Cəmiyyət

“Xocəsən” stansiyasının açılışı daşınmaz əmlakın qiymətinə nəcə təsir edəcək?

Sharing is caring!

Xocəsən qəsəbəsində metronun yeni stansiyasının açılması ətraf ərazilərdə satışa çıxarılan torpaq sahələri ilə yanaşı, fərdi evlərin və obyektlərin də qiymətinə təsir edib.

“Report”a açıqlama verən Azərbaycan Qiymətləndiriclər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc sözügedən ərazidə qiymətlərdə dəyişikliyin beş il öncə – bu layihənin icrasına başlanılanda -qeydə alındığını bildirib.

Onun sözlərinə görə, metronun “Xocəsən” stansiyası sərnişinlərin istifadəsinə verildikdən sonra ərazidəki daşınmaz əmlakların qiymətlərində 20-25% artım olacağı gözlənilir:

“Sözügedən stansiyanın açılışı təkcə Xocəsən qəsəbəsində deyil, həm aşağıda, Sulutəpə adlanan ərazidə, həm də Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postu və onun ətrafında yerləşən daşınmaz əmlakların qiymətində artıma səbəb olub. Müsbət amillər ondan ibarətdir ki, bu stansiyanın açılışından sonra “Avtovağzal” stansiyasının yükü azalacaq, metronun “20 Yanvar” stansiyası və “Şamaxinka” adlanan ərazilərdəki tıxaclar azalacaq. Yəni “Xocəsən” stansiyasının açılışı bu ərazilərdə olan tıxacların azalmasına ciddi təsir edəcək”.

V.Oruc stansiyanın açılışının təkcə Xocəsən ərazisində deyil, həm də nəqliyyat infrastrukturunun formalaşmasının ardından Müşfiqabad, Hökməli və Atyalı qəsəbələrində də yerləşən daşınmaz əmlakların qiymətlərinə təsir edəcəyini qeyd edib.

AQC-nin sədri hesab edir ki, qiymət artımı, əsasən, Sulutəpə və Xocəsən ərazisinə təsir göstərəcək:

“Buna təkcə metro stansiyasının açılışı deyil, həm də oraya gedəcək avtobusların təyin edilməsi təsir edir. Bunlar tənzimləndiyi halda Müşfiqabad, Hökməli və Atyalı ərazilərində də müəyyən qiymət artımı müşahidə edilə bilər. Metro stansiyası yaxınlığında nəqliyyat infrastrukturu normal şəkildə qurularsa, sözügedən ərazilərdə ciddi qiymət artımları olacaq. Metro stansiyasının açılışından sonra Xocəsən ərazisindəki torpaqların 10-15% civarında, kommersiya obyektlərinin 20-25%, həmin ərazidə yerləşən fərdi yaşayış evlərinin isə 20% bahalaşacağı gözlənilir. Sulutəpə ərazisində stansiyanın açılışından əvvəl torpaq sahələrinin sotu 1 000-2 000 manat idi, hazırda bu qiymətlər 3 000-3 500 manat civarında dəyişir”.

V.Oruc metronun “Xocəsən” stansiyasının açılışının eyni zamanda “Sədərək” və “Binə” ticarət mərkəzlərinə gedişləri də asanlaşdıracağını və bu ərazidə yerləşən obyektlərin də qiymətlərinin artacağını qeyd edib.

Qeyd edək ki, dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” stansiyasının və “Xocəsən” elektrik deposunun açılışı olub. Stansiya Lökbatan qəsəbəsi və “Sədərək” ticarət mərkəzi istiqamətindən hərəkət edən vətəndaşların nəqliyyat problemlərinin aradan qaldırılmasında mühüm rol oynayacaq.

Sərnişinlər “Avtovağzal” stansiyasından “8 Noyabr” stansiyasına, eləcə də “Xocəsən” stansiyasına gediş-gəliş həyata keçirə bilərlər. Bugünkü dövr üçün ərazidə yaşayan sakinlərin sayı nəzərə alınaraq qatarların ilkin intervalı 16 dəqiqə təyin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir