Cəmiyyət

Polis mayoru: “Sürücülər bir-birinə “polisdən qorxursan?” deyib, qayda pozmağa vadar edirlər” – MÜSAHİBƏ +FOTO

Sharing is caring!

Yeni ilin ilk günündə Bakının Heydər Əliyev prospektində baş verən və beş nəfərin ölümünə səbəb olan dəhşətli avtomobil qəzası hər kəsi sarsıtdı. Ümumilikdə isə son iki gündə yol-nəqliyyat hadisələrində 10 nəfər həlak olub, beş nəfər xəsarət alıb.

Ötən il respublika yollarında sürücü və ya piyada məsuliyyətsizliyi səbəbindən baş verən qəzaların sayı, tıxaclar və bütün bu problemlərdən çıxış yolları barədə suallarımıza cavab almaq üçün bayram günlərində gücləndirilmiş iş rejimində çalışan Baş Dövlət Yol Polisi İdarəsinə üz tutduq.

Oxu.Az Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev ilə müsahibəni təqdim edir:

– Əvvəlcə statistikaya nəzər salaq. Ötən il ərzində ölkə ərazisində nə qədər yol-nəqliyyat hadisəsi baş verib?

– 2022-ci ilin 11 ayı ərzində respublika yollarında 1 553 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 757 nəfər ölüb, 1 369 nəfər yaralanıb. 2021-ci illə müqayisədə qəzaların sayında bir qədər artım qeydə alınıb. Onu da qeyd etmək yerinə düşər ki, 2022-ci ildə pandemiyanın səngiməsi ilə həm şəhərlərdə aktivlik çoxalıb, həm də avtomobillərin sayı. Bu da istər-istəməz qəza saylarına təsirsiz ötüşmür.

Biz rəqəmlərin hər birinə insan həyatı olaraq baxırıq. Rəqəm səsləndirmək asandır, ancaq onların hər birinin bir insanın taleyi olduğunu düşünəndə onları səsləndirmək insana çox ağır gəlir. Ona görə biz qurum olaraq bir hadisəni, bir ölümü belə, çox hesab edirik. Səlahiyyətimiz çərçivəsində bu hadisələrin qarşısının alınması üçün əlimizdən gələni edir və gecə-gündüz xidmət aparırıq. 

– Qəzalar daha çox hansı səbəblərdən baş verir?

– Sürət həddinin aşılması, yorğun və yuxusuz halda avtomobil idarə edilməsi, sürücünün diqqətinin yayınması, xüsusilə başının telefona qarışması, ötmə və manevr qaydalarının pozulması, piyadaların yolu müəyyən edilməyən yerdən keçməyə çalışmaları qəzaların başvermə səbəbləri sırasında çoxluq təşkil edir. Təəssüf ki, bu hallar səbəbindən baş verən qəzaların ağırlıq dərəcəsi də çox olur. Bütün səbəblər tərəfimizdən ətraflı araşdırılır. Araşdırma zamanı qəza törədən sürücünün yaşı, cinsiyyəti, sürücülük təcrübəsi, əvvəllər hansı qayda pozuntularını törətdiyi və s. məqamların hamısı təhlil edilir. Bu təhlillər nəticəsində bizim üzərimizə düşən hansı tədbirlərin görülməsi vacibdirsə, o da tərəfimizdən həyata keçirilir.

– Sükan arxasında çoxlarının diqqətini telefon məşğul edir. Bu məqamı elektron qaydada aşkarlamaq, məncə, mümkün deyil. Amma yol-nəqliyyat hadisələrinin “günahkar”ları sırasında ilk yeri elə mobil telefonlar tutur…

– Təəssüf ki, haqlısınız. Hazırda bu səbəbdən baş verən qəzaların sayında böyük artım var. Bir çox Avropa ölkələrində sükan arxasında telefondan istifadə edən sürücülərin aşkarlanması və protokol tərtib edilməsi kameralar vasitəsilə həyata keçirilir. Çünki avropalı ekspertlər hesab edirlər ki, 2030-cu ilə qədər telefon səbəbindən baş verən qəzaların sayında dünya ölkələri üzrə 40%-ə yaxın artım olacaq. Ona görə indidən bu istiqamətdə ciddi tədbirlərin görülməsinə ehtiyac duyurlar. Biz də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi olaraq bu istiqamətdə səlahiyyətlərimiz daxilində müvafiq işlərin görülməsini təmin edirik.

– Bir çox ölkələrdə axşam saatlarında hərəkət iştirakçılarının xüsusi işıqqaytaran elementli jilet geyinmələri tələb olunur. Hətta buna riayət etməyən hərəkət iştirakçıları cəzalanırlar. Əslində, küçələrin və avtomobil yollarının işıqlandırılmasında mövcud problemləri nəzərə alsaq, bizim ölkədə də bunun tətbiqinə ehtiyac var, necə düşünürsünüz?

– Çox yaxşı mövzuya toxundunuz. Bu yaxınlarda biz bir layihə həyata keçirdik. Moped, motosiklet və velosiped sürücülərinin sutkanın qaranlıq vaxtında digər sürücülər tərəfindən seçilmələri üçün onlara 1 000 ədəd xüsusi jilet payladıq. Əlbəttə, avtomobillərə nisbətdə müdafiəsiz hesab olunan belə sürücülərin sutkanın qaranlıq vaxtı avtomobil sürücüləri tərəfindən aydın görünmələri onların təhlükəsizliyi üçün çox vacibdir. Bəzi Avropa ölkələrində, eləcə də qardaş ölkə Türkiyədə gecə vaxtı moped, motosiklet, skuter və velosiped idarə edərkən işıqqaytaran jiletlərdən istifadə məcburi xarakter daşıyır.

Eyni zamanda, tərəfimizdən məktəblilərə çantaların üzərinə vurulması üçün 1 000 ədəd işıqqaytaran sancaq paylanılıb. Burada əsas məqsəd axşam saatlarında məktəblilərin sürücülər tərəfindən görünmələrini təmin etməkdir. Belə tədbirlərimiz davam etdiriləcək.

– Ölkə ərazisində, xüsusilə paytaxtda tıxacların artması insanları narahat edən başlıca səbəblərdən biridir. Bu istiqamətdə hansı tədbirlərin görülməsi planlaşdırılır?

– Bununla bağlı bütün dövlət qurumları kompleks tədbirlər həyata keçirirlər. Yük avtomobillərinin paytaxt ərazisinə daxil olmasında vaxt məhdudiyyətinin tətbiqi də bunlardan biridir. Əlbəttə, bizim qurum səlahiyyətləri çərçivəsində müəyyən tədbirlər görür. Bunlardan biri kimi paytaxtda yerləşən diaqnostika mərkəzlərinin 24 saat fasiləsiz xidmətini göstərə bilərik.

Həmçinin paytaxt yollarında avtobus zolaqlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilir. Bu, çox vacib məsələdir. Bu zolaqların tətbiqi həm sərnişinlərin təhlükəsizliyi, həm də rahatlığı deməkdir. Bizim də əsas məqsədimiz və istəyimiz budur. Bu zolaqlar eyni zamanda avtobusdan istifadə hallarının çoxalmasına və nəticə etibarı ilə paytaxt yollarında fərdi avtomobillərin sayının azalmasına səbəb ola bilər.

– Bəs axı şəxsi avtomobillərin sürücüləri avtobus zolaqlarına girərək dediyiniz prosesin həyata keçməsinə mane olurlar. Bunun qarşısını necə alırsınız?

– Doğrudur, təəssüf ki, bəzi sürücülər bu qaydalara riayət etmirlər. Bakıda avtobus zolaqlarına daxil olan sürücülər aşkarlandıqları an birmənalı olaraq inzibati məsuliyyətə cəlb edilirlər. Sürücülər nəzərə almırlar ki, bir avtobus 80 sərnişin daşıyır. Həmin avtobus olmasa, o 80 sərnişin şəxsi avtomobil istifadə etməyə məcbur qalacaq, yollarda xaos yaranacaq. Sürücülərimiz bunu nəzərə almalı və avtobusların hərəkətinə mane olacaq addımlar atmamalıdırlar.

– Bizim sürücülər qaydaları “cəriməsi 40 manatdır, ödəyəcəyəm, bitəcək” deyərək pozurlar. Necə düşünürsünüz, eyni qaydaları dəfələrlə pozan hərəkət iştirakçıları üçün hansı cəzalar qanunvericiliyə əlavə oluna bilər?

– Ümumiyyətlə, heç vaxt başlıca məqsədimiz sürücünü cərimələmək olmayıb. Biz qurum olaraq hər zaman çalışmışıq ki, ilk növbədə sürücülər arasında təbliğat işlərini gücləndirək, onlarla mütəmadi profilaktik söhbətlər aparaq, qayda pozuntuları, onların səbəb olduğu ağır faciələr barədə ətraflı məlumatlar verək.

Əlbəttə, sürücü, əgər bütün bunlara əhəmiyyət verməyib qayda pozursa, qanunvericiliyin normalarına uyğun olaraq cərimə edilir. Qayda pozuntuları yollarda təhlükəsizliyin təmin olunması məqsədilə quraşdırılmış xüsusi texniki avadanlıqlar vasitəsilə aşkar edilir və elektron qaydada protokol tərtib olunur. Hazırda elektron protokollar üstünlük təşkil edir, yəni pozuntunu xüsusi texniki avadanlıq aşkarlayır və protokolu tərtib edir.

– Yollarda sürət həddinin endirilməsi ilə bağlı son günlər bir çox çıxışlarınız olub. Söhbət hansı yollardan gedir və nə vaxtdan tətbiq edilməsi gözlənilir?

– Sürücülər elə bilirlər ki, mənzil başına tez çatmaq üçün sürət həddi yüksək, yollar işıqforsuz, ümumiyyətlə, maneəsiz olmalıdır. Reallıq və elmi araşdırmalar isə bunun əksini deyir. İlk növbədə hər bir yolun ötürücülük qabiliyyəti var və bu ötürücülüyün davamlılığı üçün də müəyyən bir sürət həddi hesablanır. Yəni qısası, yollarda sürət həddi müəyyən olunandan aşağı və yuxarı olanda orada tıxac yaranır. Eyni zamanda, işıqforların çoxluğu yolda hərəkət axınını parçalayır və həmin parçalanmış hissədə hərəkəti başa çatdırmağa şərait yaradır.

Məsələn, şəhərdə olan hər hansı bir körpü və ya tunel eyni anda 100 avtomobili ötürmək qabiliyyətindədirsə, işıqforun nəqliyyatın hərəkətini parçalamaması səbəbindən 1 000 avtomobil gəlib yolun eyni hissəsində ilişib-qala, nəticədə tıxac yarana bilər. Ancaq işıqfor həmin o min avtomobili yüz avtomobil olmaqla on hissəyə parçalasa, həmin avtomobillərin hərəkəti nizamlanar.

İşıqfor eyni zamanda yollarda təhlükəsizlik baxımından da vacib elementdir. Çünki sürücü biləndə ki onun gedəcəyi 30-40 km-lik bir məsafədə bir dənə də olsun maneə və işıqfor yoxdur, o istər-istəməz sürəti artırmalı olur. Çünki həmin sürücülərə sürəti artırmaq üçün əlverişli şərait yaranır və bəziləri də bundan yararlanmağa çalışırlar. Bu da son nəticədə şəhərdaxili yollarda qəzaları qaçılmaz edir.

Dünən Bakıda beş nəfərin ölümü ilə nəticələnən qəzanı da buna misal çəkə bilərəm. Həm sürətin aşağı olması, həm də işıqforlar yollarda təhlükəsizlik baxımından çox əhəmiyyətlidir. Mən hər dəfə şəhər daxilində həm piyadalar, həm də sürücülər üçün təhlükəli hesab olunan yollarda sürət həddinin endirilməsi ilə bağlı fikir səsləndirəndə bəzi sürücülər buna tənqidi yanaşırlar.

Ancaq nəzərə alınmalıdır ki, bizim qurum atılan hər addımda təhlükəsizliyi əsas götürür. Yəni yüksək sürət sürücülər üçün xoş ola bilər, yaxşı bəs piyadalar, velosipedçilər, sərnişinlər, bir sözlə, digər yol hərəkəti iştirakçıları?  

– Rövşən bəy, yollarda quraşdırılan radarlar, sizcə, qayda pozuntularına nə qədər əngəl ola bilir? Çünki çoxları radarların yerini əzbərləyiblər və sürət həddi 90 km/saat olan yolda radara qədər 120-150 km/saatla hərəkət edir, radara çatanda sürəti azaldırlar.

–  Təəssüf ki, dediyiniz məqam var. Sürücülər radarı və yollarda xidmət aparan DYP əməkdaşlarını gördükləri zaman sürəti endirir, təhlükəsizlik kəməri taxırlar və s. Məsələn, rayonlararası yollarda yaşayış zonalarında sürət həddi 60 km/saata endirilib. Amma piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisələrinin təhlilini aparanda görürük ki, sürücülər həmin ərazilərdə sürət həddinə riayət etmirlər. Sürücü bəzən o yolda 110-120 km/saatla hərəkət edir. Nəzərə almır ki, hər an qarşısına insan və ya mal-qara çıxa bilər.

– Bəzən sürücülərlə DYP əməkdaşları arasında mübahisəli məqamlar olur. Yol-nəqliyyat hadisəsində hər kəs özünə haqq qazandırmağa çalışır. Hətta “qismətdə var idi, oldu, qəzadır da” deyərək məsələni həll etməyə çalışırlar. İnsanları buna vadar edən nədir?

– Bu, insanların öz məsuliyyətsizliyinə bəhanə tapmaq cəhdlərindən başqa bir şey deyil. Yollarda təyin edilən sürət həddini aşır, nəticədə piyadanı vurur, piyada ya ağır yaralanır, ən pis ehtimalla ölür, sürücü isə deyir ki, “olacaq imiş”. Heç kim qəzadan sığortalanmayıb, düzdür. Ancaq bunu bilərəkdən qayda pozuntusu edən, qaydalara biganə yanaşan, nəticədə də ağır qəza törədən sürücülərə şamil etmək nə dərəcədə düzgündür? Sürücü məsuliyyətsizliyi səbəbindən baş verən qəzanı qismət və ya “olacaq” adlandırmaq düzgün olmaz. Bunun tək bir adı var, o da məsuliyyətsizlik.

Günahkar tərəf bütün hallarda öz vicdanını rahatlatmaq üçün özünə, öz səhvinə bir don geyindirməyə çalışır. Təəssüf ki, bəzən ailə yaxınları da məsələyə eyni düşüncə ilə yanaşır və “cana gəlincə mala gəlsin” deyib, dəstək olduqlarını düşünürlər. Ancaq bilməlidirlər ki, belə etməklə böyük səhvə yol verirlər. Məncə, həmin insanların səhvlərini başa düşüb, bundan dərs çıxarmaları, bir daha həmin səhvləri təkrarlamamaları düzgün olardı. Biz bunu hər dəfə deyirik ki, qaydalara riayət olunması ilə bağlı təbliğat ilk növbədə ailədə başlamalıdır. Valideynlər övladlarına məsuliyyətli olmağı aşılamalıdırlar. Buna nail olsaq, hər şey daha yaxşı ola bilər.

– BDYPİ tərəfindən bir çox sosial çarxlar çəkilir. Təhlükəsizlik kəməri, piyada keçidinə üstünlük vermək, xüsusilə yol keçərkən qulaqlıqlardan istifadənin təhlükəli olması ilə bağlı. Effektiv olurmu?

– Təhlükəsizlik kəməri ilə bağlı bu gün vəziyyət əvvəlki dövrlərlə müqayisədə qənaətbəxşdir. İnanın ki, insanlar bəzən bir-birini qayda pozmağa meyilləndirirlər. Bir-birinə “polisdən qorxursan?” deyərək, qayda pozmağa sövq edirlər. Nəzərə almırlar ki, polis qorxutmaq üçün yox, insanların təhlükəsizliyi üçün, onların mənzil başına sağ-salamat çatmaları üçün gecə-gündüz, qarda, küləkdə, yağışda xidmət edir. İnsanların təhlükəsizliyi naminə bayramları belə, ailələri, yaxınları ilə qeyd edə bilmirlər.

– Sürücülük vəsiqəsi aldığı gündən etibarən heç bir qayda pozuntusuna yol verməyən sürücülər varmı?

– Bu çox maraqlı sualdır. Əlbəttə, heç bir qayda pozuntusuna yol verməyən, qaydalara çox ciddi riayət edən, məsuliyyətli sürücülər ölkəmizdə kifayət qədər var. Hətta mən deyərdim, gənc sürücülər qaydalara daha ciddi riayət edirlər, çünki onlar avtomobili daha ehtiyatlı idarə edirlər. Təəssüf ki, bəzən təcrübəli hesab olunan sürücülərdə özünəarxayınlıq yaranır və bunun nəticəsi heç də yaxşı olmur. Ona görə təcrübəsindən asılı olmayaraq, hər kəs qaydalara ciddi riayət etməlidir.

Biz mütəmadi olaraq aktiv avtomobil sürücüsü olan və uzun müddət qayda pozmayan sürücüləri aşkar edib, onları mükafatlandırırıq. Sizin vasitənizlə bir daha bütün sürücülərə müraciət edirik: əgər kimsə aktiv nəqliyyat vasitəsi sürücüsüdürsə, çox uzun müddət heç bir qayda pozmayıbsa, sizinlə əlaqə yaratsın. Biz həmin müraciəti araşdıraq. Əgər, doğrudan da, həmin sürücünün uzun müddət qayda pozuntusu olmadığı aşkarlanarsa, onu mükafatlandırarıq.

– Velosiped sürənlər üçün necə, növbəti ildə hansı sevindirici addımlar atılacaq?

– Bir çox ölkələrdə həm velosipedçilər, həm də skuter sürənlər üçün maraqlı layihələr həyata keçirilir. Bizim ölkəmizdə də bu istiqamətdə işlər görülür. Bununla bağlı qarşılaşdığım maraqlı bir təcrübəni qeyd etmək istərdim. Bəzi Avropa ölkələrində sürət həddi 30 km/saat nəzərdə tutulan küçə və prospektlərdə, eləcə də bu sürət həddi müəyyən olunmuş avtobus zolaqlarında velosipedçilərin və skuter sürənlərin hərəkətinə icazə verilir. Gələcəkdə ölkəmizdə bu təcrübədən istifadə oluna bilər.  

– Yollarda ən çox problem yaradan iştirakçılardan biri də taksilərdir. Bu gün müxtəlif peşə sahibləri belə, işdən sonra asudə vaxtlarını taksi sürməklə keçirirlər. Niyə?

– Hamı elə bilir ki, taksi sürmək asandır. Lakin taksi sürücüsü olmaq çox çətin və bir o qədər də məsuliyyətli işdir. Bu gün qeyri-peşəkar taksi sürücülərinin sayının artması ilk növbədə uzun illər taksi peşəsi ilə məşğul olan sürücüləri narahat edir. Bakı şəhərinin yollarına bələd olan, küçə və prospektlərini dəqiq tanıyan peşəkar taksi sürücüləri qeyri-peşəkarlarla qarşı-qarşıya qalırlar.

Ümumiyyətlə, ölkədə kifayət qədər iş sahələri var, hər kəs öz ixtisası üzrə normal iş tapa bilər. Lakin təəssüf ki, bəzən insanlar peşəkar olduqları işlərini kənara qoyub, asan iş hesab etdikləri taksi fəaliyyəti ilə məşğul olmağa başlayırlar. Sonda isə çox acı nəticələrlə qarşılaşırlar.

Ötən ilin doqquz ayı ərzində təkcə rayonlararası yollarda yol-nəqliyyat hadisəsi törətdiyi üçün 133 sürücü barəsində cinayət işi açılıb. Onların da 60 faizindən çoxu taksi sürücüləridir. Araşdırma zamanı məlum olur ki, tamam başqa ixtisas sahibidir, bir maşın alıb gecə-gündüz, istirahət rejiminə əməl etmədən düşüb yollara. Sonda isə qayda pozuntusuna yol verdiyi üçün bir və ya bir neçə şəxsin ağır yaralanmasına, hətta ölümünə səbəb olub. Bu yaxınlarda iki azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində taksi sürücüsünün ilkin ifadəsi bizi dəhşətə gətirmişdi. O qeyd etmişdi ki, 24 saat dayanmadan avtomobil idarə edib və sonda sükan arxasında yuxulayıb. 

– Taksi fəaliyyətinin keyfiyyətini artırmaq, qəza hallarını azaltmaq və nəhayət, sərnişinlərin taksilərdə qarşılaşdıqları neqativ halları minimuma endirmək üçün hansı tədbirləri effektiv hesab edirsiniz?

– Heç kim heç kimi taksi sürücüsü olmağa məcbur etmir. Çətin peşədir. Hər kəs öhdəsindən gələ biləcəyi peşədə çalışmalıdır. İnsan var ki, rejim, intizam səbəbindən 1 200 manat maaş aldığı işini atıb ayda 700-800 manat qazanıb-qazanmayacağı da bəlli olmayan taksi sürücüsü olur. Axırda da elə bir qəza törədir ki, ya həlak olur, ya da kimlərinsə həyatını itirməsinə səbəb olur. Bu “rahatlıq”, “öz əlim, öz başım” anlayışı düzgün yanaşma deyil.

– 20 Yanvar dairəsi deyilən ərazidə taksi kimi fəaliyyət göstərən, yolüstü sərnişin götürən avtomobillər var. İnsanlar məcburiyyətdən bu maşınlardan istifadə edirlər, lakin təhlükəsizliklə bağlı heç bir zəmanət yoxdur. Bu məsələyə münasibətiniz necədir?

– Təbii ki, belə hallarda ərazidə xidmət aparan DYP əməkdaşları bu məsələyə yerində müdaxilə edirlər. “20 Yanvar” dairəsində  DYP əməkdaşları mütəmadi olaraq xidmət aparırlar. Lakin həmin qeyri-qanuni taksi fəaliyyəti göstərən sürücülər DYP əməkdaşları ərazidə olan zaman yoxa çıxırlar, polis əməkdaşları olmadıqda isə bir anda peyda olurlar. Belə hallarla rastlaşırıq.

Amma bu cür, bir-iki manat müqabilində taksi xidməti göstərən şəxslərin avtomobilinə minən sərnişinlər də düzgün etmirlər. O şəxslər taksi sürücüsü kimi heç bir yerdə qeydiyyatda deyillər. Onların cinayətkar, yaxud səriştəli sürücü olub-olmadığı belə, məlum deyil. İnsanlar bu cür risklərə getməməlidirlər.

– Sürücülərin şikayət etdikləri məqamlardan biri də “İ-patrul” ilə bağlıdır. Daha doğrusu, yollarda sürücülərin görə bilməyəcəkləri gizli nöqtələrdə dayanaraq xidmət aparan DYP əməkdaşları ilə.

– Bu məsələyə istər bir hərəkət iştirakçısı kimi, istərsə də qurum rəsmisi kimi cavab verəcəyəm. Birmənalı olaraq yollarda qaydalara riayət ediriksə, bizə radarların, DYP əməkdaşlarının və ya “İ-patrul” sisteminin harada olmasının əhəmiyyəti yoxdur. Əgər siz qaydalara riayət edirsinizsə, qayda pozmursunuzsa, sizin üçün nə fərqi var, elə deyilmi? Bu, yalnız sürət həddini pozduqda “İ-patrul” sistemi tərəfindən elektron protokol tərtib edilən sürücüləri narahat edir ki, onlar bu barədə sosial şəbəkələrdə paylaşım edərək, narazılıqlarını dilə gətirirlər.

Bundan əlavə, yollarda radar olduğuna dair məlumatlandırıcı lövhələr mövcuddur. Belə olan halda “İ-patrul” sistemi stasionar radarın altında dayanıb xidmət aparmalıdır? Əlbəttə ki, xeyr. DYP əməkdaşları mütəmadi olaraq ərazidə xidmət aparırlar və sürət həddini aşan sürücülər barəsində elektron protokol tərtib edilir. Bəzi sürücülər də bundan narazıdırlar. Çünki onlar stasionar radarlara yaxınlaşanda təyin edilən sürət həddinə riayət edirlər, amma “İ-patrul”a nəzarət edə bilmirlər. Ancaq bu yanaşma düzgün deyil. İnsan ilk növbədə özünə, öz təhlükəsizliyinə görə qaydalara riayət etməlidir, radar qorxusuna görə yox.

Biz bütün ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkələrdə də yollarda stasionar radarlarla yanaşı, mobil radarlar quraşdırılır. Burada məqsəd o deyil ki, sürücülər cərimə olunsunlar. Əksinə, məqsəd elə o narazı sürücülər də daxil olmaqla bütün hərəkət iştirakçıların təhlükəsizliyini təmin etmək, qəzalardan qorumaqdır.  

– Bəzən ağır qəzalar tərəfinizdən ictimailəşdirilir. Bunun yol-hərəkəti iştirakçılarında məsuliyyət hissinin artırılmasına kömək olduğunu düşünürsünüz?

– Tərəfimizdən qəzaların görüntülərinin ictimailəşdirilməsi insanları çəkindirmək üçündür. Çünki araşdırmalar göstərir ki, özünü dördüncü mərtəbədən atan şəxslə səkkizzolaqlı yola daxil olaraq onu keçməyə çalışan piyadanın sağqalma faizi eynidir. İnsanlar yalnız gördüklərindən çəkinirlər, deyilənləri ciddiyə almırlar. Təbliğat xarakterli tədbirlərdə biz onlara bu barədə məlumat veririk, lakin yenə də bu təhlükəli addımı atanların sayı kifayət qədər çoxdur. Bu səbəbdən həmin ağır qəzaların görüntüləri ictimailəşdirilir. İnsanlar görsünlər ki, qayda pozuntularının axırı bir gün bədbəxt hadisə ilə sonlana bilər. Məqsəd məsuliyyətsizliyin nəticələrini əyani sürətdə göstərməkdir.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir