Cəmiyyət

“Xilas etməyi çatdırmadığın üçün yaxınından bağışlanma diləmək çox çətindir” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

Tanınmış azərbaycanlı alpinist, Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlunun Türkiyədə olduğu və insanların dağıntılar altından xilas olunmasında iştirak etdiyi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Everesti fəth edən “Qar bəbiri” fəlakət zonasına könüllülər dəstəsinin tərkibində yollanıb. İdmançı Media.az-la söhbətində xilasetmə əməliyyatlarının ən çətin və emosional anlarından danışıb.

– Faciə baş verən zaman Türkiyədə idiniz?

– Bəli, zəlzələ baş verən zaman Azərbaycanın alpinist komandası ilə Türkiyədə idim – Ərzurum Beynəlxalq Buzadırmanma Festivalı (Erzurum International Ice Climbing Festival) üçün gəlmişdik. Komandamız buraya fevralın 2-də gəldi, fevralın 5-də buzadırmanma proqramımızı başa vurduq, fevralın 6-da isə səhər saatlarında İzmirə yola düşməli idik. Amma Türkiyənin bir neçə şəhərində zəlzələnin baş verdiyini öyrəndikdən sonra dərhal türk alpinistlərindən yaradılmış könüllü dəstəyə qoşulmaq qərarına gəldim. Komandamızın böyük hissəsi İzmirə getdi, oradan da Bakıya qayıtdılar. Dağ bələdçisi Renat Rəhimxanov və mən türkiyəli həmkarlarımızla birlikdə Hatay vilayətinə getdik. Bir günə təyinat yerinə çatdıq və dərhal xilasetmə işlərinə qoşulduq.

– Nə qədər insan xilas edilib və onların arasında ölkəmizin vətəndaşları olubmu?

– Elə ilk gecə bir nəfəri dağıntılar altından çıxara bildik. İkinci və üçüncü günlər də kifayət qədər uğurlu keçdi. Dağıntılar altında maksimum canlı insanların tapıla biləcəyi ilk 72 saat qaydası – onların hələ də kömək çağıra və xilasedicilərin çağırışına cavab verə bildiyi müddət, – hara baxacağımızı tez müəyyənləşdirməyə imkan verdi.

Ümumilikdə, dəstə 10 nəfəri xilas edə bilib – onlardan 9-u dağıntılar altında idi, biri isə binanın yuxarı mərtəbəsindən çıxarılıb – o, zəlzələ zamanı aşağı enməyə imkan tapmamışdı. Biz onu qaldırıcı kranla aşağı saldıq.

Dəstənin əsas vəzifəsi dağıntılar altında qalan canlı insanları tapmaq idi. Kommunikasiya bizim üçün vacib idi, biz dağıntılar altından kömək çağırışlarının eşidildiyi xəbərini alanda reaksiya verirdik. Bizim dəstənin tapşırığına ölənlərin meyitlərinin çıxarılması daxil deyildi, amma elə anlar olub ki, “filan yerdən səs eşidilir”, – xəbəri alırdıq, biz gedəndə isə artıq səsimizə səs verən olmurdu. Buna baxmayaraq, göstərilən yerdə xilasetmə işləri aparırdıq, lakin təəssüf ki, artıq ölmüş insanları tapırdıq.

Xilas etdiyimiz insanlar arasında Azərbaycan vətəndaşı olmayıb.

– Emosional vəziyyətinizi təsəvvür edirəm…

– Ən çətin anlar insanların dağıntılar altında qalan yaxınlarının səsini eşitdikləri barədə iddiaları və xilasetmə işini davam etdirmək istəmələri, bizim isə onlara getməli olduğumuzu, çünki başqa yerdə hələ də xilas ola biləcək insanlar haqqında siqnal aldığımızı, əks halda onlar üçün çox gec olacağını izah etməyimiz idi. Dərddən qəddi əyilən insana belə söz demək, sadəcə dəhşətdir!

Həmçinin kömək çağırışı eşidəndə, ancaq işlər getdiyi müddətdə zərərçəkənin ölməsi də ağırdır. Sənin yanında isə onun xilas edilməsini gözləyən doğması var. Sənə qalan, onun gözlərinə baxaraq, xilas etməyi çatdırmadığın üçün bağışlanma diləməkdir…

Bu, həyatımda gördüyüm ən böyük insan faciəsidir. Allah bir daha təkrar etməsin!

– Ancaq xilas edə bildiyiniz insanlar da oldu…

– Bəli, insan bu vaxt böyük sevinc hissi yaşayır! Xüsusilə bir ailənin bütün üzvlərini – iki aylıq körpədən, anasından, atasından və nənəsinə kimi hamısının xilası xatirimdədir. Xoşbəxtlikdən, bu ailə sağ qaldı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir