmlər 10-nu keçib. Məişət zorakılığının qarşısının alınması üçün qanunda ciddi dəyişikliyə ehtiyac var. Qadın qətlləri ilə bağlı məsələlərdə ağırlaşdırıcı hallar tətbiq edilməlidir”.

G.Səfərova əlavə edib ki, qərar verən hakimlər kişi olduqları üçün bəzən cinayəti yüngülləşdirirlər:

“Qadınlar öz evlərində öldürülürlər. Evlər belə, qadın üçün təhlükəlidir. İlk zorakılığa vaxtında müdaxilə edilsə, qadın qətllərinin qarşısı alınar. Bu tip məsələlərdə qadın polislər iştirak etmirlər. Kişilər də barışdırıcı mövqeyə üstünlük verirlər. Sonda da ölümlə nəticələnir.

Cəzaları artırmaq cinayətlərin bitməsi demək deyil. Qadınların təmsilçiliyini artırmaq lazımdır. Qərarverici qadınlar olmalıdır. Qadınların taleyi ilə bağlı qərarı qadınlar verməlidirlər”.

Vəkilin fikrincə, polisin səlahiyyəti artırılsa da, bu məsələ həll olunmayacaq:

“Qanunvericilikdə dəyişiklik edilməlidir. Sığınacaq yaradılıb, sistem formalaşdırmaq lazımdır. Polislərin səlahiyyətləri azdır. Polisin səlahiyyəti artırılsa da, bu, məsələnin həllinə aparmayacaq. Çünki qadın polislərin sayı azdır. Onların sayı artırılmalıdır. Vətəndaşı qəbul edən qadın sahə müvəkkillərinə ehtiyac var”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir