Cəmiyyət

Dəhşətli “Huggy Wuggy”, yoxsa mehriban “Xaqi Vaqi”? – Valideynlərin qorxduqları məsələ aydınlaşdı + AÇIQLAMA

Sharing is caring!

Uşaqlar arasında məşhur olan “Huggy Wuggy” oyuncaqları və onların uşaqlara ziyanı barədə məlumatlar bir müddətdir ki, paylaşılır. Psixoloji təsirləri bir yana, belə oyuncaqlarda zərərli maddə də aşkarlanıb. Məsələn, Rusiyanın “Roskaçestvo” qurumunun apardığı araşdırma nəticəsində “Huggy Wuggy” oyuncaqlarının, demək olar ki, 90%-də başağrısı və dermatitə səbəb olan zəhərli fenol maddəsi tapılıb. Fenol neylon və kapron, müxtəlif qatranların istehsalı üçün istifadə olunur. Əgər uşaq daim oyuncaqla təmasda olarsa, bu, dərinin allergik reaksiyasına (dermatit) səbəb ola bilər. Həmçinin fenol buxarından zəhərlənmə başağrısı yarada bilər.

Bütün bunlar nəzərə alınaraq Rusiyada və bir neçə digər ölkədə bu oyuncaqların satışı qadağan edilib.

Kompüter oyunu personajı əsasında yaradılmış “Huggy Wuggy” oyuncaqları iti dişləri və vəhşi təbəssümü olan qorxulu canavarı xatırladır. Bu obrazın oyundakı rolu isə oyunçunu ölümcül olana qədər qucaqlamaq və ondan bir hissə dişləyib qoparmaqdır. Bir çox ölkələrdə ekspertlərin, psixoloqların bu oyunun uşaq psixologiyasına uyğun olmadığı, uşaqlara şiddət aşıladığı qənaətinə gəlinsə də, bu gün Azərbaycanda “Huggy Wuggy”ni izləmək üçün biletlər satışa çıxarılıb.

Oxucuların redaksiyamıza göndərdikləri məlumata görə, yanvarın 29-da Bakı Musiqi Akademiyasının Opera studiyasının konsert salonunda uşaqlar üçün “Xaqi Vaqi” sehrli dünyada” adlı proqram təşkil ediləcək. Biletlərin qiyməti 9 manatdan 29 manata qədər dəyişir. Bəs görəsən, “Xaqi Vaqi” ilə “Huggy Wuggy” arasında nə fərq var? Uşaqlar şiddətli animasiya izləyəcəklər, yoxsa bu, sadəcə, diqqət çəkmək üçün istifadə edilən addır?

“Xaqi Vaqi” sehrli dünyada” adlı teatral sirk şousunun təşkilatçıları Anar Əliyev və Zaur Əliyevdir.

Oxu.Az-ın əməkdaşı təşkilatçılardan biri olan Zaur Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, şouda “Xaqi Vaqi” sadəcə aparıcı olacaq:

“Biz yerli sehrbaz, illüziya ustasının iştirakı ilə uşaqlara maraqlı, əyləncəli şou-proqram hazırlamışıq. Bu proqramda heç bir şiddət, aqressiya və neqativ halları özündə əks etdirən səhnələr ola bilməz. Tamaşanın adı və obrazlarının məşhur “Huggy Wuggy” ilə oxşarlığı olsa da, o personajın orijinal variantının tam tərsi olan mehriban, gülərüz, səmimi bir obrazı uşaqlara təqdim edəcəyik. Afişadan da göründüyü kimi, heç bir sərt görünüş, qorxulu simadan söhbət belə gedə bilməz. Bu proqramda uşaqlar sirkdə gördükləri sehrli, maraqlı səhnələrin teatral üsluba uyğunlaşdırılmış variantlarını izləyəcəklər. Proqramın “Huggy Wuggy” obrazının orijinal xoşagəlməz məzmunu ilə heç bir əlaqəsi yoxdur”.

Psixoloq Təranə Kazımova Oxu.Az-a açıqlamasında qeyd edir ki, “Huggy Wuggy” “Mavi balina”, “Momo” kimi dəhşət təlqin edən oyunlardan sonra yaranan “Poppy Playtime”ın personajıdır və yenidən uşaqların psixologiyasına təsir edir:

“Bu oyuncaqlar azyaşlı uşaqlara qəribə bir formada sevdirilib. Oyun internet platformasında 12 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, onun personajını əks etdirən oyuncaqları bağça, məktəbəqədər yaşlı uşaqların əllərində görürük. Türkiyədə aparılan araşdırmalar göstərib ki, bu oyunun neqativ təsiri uşaqlar arasında bir-birinə qarşı şiddətlə – vurmaq, boğmaq, itələmək kimi davranışlarla özünü göstərir. Məktəblərdə şagirdlər arasında neqativ halların artması səbəbindən Türkiyədə aidiyyəti qurumlar bütün satış mərkəzlərindən bu oyuncaqların yığışdırılması üçün tədbirlər gördü.

Birmənalı olaraq bu oyuncağı satanlar səhv edirlər, amma onu alan valideyn də öz uşağına ziyan vurur. Uşağın hər sevdiyini, istədiyini almaq olmaz. Yəni hər istəyi yerinə yetirmək yaxşı valideyn olmaq demək deyil. Araşdırmaq lazımdır ki, bu oyuncaq nədir, hansı personajdır. “Huggy Wuggy”nin rəngləri ilə belə, ayrı-seçkilik edilir – mavi rəng oğlanlar, çəhrayı isə qızlar üçün nəzərdə tutulub. Bu gün bu xırda nüanslara diqqət etmədikdə uşaqlar müəyyən yaşdan sonra cinayətəmeyilli, problemli psixologiya sahibi fərd kimi cəmiyyətə atılacaqlar”.

Psixoloq deyir ki, bu cür oyuncaqları 12 yaşdan aşağı uşaqlara qətiyyən vermək olmaz:

“Hətta uşaq arabasında olan körpələrin yanında biz “Huggy Wuggy” oyuncaqlarını görürük. Ünsiyyət çətinliyi, davranış pozğunluğu yarana bilər, əgər uşaqlarda bu cür hallar müşahidə edilirsə, mütləq mütəxəssislərə müraciət etsinlər. Valideynlər bəzən ətrafda, təhsil müəssisələrində günahkar axtarırlar, amma məncə, uşaqların gündəlik həyatda, internet üzərindən nə izlədiklərinə, hansı oyun və oyuncaqlara meyil etdiklərinə nəzarət etməlidirlər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir