Cəmiyyət

Övlad ata və ya anasına məxsus nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edə bilər? – AÇIQLAMA

Sharing is caring!

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ər və ya arvaddan birinə məxsus olan avtomobilin digəri tərəfindən etibarnamə olmadan idarə edilməsi ilə bağlı suallara aydınlıq gətirdikdən sonra başqa suallar da ortaya çıxıb. 

İnsanlar eyni evdə qeydiyyatda olan valideyn-övladdan birinə məxsus olan avtomobilin digəri tərəfindən etibarnamə olmadan idarə edilməsinin qanuni olub-olmadığını sual edirlər. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, istənilən halda nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə tələb olunur:

“Ümumiyyətlə, nəqliyyat vasitəsinin idarə olunması məsələləri “Yol hərəkəti haqqında” Qanunla və İnzibati Xətalar Məcəlləsi (İXM) ilə tənzimlənir. İXM-in 332-ci maddəsinin (Maddə 332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) qeyd hissəsində konkret olaraq göstərilib ki, bu Məcəllənin 96.1.1-ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə, yaxud digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Yəni bir evdə yaşamaq, valideyn-övlad münasibətləri nəqliyyat vasitəsini idarə etmək üçün əsas deyil, onların hamısında etibarnamə tələb olunur. Etibarnamə olmadan nəqliyyat vasitəsinin idarə edilməsi qayda pozuntusu hesab edilir”.

Qeyd edək ki, daha əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəsmisi ər və ya arvaddan birinə məxsus olan avtomobilin digəri tərəfindən etibarnamə olmadan idarə edilməsi ilə bağlı məsələyə aydınlıq gətirərək nikah haqqında şəhadətnamə ilə ər-arvadın eyni avtomobili idarə etməsinə qanunla icazə verilmədiyini bildirib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir