Cəmiyyət

Yerini bəyənmirsə, mandatından imtina eləsin

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Əvvəl elə bildim “prank”dır, zarafat edirlər. Sonra gördüm ki, deputatın cavabından sonra sual verənin də təəccübdən gözü bərəldi. Belə başa düşdüm ki, qarşı tərəf belə verilən cavabdan şoka düşdü. Hiss olunurdu ki, sual verən müəyyən cavab gözləyirdi, cavabdan sonra isə növbəti təxribat xarakterli suallar verəcəkdi. Amma cavab bütün ssenarinin üstündən xətt çəkdi. Adam isə başqa heç bir şərh vermədən süjeti tamamladı. 

Söhbət Milli Məclisin artıq üç ildir deputatı olan, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanı təmsil edən, müxtəlif beynəlxalq məclislərdə ölkənin marağını qoruyan Erkin Qədirlinin qısa, amma böyük səs-küy yaradan açıqlamasından gedir. 

Belə ki, ona verilən “Mənə Milli Məclisdə oturan bir nəfər deputatın adını çəkə bilərsiniz ki, həqiqətən də xalqın səsini qazanıb parlamentdə oturur?” sualına cavab verib ki, “onu özüm haqqında da deyə bilmərəm, çünki demokratik seçki olsa, o zaman bunu əminliklə demək olardı”.

Jurnalist fəaliyyətim dövründə hər zaman bizim “Milli Məclis” deputatlarının ən müxtəlif, ən absurd, bəzən ən axmaq fikirlərini eşitmişəm. Bu əsasən “köhnə” məclisin “köhnə deputat”larının fəaliyyət sahəsi idi, sanki biriləri onlar üçün öhdəlik qoymuşdu, hər dəfə biri xalqı əyləndirirdi.

Parlament buraxılandan sonra məclisə yeni simalar gəldi. Amma görünür ənənə heç də dəyişməyib. 

Təbii ki, bu açıqlamanı izləyənlərdə sual yaranır, istər Erkin Qədirlinin həmkarları, istərsə də adi insanlarda haqlı müəyyən fikirlər formalaşır. 

Məsələn, əgər Erkin Qədirliyə görə seçki qeyri-demokratik keçirilibsə və qutudan onun adının çıxıb-çıxmamasını bilmirsə, onda nə yaxşı üç ilə yaxındır ki, Milli Məclisdə təmsil olunur? Boş yerə niyə ayaq döyür ki? Hansı eksperimenti aparır?

Əgər özü dediyi kimi təyin olunubsa, niyə mandatdan imtina etməyib? Gəlib deməyib ki, “qardaşlar, bilirsiniz, mən demokratik yolla seçilməmişəm, istəmirəm”. 

Onda bu məntiqlə düşünək ki, Erkin Qədirli seçiciləri(ni) də aldadır. Əgər özü iddia edirsə ki, xalqın, seçicilərinin səsi ilə seçilən deputat deyil. Bəlkə özünü də aldadır? 

Yenə də deyirəm vaxtında deputatlardan elə sözlər eşidib, elə hərəkətlər görmüşük ki, əslində təəccüblənməyə haqqımız yoxdur. Allah tərəfi bütün performans və bacarıqlarını çox böyük məharətlə ortaya qoyublar. 

Bəzilərinin haqqında elə hadisələr eşitmişik ki, bizim də gözümüz bərələ qalıb. Məsələn deputat vəsiqəsini girov qoyub 300 000 dollar borc götürən Rəfael Cəbrayılov. Hadı Rəcəblinin “Şəhid ailələrinə bir dəfə müavinət verildi, şükür eləsinlər”, “müəllimin maaşı çatmır, getsin fəhlə işləsin” deməsi…

Eşq məcaralarıyla parlamentin tarixinə möhür vuran Mirələmovun “Ayağınızı yorğanınıza kimi uzadın. Azdır az ye, çoxdur, çox ye” deməsi. Amma “ağsaqqalın” özünün yorğanının qısa olmasına baxmayaraq cavan qıza “yorğan” təklif etməsi xalqın yaddaşından çıxan deyil. 

Sonra Astan adında bir deputat demişdi ki, “Rusiyaya gedənlər kimlərdir? – Bizim cəmiyyətin “otxodları”. 

Yəni bu kimi şedevrləri qeyd etməkdə məqsədim budur ki, hər cür şouları çox görmüşük. Hər şey də yadımızdadır. Hoqqa verən deputatlar haqqında çox fakt yazmaq olar. Sadəcə bu gün mövzu başqadır.

Erkin Qədirlinin bu açıqlamanı verməsinin nə məqsədi var?

Məqsədi özünü qeyri-legitim elan etməkdir, yoxsa üçillik fəaliyyətinin üstündən xətt çəkmək? Bəlkə, bu gün ekofəalların Şuşa Xankəndi yolunda keçirtdiyi aksiyanı az qala Avropada terrorçuluğa cəhd, ekofəallarımızı terrorçu kimi qələmə verildiyi çətin məqamda düşmənlərin əllərinə daha çox imkan verilməsi üçün zəmin yaratmaq? Yaxud erməni lobbisinin “öz vətəndaşının hüququnu tanımayan Azərbaycan dövləti, ermənilərə nə hüquq verəcək?” tezisinə işləməsi? Nə idi bu? 

Axı bu nə diplomata, nə  beynəlxalq hüququ bilən peşəkara uyğun cavab deyildi…

Bəlkə Erkin Qədirliyə Avropada nələrsə söz veriblər və bu əvvəlcədən qurulmuş təxribat idi? 

Həqiqəti bir deputat Qədirli bilir, bir də sualı verən.

Amma Milli Məclisin deputatı Erkin Qədirli yerini bəyənmirsə, imtina eləsin mandatından. Bir az elə bil, qeyri-səmimi alınır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir