Cəmiyyət

Müsibətin nəsihətləri, ya da ölənlərə ən böyük ehtiram…

Sharing is caring!

Qan Turalı yazır…

Son üç ildə Azərbaycan və Türkiyə, bəlkə də, tarixin ən ağır üç ilini yaşadılar. Birincisi dünyanı cənginə alan pandemiya idi ki, nəticələri hələ də davam edir. Pandemiya ilində qırx dörd günlük müharibə baş verdi. Qarabağ işğaldan azad edildi, böyük zəfər qazanıldı. Ancaq üç mindən artıq şəhid verdik. İndi isə bu zəlzələ… Artıq 31 min nəfər həlak olub və bu rəqəmin durmadan artdığı da göz qarşısındadır.

Türklərin gözəl bir məsəli var: “Bir müsibət min nəsihətdən yaxşıdır”. Doğrudan da, bir müsibətin öyrətdiyini min nəsihətlə öyrətmək olmaz. Çünki insan faciəni öz ruhunda, öz yaxınlarında, öz şəhərində, öz ölkəsində, ya da qardaş ölkədə müşahidə etdiyi zaman qazandığı biliyi, o müsibətin yaratdığı ağır mənəvi təəssüratı heç bir kitabdan, heç bir mediadan öyrənə, ala bilməz.

Və bu ağır faciənin Türkiyənin (eləcə də Azərbaycanın) milli ruhunda, mənəvi yaddaşında açdığı yaraların sağalması illər alacaq. Ölənlər, əlbəttə ki, heç zaman geri qayıtmayacaqlar, ancaq onların xatirəsi sağ qalanlar üçün daim diri qalacaq.

Ancaq bu və bu kimi müsibətlər yaşamış cəmiyyətlərin həmin müsibətlərdən böyük nəsihətlər əxz etdiyi də göz önündədir. Bu gün Avropanın ən qüdrətli ölkəsi olan Almaniya II Dünya müharibəsinin əzici və alçaldıcı məğlubiyyəti üzərində qurulmadımı? “Alman möcüzəsi” müsibətin nəsihəti deyildimi?

Ya da Almaniyanın əsas müttəfiqi olan Yaponiyanın bu gün dünyanın üçüncü superdövləti olmağında II Dünya müharibəsindəki məğlubiyyətinin, Xirosima və Naqasakinin ağrılı nəticələrinin rolu yoxdurmu? Və Yaponiyanın dünyada zəlzələyə ən hazırlıqlı ölkə olmasında yaşadığı bu qədər zəlzələnin təsiri yoxdurmu?

Nazım Hikmətin bir şeirində deyildiyi kimi: “O, ölümdən yox, ölməkdən qorxurdu”. İnsanın mahiyyəti belədir, ölüm ona nəzəri, ölmək isə praktiki gəlir. Ölüm uzaqdadır, ölmək yaxında. Ona görə də uzaq Çilidə baş vermiş doqquz ballıq zəlzələ onu qorxutmur. Amma öz şəhərindəki kiçik bir təkan onu dəhşətə salır.

“Bir insan ölümü faciə, milyonların ölümü isə statistikadır” sözünün müəllifi İosif Stalindir. Ancaq Stalin bunu deyə bilərdi. Onmilyonlarla insan onun hakimiyyəti dövründə həlak olmuşdu.

Əslində isə milyonların ölümü bəşər övladının yeni, azad, firavan, təhlükəsiz bir dünya qurmaq üçün ən böyük stimuludur. Bu həm də ölənlərin xatirəsini anmaqdır, onlara layiq olmaq, onların borcundan çıxmaqdır.

Misal üçün, Yaponiyada 2011-ci ilin mart ayında Senday zəlzələsi düz doqquz bal gücündə idi. Ölkənin hər tərəfinə yerləşdirilən minlərlə seysmik cihaz nəticəsində zəlzələdən bir dəqiqə əvvəl ölkə əhalisinə xəbərdarlıq edildi. (Daha erkən xəbər vermək mümkün deyil). Türkiyədəki zəlzələdən dəfələrlə güclü olan Senday zəlzələsində cəmi 30 bina dağıldı. Ölənlərin, demək olar ki, hamısı zəlzələdən yox, sunamidən öldü. Deməli ki, əvvəlcədən tədbir alıb zəlzələni itkisiz başa vurmaq mümkün imiş. Ona görə də “zəlzələ yox, binalar öldürür” sözündə çox böyük bir həqiqət gizlənib.

1960-cı ildə baş verən Böyük Çili zəlzələsi isə indiyə qədər qeydə alınmış zəlzələlərin ən güclüsü idi. 9,5 ballıq zəlzələ nəticəsində altı min adam həlak olmuşdu. Çoxu da sunamidən…

Bir sözlə, zəlzələ təbii fəlakət olsa da, əvvəlcədən planlaşdırılma, preventiv tədbirlər nəticəsində onu zərərsizləşdirmək, ya da zərərləri minimuma endirmək mümkündür.

6 fevral Maraş zəlzələsi öz dağıdıcı gücünə, insan itkilərinə görə Türkiyə tarixində heç bir zəlzələyə bənzəmir. Belə ki, 7,9 ballıq Ərzincan zəlzələsində (1939) 33 min insan həlak olmuşdusa, 1999 İzmit zəlzələsində insan itkiləri 18 min idi.

Ona görə də Türkiyə və eləcə də Azərbaycan üçün bu ağır, üzücü, sarsıntılı günlərin bir daha baş verməməsini arzulayırıq. Ümid edirik ki, ağır müsibətdən dərs alınacaq və bir də heç zaman bu miqyasda bir faciəyə şahidlik etməyəcəyik. Ölənlərin ruhlarına olan ən böyük ehtiram da elə budur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir