Cəmiyyət

“Gecə vaxtı qan təzyiqinin ölçülməsi də çox önəmlidir” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Duz istifadəsini məhdudlaşdırmaq, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq hipertoniyanın qarşısını almağa kömək edir”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Fərid Əliyev qurumun rəsmi saytına hipertoniya barədə müsahibəsində deyib. 

– Fərid müəllim, yüksək qan təzyiqinin səbəbi nədir və qarşısını necə almaq olar?

– Yüksək qan təzyiqinin əsas səbəbləri arasında yaşlanma, bizə ötürülən genetik amillər və həyat tərzidir. Bunların içində dəyişdirə biləcəyimiz tək amil həyat tərzidir. Duz istifadəsini məhdudlaşdırmaq, fiziki aktivlik, zərərli maddə və vərdişlərdən uzaq durmaq hipertoniyanın qarşısını almağa və ya ortaya çıxmasını gecikdirməyə kömək edir.

– Qan təzyiqi hansı yaşda necə olmalıdır?

– Əslində, qan təzyiqinin 120/80 mmHg-dan aşağı olması optimal sayılır. 120-129/80-84 mmHg arası normal, 130-130/84-89 mmHg arası yüksək normal və 140/90 mmHg-dan yüksək olması isə artıq hipertenziya sayılır. Təbii ki, rəqəmlər artdıqca hipertenziyanın şiddət dərəcəsi də artır. Yüksək qan təzyiqi 18 yaşından yuxarı olan insanlarda bu şəkildə dəyərləndirilir.

– Yüksək qan təzyiqinə zamanında müdaxilə edilməzsə, hansı ağır fəsadlar baş verə bilər?

– Yüksək qan təzyiqi olan insanların 1/3-i xəstəliklərinin fərqində deyil və ancaq bununla bağlı fəsadlar baş verəndə müraciət edir. Sistolik qan təzyiqində hər 10 mmHg artım kardiovaskulyar ölümləri 10-20 faiz artırır. Ölüm səbəblərinin başlıcası işemik insult, beyin qanaxması, miokard infarktı, böyrək çatışmazlığı və s. kimi fəsadlardır.

– 24 saatlıq qan təzyiqi monitorinqi niyə önəmlidir?

– Yüksək qan təzyiqində, sadəcə, gündüz ölçmələri kifayət deyil. Gecə vaxtı qan təzyiqinin ölçülməsi də çox önəmlidir. Belə ki, gecə qan təzyiqi yüksək olan şəxslərin insult və miokard infarktı riski digər hipertenziya xəstələrinə görə ən azı ikiqat artıqdır. Bəzi xəstələrdə isə maskalanmış hipertenziya olur ki, bu durumda həkim nəzarətində qan təzyiqi normal olduğu halda evdə qan təzyiqi yüksək olur və ya tam tərsinə, “ağ xalat” hipertenziyası adlandırdığımız durumda xəstəxanada qan təzyiqi yüksək, xəstəxana xaricində isə normal olur. Bunu nəzərə alaraq, bütün hipertenziya xəstələrində mütləq şəkildə 24 saatlıq qan təzyiqi monitorinqi icra edilməlidir.

Yuxu apnoesi durumu özəlliklə artıq çəki və qısa boynu olan xəstələrdə mütləq nəzərə alınmalıdır. Bu xəstələrdən gecə yuxuda xoruldama, gündüz yuxululuq, gün içində davamlı yorğun olub-olmadıqları soruşulmalı və lazım bilinən durumlarda polisomnoqrafiya (yuxu testi) icra olunmalıdır.

– Hipertoniyada həyat tərzi necə olmalıdır və nələrə diqqət etməliyik?

– İlkin müalicə həyat tərzinə olan müdaxilələrdən ibarət olmalıdır. Xəstənin günlük duz istifadəsi 2-5 qram arasında olmalı, spirtli içki istifadəsi ciddi şəkildə məhdudlaşdırılmalı və bədən kütlə indeksi (BKİ) normallaşdırılmalıdır. Belə ki, BKİ 20-25 kg/m2 və bel çevrəsi kişilərdə 94 santimetr, qadınlarda isə 80 santimetr civarında olmalıdır. Fiziki aktivliyə önəm verilməlidir (günlük ən azı 30 dəqiqə olmaqla, həftədə ən azı 3-5 gün dinamik fiziki məşğələlər).

Bu həyat tərzindəki müsbət dəyişikliklər ilə özəlliklə başlanğıc mərhələsində olan xəstələrdə dərman ehtiyacı ortadan qaldırıla və ya dərman dozalarının azaldılmasına köməklik edə bilər.

– Hipertoniyanın dərman müalicəsində nələrə diqqət edilməlidir?

– Hipertoniyanın dərman müalicəsində xəstəliyin növü, pasiyentin yaşı, həyat tərzi, kardiovaskulyar risk faktorları və mövcud olan yanaşı xəstəliklər nəzərə alınmalıdır.

Avropa Kardiologiya Cəmiyyəti və Avropa Hipertenziya Cəmiyyətinin tövsiyələrinə əsasən, dərman müalicəsinə kombinə olunmuş dərman preparatları ilə başlanması daha məqsədəuyğundur. Dərman müalicəsi başlayanda xəstəyə bəzi preparatların təsirinin gec olacağı və bəzən optimal nəticə əldə etmək üçün 2-4 həftəyə qədər zamana ehtiyac ola biləcəyi izah edilməlidir.

– Qan təzyiqinin düzgün ölçülmə qaydası necə olmalıdır?

– Qan təzyiqi xəstə sakit bir ortamda 5 dəqiqə dincəldikdən sonra oturaq vəziyyətdə ölçülməlidir. Biləkdən ölçmə aparan cihazların istifadəsi tövsiyə olunmur. Bunun əvəzinə civəli manometrlərdən və ya Avropa Hipertenziya Cəmiyyətinin tövsiyə etdiyi qoldan ölçmə aparan elektron cihazlardan istifadə olunmalıdır. Qan təzyiqi hər iki qoldan ölçülməli və sonrakı müayinələrdə eyni anda daha yüksək qan təzyiqi ölçülən qoldan istifadə olunmalıdır. Hipertoniya diaqnozunu qoymaq üçün 1-2 dəqiqə aralıqlarla aparılan ən azı 3 ölçmə və onlar arasındakı fərq 10 mmHg-dan çoxdursa, əlavə ölçmələr icra edilməlidir. Qan təzyiqi sistolik 140 mmHg, diastolik isə 90 mmHg və daha yüksəkdirsə, hipertoniya diaqnozu qoyulur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir