Cəmiyyət

Bakıda yaşayış binaları, körpülər və yollar mümkün zəlzələyə tab gətirəcəkmi? – Ekspertdən səmimi cavab + FOTO

Sharing is caring!

“Binanın seysmik dayanıqlılığı ilk növbədə ərazinin seysmik təhlükəsinin qiymətləndirilməsindən asılıdır”.

Bu barədə Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükə İdarəsinin struktur bölməsinin müdiri Qulam Babayev Bakıdakı köhnə tikililərin zəlzələyə nə dərəcədə davamlı olması ilə bağlı Media.az-a açıqlamasında deyib.

“O, bir çox komponentlərdən, o cümlədən geoloji və tektonik amildən (qırılma sistemi), yerin qrunt faktorundan və seysmoloji parametrlərdən, xüsusən də qravitasiya sahəsinin fiziki və həndəsi xüsusiyyətlərindən ibarətdir. Bütün bu amillər birlikdə tikinti olacaq ərazidə seysmik təhlükənin səviyyəsini göstərir. Qiymətləndirmədən sonra binanın seysmik davamlılığından danışmaq olar.

Müəyyən bir ərazidə seysmik aktivliyi öyrənmək üçün seysmik intensivlik artımlarını hesablamaq lazımdır. Nəticələrə görə, intensivlik, məsələn, yeddi bal üçün hesablanırsa, bir bina tikərkən üstəgəl 1, üstəgəl 2 və hətta bəzən üstəgəl 3 bal nəzərə alınmalıdır”.

Ekspert 2000-ci il noyabrın 25-də Bakıda baş verən zəlzələ zamanı əhalinin bəxtinin gətirdiyini – binaların dağılmadığını, amma sovet dövründə tikilmiş bir çox binada çatlar yarandığını deyib.

Həmin vaxtdan 22 il keçdiyini xatırladan Qulam Babayev bu müddət ərzində həmin tikililərin istismar müddətinin başa çatmaq üzrə olduğunu qeyd edib və respublikada Dövlət Proqramı çərçivəsində Azərbaycanda seysmik risk xəritəsinin tərtibi işlərinin aparılmasının zəruriliyini vurğulayıb.

“Fikir verin, 2000-ci ildə 1970-ci illərdə tikilən binaların 30 yaşı var idi, hazırda isə onların 50 yaşı var. Bundan əlavə, ölkədə, xüsusən də Bakıda xeyli əvvəl tikilmiş çoxlu ev var, tarixi binaları da unutmayın – onlar xüsusilə risk altındadır”.

Ekspert həmin vaxt bir güclü təkanın iki komponentə bölündüyü üçün paytaxtın infrastrukturunun zədələnmədiyini izah edib.

“Rəsmi məlumatlara görə, ilk təkan 5,8 bal gücündə, sonrakı 6,2 bal gücündə olub. Təkanların müddəti 35-40 saniyə olub. Məhz bu, binaların dağılmamasına kömək edib”, – Babayev sözlərini yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir