Cəmiyyət

Paytaxtda ümumşəhər daxili iməcliyi keçirildi – FOTO

Sharing is caring!

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qərarına uyğun olaraq, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabr ayının 17-də Bakı şəhərinin ərazisində “Yeni ilə təmiz şəhərlə” devizi ilə ümumşəhər daxili iməciliyi keçirilib.

Bu barədə BŞİH-nin mətbuat xidmətindən məlumat verilib.

BŞİH-nin qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik paytaxtın bütün rayonlarını əhatə edib. İməcilik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməcilikdə yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, qurumuş budaqları budanıb, həmişəyaşıl ağaclar yuyulub. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

BŞİH-nin kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İməcilik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Belə təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması paytaxtımız Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir