Cəmiyyət

Ekspert: “Subyektlər öz işçilərinə 345 manatdan aşağı əməkhaqqı yaza bilməyəcəklər” – FOTO

Sharing is caring!

“Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya məbləğlərinin artırılması digər əməkhaqqı və pensiya məbləğlərinin də artırılmasına səbəb olacaq”.

Bunu “Report”a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Yanvarın 5-də Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla Azərbaycanda minimum aylıq əməkhaqqı cari il yanvarın 1-dən 345 manat müəyyən edilib. Eyni zamanda Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Ekspertin sözlərinə görə, artıq dövlət və özəl sektorda fəaliyyət göstərən subyektlər öz işçilərinə 345 manatdan aşağı əməkhaqqı yaza bilməyəcəklər:

“Yəni minimum əməkhaqqı məbləğinin təyin edilməsi, əslində, 345 manatdan aşağı əməkhaqqının verilməsini qadağan edən bir sərəncamdır. Eyni fikri 280 manat həddində minimum pensiya məbləğinə də aid etmək olar. Bu vaxtacan 345 manatdan aşağı əməkhaqqı alanların maaşının 345 manata qaldırılması digər işçilərin də maaşına təsir edəcək”.

E.Əmirov bildirib ki, ölkədə minimum əməkhaqqı və minimum pensiya məbləğinin artırılması əhalinin sosial rifahının yaxşılaşdırılması üçün silsilə tədbirlərin davamıdır:

“Bu addımlardan biri də hər il minimum əməkhaqqı və minimum pensiya səviyyəsinin artırılmasıdır. Bu il də həmin addımlardan biri atılıb. Sadəcə, əvvəlki illərdə minimum əməkhaqqının artım faizi minimum pensiya məbləğinin artım faizinə bərabər olurdu. Bu il isə minimum pensiya məbləğinin artım faizi minimum əməkhaqqı məbləğinin artım faizini üstələdi. Daha dəqiq desək, minimum əməkhaqqı 15%, minimum pensiya isə 16,66% artırılır. Nəticədə minimum pensiya artımından 100 mindən çox şəxs, minimum əməkhaqqı artımından isə 700 min nəfər yararlanacaq. Bu, kifayət qədər böyük əhali kütləsini əhatə edən bir qərardır”.

Ekspert hesab edir ki, bu il ölkədə digər sosial addımların da atılması müşahidə ediləcək:

“Azərbaycanın builki dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 50 ABŞ dollarından götürülüb. Neftin satış qiymətinin isə orta hesabla 80 ABŞ dollarının üzərində olacağı ehtimal olunur. Bu da yay aylarında büdcəyə yenidən baxılmasına imkan verəcək. Bu zaman ölkədə sosial ödənişlərlə bağlı yeni qərarlar qəbul edilə bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir