Cəmiyyət

“Royal Bank”a rəhbərlik etmiş Fuad Cam və atasının cəzaları azaldılıb – FOTO

Sharing is caring!

Ləğv olunmuş “Royal Bank”ın direktoru Fuad Cam və atası, bankın Müşahidə Şurasının sədri Əli Camla bağlı hökmdən verilmiş şikayətə baxılıb.

APA-nın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Zəki Babayevin sədrlik etdiyi məhkəmədə hakimlər heyəti Fuad Camın həbs müddətini beş il azaldılaraq səkkiz ilə, Əli Camın həbs müddətini isə iki il azaldaraq altı ilə endirib.

Hökmün qalan hissələri dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, “Royal Bank”ın bir neçə il beynəlxalq axtarışda olan direktoru Cam Fuad Əli oğlu 2020-ci ilin aprel ayında saxlanılaraq Azərbaycana gətirilib. Ona qarşı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınır.

Bankın Müşahidə Şurasının sabiq sədri Cam Əli Məhəmmədhəsən oğluna qarşı isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanaşı, 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Cam 13 il, Əli Cam isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə “Royal Bank”a verilən lisenziya ləğv olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir