Cəmiyyət

Piyadaların üzərinə palçıqlı su sıçradan sürücülərlə bağlı BDYPİ-dən AÇIQLAMA

Sharing is caring!

Son iki gün ərzində qarlı hava şəraiti ilə əlaqədar olaraq bütün hərəkət iştirakçıları çətinliklər yaşayırlar. Onlar arasında xüsusilə piyadaları vurğulamaq olar. Sosial şəbəkələrdə nəqliyyat vasitələrinin piyadaların yanından keçərkən sürət həddinə nəzarət etməməsi və yol kənarındakı palçıqlı suyu piyadaların üzərinə sıçratması barədə paylaşımlar edirlər.

Bəs bu kimi hallara yol verən sürücülər məsuliyyətə cəlb edilə bilərmi?

Piyadalara su sıçradan sürücülərlə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, hazırda respublikanın bəzi bölgələrində və paytaxtda qarlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır:

“Məlumdur ki, qarlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır. Odur ki, mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı yollarda daha məsuliyyətli olmalıdır. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə, eləcə də şinlərin mövsümə uyğun olmasına və əyləc sisteminin sazlığına əmin olmalı, qar sularının yollarda yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar”.

Polis mayoru onu da əlavə edib ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranış nümunəsidir:

“Bununla yanaşı, həm də inzibati məsuliyyət yaradır. Belə sürücülər aşkar edildiyi təqdirdə barələrində İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Nəzərə almaq lazımdır ki, şaxtalı havada piyadaların su ilə islanması xoşagəlməz bir hal yaradır. Bütün sürücülər yollarda hərəkət edərkən piyadalarıda nəzərə almalıdırlar.

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşı tərəfə keçməyi tövsiyə edirik”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinin tələblərini pozan şəxslər 40 manat məbləğində cərimə edilirlər.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir