Cəmiyyət

İnternetsiz uşaqlar texnologiya yarışmasında qalib oldular – FOTO

Sharing is caring!

İnformatika müəllimi Nemət Tarverdiyev: “Təmirlə əlaqədar məktəbdə elektrik kəsilib. Çətinliklərə baxmayaraq, uşaqlar gecələr də öyrənməyə gəliblər. Hər şey onlara sıfırdan öyrədildi. Uşaqların mobil telefon anlayışı belə yox idi. Onların evlərində yalnız köhnə televizor var. Uşaqlar mobil telefonda proqramlaşmanı öyrəndilər”.

Astara rayon Deqədi kənd ümumi orta məktəbinin şagird və müəllim kollektivi böyük sevinc içərisindədir. Məktəbin “Sparrow” komandası bu günlərdə başa çatan STEAM Azerbaycan festivalı – SAF 2022-də “EduDrone” kateqoriyası üzrə qızıl medal qazanıb. 8 ölkədən olan komandaların iştirak etdiyi beynəlxalq bilik yarışında məktəbin 7-ci sinif şagirdləri İsayev Murad Ramal oğlu və Hacızadə Nuran Oqtay oğlu  informatika müəllimi Nemət Tarverdiyevin rəhbərliyi altında böyük uğura imza atıblar.

“Kaspi” qəzeti mövzu barədə məqalə dərc edib:

Uşaqlar informatika sahəsindəki bu biliyə rahat, təmirli, müasir texnologiyalarla təchiz olunmuş məktəbin siniflərində deyil, ucqar dağ kəndinin özünəməxsus çətin şəraitində böyüyərək, internetə, mobil cihazlara geniş əlçatanlıqları olmadan nail olublar.  

Texnologiya ilə təchiz olunmayan məktəb

Astara rayonu təhsil sektorunun müdiri Ülviyyə Əliyeva ucqar dağ kənd məktəbinin şagirdlərinin rəqəmsal texnologiya üzrə festivalın qalibi olmasını təqdirolunası hadisə adlandırır: “Nəzərə alın ki, ucqar kənd məktəbi texnologiya ilə təchiz olunmayıb. İKT bacarıqları şagirdlərdə öz təfəkkürləri hesabına formalaşıb. Texnologiyalar şəhər məktəbləri üçün nə qədər əlçatandırsa, ucqar dağ kəndi üçün bir o qədər əlçatan deyil. Məktəbin informatika müəllimi peşəkar və bacarıqlıdır. Gələn il onlar beynəlxalq yarıda iştirak edəcəklər”.

Çətinliklərə baxmayaraq qazanılan qələbə 

Komandanın uğuru məktəbin digər şagirdlərində də rəqabət hissi formalaşdırıb. Onlar da bilik yarışlarına qatılmağa, qalib olmağa həvəsləniblər. Məktəbin direktoru Zəkərulla Salayev də bu uğurun digər şagirdlər üçün motivasiya olduğunu deyir: “Deqədi məktəbi uzaq kənd məktəbidir. Əvvəl məktəbimizdə informatika müəllimi yox idi. Bu dərsi riyaziyyat, fizika müəllimləri keçirdi. Vakant yer üzrə informatika müəllimi dəvət etdik və fənn kabineti formalaşdırdıq. İnformatika müəllimi şagirdləri STEAM dərsləri üzrə hazırlaşdırdı. Bir ildir ki, məktəbimizdə əsaslı təmir işləri gedir. Bu çətinliklərə baxmayaraq şagirdlərimiz SAF-2022 yarışmasında 1-ci yeri tutdular. Bu, təkcə məktəbimiz üçün deyil, bütün rayon təhsili üçün böyük uğurdur. Gələcəkdə də şagirdlərimizin bu tip yarışlarda iştirakı və uğur qazanması üçün əlimizdən gələni edəcəyik”.

Nə internet vardı, nə də işıq…

Komandanın rəhbəri, məktəbin informatika müəllimi, STEAM üzrə təlimçi Nemət Tarverdiyev özü də bu məktəbin məzunu olub. 2020-ci ildən STEAM layihəsinə qoşulub. Elə həmin il Astara şəhər 1 saylı məktəbinin komandası ilə STEAM festivalının ilk yarışmasında respublika üzrə 1-ci yerə layiq görülüb. Deqədi kənd məktəbində işləməyə başlayandan sonra STEAM layihəsinin tətbiqi üçün müraciət edib: “Məktəbdə Çin Səfirliyinin hədiyyə etdiyi kompüterlər olsa da, internet problemi var. 2021-ci ildə festivalda iştirak edərək 3-cü yeri  qazandıq”.

Bu tədris ili isə daha çətin olub. Məktəbdə gedən təmir işləri, texnologiyanın yoxluğu, internetin olmaması, dağ kəndinin özünəməxsus çətinliyi və s. onlara maneələr yaradıb. Amma onlar komanda olaraq bu maneələri aşmağı bacarıblar: “Məktəb binasında sentyabrdan başlayaraq otaqlar hissə-hissə təmir olunur. İnternetimiz qətiyyən olmayıb. Telefonda mobil internetə qoşulmuşuq. Məktəbimizə hələ dron verilməyib. Uşaqlar bu dərsləri keçməyib. Tədris ilinin ikinci yarısında bu proqram tədris olunacaq. Uşaqları hazırlaşdırmaq üçün qonşu məktəbdən iki dron aldım. Sentyabrdan başlayaraq şagirdlərin informatika fənnindən proqram təminatı üzrə məlumatlarının olması üçün fənni, proqramlaşmanı, dronu öyrəndik və məşq etdik. Məktəbin həyəti palçıq olduğundan uşaqlar dronu sinif otaqlarında, pəncərədən hərəkət etdirdilər”. N.Tarverdiyev deyir ki, təmirlə əlaqədar məktəbdə elektrik də kəsilib. Bu çətinliklərə baxmayaraq, uşaqlar gecələr də öyrənməyə gəliblər: “Hər şey onlara sıfırdan öyrədildi. Uşaqların mobil telefon anlayışı belə yox idi. Onların evlərində yalnız köhnə televizor var. Uşaqlar mobil telefonda proqramlaşmanı öyrəndilər. Bizim kənddən Lənkərandakı STEAM mərkəzinə 42 km-lik məsafə var. Cəmi iki dəfə o mərkəzə gedib normal şəraitdə məşq eləmişik”. 

Çalış, öyrən və əylən 

STEAM təlimçisi hesab edir ki, şüarı “Çalış, öyrən və əylən” olan festivalın nəticəsi uşaqlar böyüyəndən sonra özünü göstərəcək: “Hər bir bilik yarışması uşaqların sosiallaşmasına kömək edir, özlərinə dost qazanırlar, təcrübə öyrənirlər. Onlar həqiqətən əylənərək bilikləri mənimsəyirlər. Bu, onlara fizikanı, informatikanı, riyaziyyatı, nəqliyyatı öyrənmələrinə kömək edir. Artıq bir neçə fəndən məlumatları olur. Bu baxımdan belə yarışmaların uşaqlar üçün böyük əhəmiyyəti var. Xüsusən elm və texnologiyanın inkişaf etdiyi bir cəmiyyətdə uşaqlar gələcəkdə belə sahələrdə işləyəcək, bu sahə üzrə ixtisaslaşacaqlar. Onlara həmişə məsləhət verirəm: “Bu gün hansı bilikləri qazandınızsa, onun üzərində davam edəcəksiniz. Elə bil gələcəyinizə depozit qoyursunuz. Uğur qazanmaq üçün zəhmət çəkmək lazımdır. Vaxtınızı boşa verməyin, hər dəqiqənizi oxumağa, araşdırmağa, öyrənməyə sərf edin”. 

Ucqar dağ kəndinin uşaqları

Qızıl medal qazanan şagirdlərin evləri, oxuduqları məktəb texnologiya ilə təchiz olunmasa da, onlarda oxumaq həvəsi, entuziazm var. Keçən il “Ekspo Mərkəz”ə gedərkən yolüstü hava limanında dayanan təyyarələri görüb təəccüblənən, sonra “təyyarə gördük, enirdi, qalxırdı…” deyərək heyrətlərini sinif yoldaşları ilə bölüşən bu uşaqlar indi dron proqramlaşması və dronu manual idarəetmə üzrə kateqoriyanın qalibi olublar. Zəhmətlərinin bəhrəsi olaraq aldıqları mükafatı – nootbuk hədiyyəsini sevinclə qucaqlayıblar.

Komandanın üzvü Nuran Hacızadə özünü çox qürurlu hiss etdiyini deyir: “Sinif yoldaşlarıma qazandığım uğur haqqında sevinclə danışıram. Bu, bizim dağ kəndi üçün böyük uğurdur”. Nuran texnoloji sahə ilə maraqlanır. Boş vaxtlarında da vaxtını bu sahə ilə bağlı araşdırmalara həsr etdiyini deyir: “Gələcəkdə texnologiya sahəsi üzrə ixtisaslaşmaq istəyirəm”.

Komanda yoldaşı Murad İsayev də “O qədər məktəbli arasında 1-ci yer tutmaq böyük sevincdir” deyir: “İnanıram ki, biz gələcəkdə də yaxşı nəticələr əldə edəcəyik. Çünki daim çalışır, öyrənirik”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir