Cəmiyyət

Türkiyə ilə Azərbaycan bir yumruqdur

Sharing is caring!

      Fevralın 6-da qardaş Türkiyə öz tarixində ən faciəli və ağrılı hadisələrdən birini yaşadı. Həmin gün Türkiyə vaxtı ilə saat 04:17-də Türkiyənin cənubunda Qaziantep şəhərinin Şehitkamil ilçəsində baş verən güclü zəlzələ ciddi dağıntılara və çoxsaylı insan itkilərinə səbəb oldu. Mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb və dağıntılar altında qalıb.

       Fəlakət barədə məlumat verilən kimi Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi,  “Bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır”.             

      Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirdi, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa dilədi. Ölkə başçısı həm də fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Eyni zamanda Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib, rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə yardımların göndərilməsinə başlanılıb.

       Hadisədən dərhal sonra qardaş ölkəyə hərtərəfli kömək və yardım kompaniyasına start verildi. Hər zaman sarsılmaz qardaşlıq və həmrəylik nümayiş etdirən xalqımız bu dəfə də Türkiyə xalqının dərdinə, acısına şərik oldu. Təbii ki, yenə ilk köməyə gedən dost ölkə Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası, Müdafiə Nazirliyinin hərbiçiləri, tibb işçiləri və digər qurumların çoxsaylı nümayəndələri  fəlakət  zonasına gəldilər və xilasetmə işlərinə başladılar.

       Beləliklə,  qardaş Türkiyəyə yardımların toplanılmasına bütün ölkə vətəndaşları yekdilliklə səs verdi. Artıq nüçə gündür ki, aksiya davam edir və gətirilən yardımların miqdarı durmadan artır.

Fizuli Cəfərov,

Vətən müharibəsi iştirakçıları və

şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir