Cəmiyyət

Xaçmazın mərkəzində suvarma kanalı zibilliyə çevrilib, ərazidə antisanitariya yaranıb – FOTO

Sharing is caring!

Xaçmaz şəhərinin mərkəzində yerləşən suvarma kanalı məişət tullantılarının atıldığı zibilliyə çevrilib.

Bu barədə “Report”un Şimal bürosuna yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, hazırda kanalın Mirzə Fətəli Axundov, Nazim Məmmədov, Habil Əliyev və şəhid Anar Mürsəliyev küçələrindən keçən hissələrində zibil tullantıları yığılıb.

Bildirilib ki, buna görə də rayonun bir neçə kəndinin təsərrüfatda istifadə etdiyi suvarma kanalında antisanitariya şəraiti hökm sürür. Bununla yanaşı, buraya atılan tullantılar ərazidə ekoloji fəlakət yaradıb. Məişət tullantılarının yaratdığı üfunət isə ətrafda yaşayan sakinlərin narahatlığına səbəb olub.

Eyni zamanda, tullantıların qalaqlanması nəticəsində kanalın çirkli suyu daşaraq yaxınlıqdakı fərdi yaşayış evlərinin həyətlərinə axır. Sakinlər burada hökm sürən antisanitariyanın bir sıra xəstəliklərə yol aça biləcəyindən narahatlıqlarını ifadə ediblər.

Onların sözlərinə görə, ərazidə zibil qutuları yerləşdirilmədiyindən məişət tullantılarını yandırmağa məcbur olurlar. Bu isə yanğın təhlükəsizliyi baxımından bir sıra risklərə yol açır. Həmçinin bununla ətrafdakı ağaclara və rabitə xətlərinə ciddi ziyan vurmuş olurlar.

Məsələ ilə bağlı Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən bildirilib ki, sözügedən problemin aradan qaldırılması ilə bağlı bir neçə dəfə müvafiq işlər aparılıb. Amma hələ də problemi köklü şəkildə həll etmək mümkün olmayıb.

Xaçmaz Rayon Mənzil Kommunal Təsərrüfat İdarəsindən isə qeyd olunub ki, hazırda rayonda kanalı zibillərdən təmizləyəcək texnika mövcud deyil. Bununla yanaşı, vurğulanıb ki, sözügedən əraziyə bir daha baxış keçiriləcək və əraziyə zibil qutuları qoyulacaq.

Xatırladaq ki, Xaçmaz şəhərinin su-kanalizasiya sistemi 2018-ci ildə yenilənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir