Cəmiyyət

Burnunun suyu axır, deyir ki, “AUE – jizin varam!”

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Elə bir günümüz yoxdur ki, kiməsə görə xəcalət çəkməyək, utanmayaq.

Dünən daha bir tiktokçu bu gün qəhrəman oldu. Videolarında bir çoxunu təhqir edən (oxu, var-yox söyüşü söyən) həmçinin hüquq-mühafizə orqanlarının, yəni polisin ünvanına da təhqiramiz ifadələr söyləyən (oxu, biz KİV olduğumuz üçün o ifadələri yumuşaldıb təhqiramiz ifadə yazırıq. Əminik ki, o söyüşləri çoxları ilk dəfə eşidirdi) gəncin dünən sosial şəbəkələrdə iki fotosu yayıldı. Şəkillərdən birində bu gənc başına “bantik” vurulan, ikincisi də saçları tam qırxılan, keçəl halda idi.

Fotolar sosial şəbəkəyə çıxan kimi yenə də iki cəbhə yarandı. Sağlar və sollar (şərti olaraq). Ortalığa belə bir fərziyyə atıldı ki, bəs bu gəncin başına “bantik”i polis idarəsində polislər vurub. Sonra isə polislər onu keçəl edib buraxıblar. Açığı, bilmirdim ki, polislərin boş vaxtları olanda saç düzümü ilə də məşğul olurlar, nə isə sözüm onda deyil.

DİN də öz növbəsində bu ittihamlara cavab verdi.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:

“Bu hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Faktla bağlı araşdırma aparılır”.

Buraya qədər hər şey aydındır, zənn edirəm. İndi keçirəm ictimai qınağa.

Bir dəstə dedi ki, elə “mikroblarla” məhz onun öz dilində, öz “ponyatkası” ilə danışmaq lazımdır. Bəs polisi söyəndə bilmirdi ki, “bantik” vurub buraxacaqlar?

Digər dəstədəkilər isə qəti surətdə birincilərin düz düşünmədiyini, qanun keşikçilərinin belə etməli olmadığını bildirdilər.

Bir daha qeyd edirəm ki, hal şahidi deyilik. Heç birimizin əlində video-foto fakt yoxdur. O gənc də bu hadisə ilə bağlı bir açıqlama verməyib. Hadisənin gəncin məhz polisləri söydüyü üçün baş verdiyi sadəcə, cəmiyyətin fərziyyəsidir.

Hüquqda isə sübut tələb olunur.

Vaxtınızı çox almadan keçirəm digər məsələyə. Əgər özünüz də diqqət etmisinizsə, bizim cəmiyyətdə qanun pozanlara xalqın ürəyi daha çox yanır. Sanki bir cinayətkar ruhu hökmranlıq edir. Adını çəkməyəcəyəm, tanınmış biri söyüşə, təhqirə görə digərini bıçaqla qətlə yetirdi. Millət dedi ki, düz edib. Söyüşü yemək olmaz. Həmin cinayət törətmiş adamı “xalq qəhrəmanı” etdilər.

İndi də söyüş söyən müdafiə olunur. Əlbəttə, yenə də özləri bilər. Mənə nə, kim kimi müdafiə edir. Heç kimin işinə qarışmadan keçirəm digər bəndə.

Digər bənd isə odur ki, sosial şəbəkələr, əsasən də yazma-oxuma tələb etməyən platformalarla bağlıdır. Buradan da bir haşiyə çıxım ki, bizdə “Twitter” populyarlıq qazana bilmədi. Çünki orada yazıb-oxumaq tələb olunur. Amma “Tiktok” və “İnstagram” qazandı. Niyə? Çünki ağlın hara qədər çatırsa, ora qədər video çəkib yükləyirsən. Bir də canlıya çıxıb öz məharətini ortaya qoyursan. İndi biri söyüş söyə bilir, onu təqdim edir, digəri “vorovskoy zakonları”. Ya da burnunun suyu axan biri canlıda qışqırır ki, “AUE – jizin faram” (mən onların tələffüz etdiyi kimi yazdım, amma rus dilində ifadə “jizn voram”dır).

Elə tiktokda polisi və digərlərini eninə-boluna təhqir edən “bantikli gəncin” tiktokdakı ləqəbi də “ulajenuya”dır. Nə qədər tərcüməsini axtardım, tapa bilmədim.

Yenə də, ehtimal edə bilərəm ki, gənc “uvajeniye” yəni уважение – hörmət mənasını ifadə etməyə çalışıb. O da ki, yazıb-oxuya bilmədiyi üçün, çünki başqa səbəb tapa bilmirəm, “ulajenuya” haradan yaranıb. Hara fırlatsaq da, oğru dünyası, AUE və s.

Bu subkulturanın təəssüflər olsun ki, bu gün Azərbaycanda xeyli sayda davamçısı var. Həbsxana romantikası, “qaqan yatıb çıxıb”, “vorzakon” və s “ponyatkalarla” yaşayan gənclər.

Buradan da ikinci haşiyə çıxım ki, “qanuni oğru” kriminal subkulturası və “AUE” iki fərqli şeylərdir. Hər ikisi də ruslara xas olan mədəniyyətdir. Yəni bunu ruslar yaradıb. Bütün ifadələr də rus dilindədir. Bu gün bizim gənclər ruslara, rus dilinə, rusa aid olan çox şeyə fərqli münasibət göstərir axı. Hanı bəs məntiq? Nədir bu AUE sevgisi?

Yaxşı bəs “AUE” nə deməkdir? Bu abreviaturanın açılışı – “Арестантский уклад един”.

“Novaya qazeta”nın köşə yazarı Aleksey Tarasov yazır ki, ilk dəfə AUE abreviaturası 2010-cu ildə Krasnodar vilayətində yerləşən Beloreçensk  islah müəssisəsində baş verən iğtişaşlar zamanı eşidilib. O, materialında AUE anlayışları ilə bağlı hadisələri sadalayır və cinayət xronikasından sitat gətirir: 

“16 yaşlı AUE tərəfdarları (yetkinlik yaşına çatmış yoldaşları ilə) həmyaşıdlarından pul tələb edirdilər. Onlar görüşə gələn gənci və onun atasını öldürərək, mənzilin açarlarını götürürlər. Daha sonra mənzilə girib ananı da qətlə yetirərək, evdəki məişət texnikasını aparırlar”.

Bəli, bu AUE-çilərin sadəcə birinin və ya bir neçəsinin törətdiyi cinayətin epizodudur. 

AUE parazitizmi, zorakılığı, avaraçılığı tərənnüm edən, quldurluğu və oğruluğu təşviq edən federal səviyyədə kriminal gənclər hərəkatıdır. Rusiyada yaranan bu hərakatın üzvləri və ya davamçıları təhsil almaq, işləmək haqqında düşünmürlər. Onlar üçün əmək fəaliyyəti ilə məşğul olmaq, yumşaq desək, alçaldıcıdır. AUE sistemindəki yeniyetmələr, demək olar ki, orta məktəbdən dərhal sonra “zona” yəni həbsxanaya  girməyə meyllidirlər. Məhz orada “ali təhsil” almaq onların əsas məqsədidir.

Elə Rusiya mətbuatına istinad edərək deyim ki, AUE, artıq Sibir, Baykalyanı və Uzaq Şərq federal dairəsində geniş vüsət alıb. “İnstagram” isə bu hərəkatın artıq paytaxt Moskvaya çatdığını da sübut edir. Mən isə deyə bilərəm ki, AUE sərhədlər aşaraq Azərbaycanı belə bürüyüb.

Amma Rusiyanın hüquq-mühafizə orqanları bu cür dəhşətli axını ciddi dəyərləndirmir, ona fraqmental qiymət verirlər.

Mənim AUE haqqında belə geniş məlumat verməyimin əsas məqsədi AUE-nin gənclərin iştirak etdiyi kriminal hərəkat olduğunu hər kəsin anlamasıdır. Onun bir məqsədi var – cinayət törətmək. Öldür, oğurla və həbs olun!

İndi bu məsələyə Azərbaycandan baxaq. Əminəm ki, “çolkalı”, “təsbehli”, “ponyatkalı” gənclərə şəhərin hər yerində rast gəlirsiniz. Onlar daha çox dəstə halında gəzir, küçədə yüksək səslə danışır, ətrafdakı insanlara, daha çox da xanımlara söz atırlar. Qaranlıq tinlərdə kimin üstünə bıçaq çəkib-çəkməyəcəkləri an məsələsidir deyə düşünürəm. Yadıma bir cinayət epizodu düşdü. Gənc oğlanın Bakıda, küçədə, günün gündüz çağı bıçaqla anasını qətlə yetirərkən şəhər kameralarına düşməsi yadınızdadır? Ay sağ olun. Məhz o hadisə. 

Mənim üçün çox maraqlıdır ki, “Tiktok”da, “İnstagram”da burnunun suyu axan, “AUE – jizin faram” deyən gənclərin neçə faizi özünü həqiqətən də bu kriminal subkulturaya aid edir. Yoxsa, əksəriyyəti sadəcə özünü daha “krutoy” göstərmək üçün belə edir? Amma bir məsələ var ki, əgər AUE-çi kimi düşünürsə, deməli, potensial canidir, cinayətkardır. Bəs bunlarla nə etməli? Necə davranmalı? Rusiya hökuməti kimi görməzdən gəlmək, yoxsa islah etmək?. Və ya nəsə başqa addımlar atmaq?

Elə dünən “bantik taxılan gəncin” hadisəsinə sosial şəbəkələrdə yazan bir nəfərin şərhi diqqətimi çəkdi. Yazıb ki, “Qardaşım, hamını gərək öz dilində başa salasan. Bunu 15 sutkalıq içəri sal, çıxıb deyəcək ki, “qaqa, qardaşuz söydü, getdi yatdu, çıxdı”, gələn dəfə yenə söyəcək. Bunu 18 il ailəsi tərbiyə edə bilməyib. 15 sutka və ya pul cəzasımı tərbiyə edəcək?”…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir