Cəmiyyət

Bayramda koronavirus “sürpriz”i olacaq? – “İnsanlar ömürlərinin sonunadək peyvənd vurdurası deyillər” – FOTO

Sharing is caring!

Statistik məlumata görə, koronavirusa yoluxma sayında əvvəlki dövrə nisbətən son bir neçə ayda azalmalar müşahidə olunurdu. Hətta cəmiyyətdə koronavirusla artıq vidalaşmaq vaxtının gəlib çatdığı kimi qənaət də yaranıb. Karantin rejiminin nisbətən yumşalması, bir çox qadağaların aradan qalxması, yoluxma sayında azalmalar insanlarda bir növ arxayınlıq yaradıb. Lakin peyvənd olunanların sayının azalması bir çox insanlarda narahatlıq yaradır. Bayram ərəfəsində planlaşdırılan kütləvi tədbirlərin yoluxma sayına təsir edəcəyi ilə bağlı fikirlər irəli sürülür. 

Bəs görəsən, bayramdan sonra yoluxma sayında artım müşahidə oluna bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Süleyman Kamilovun sözlərinə görə, pandemiya ilə bağlı təhlükə azala bilər, lakin bu, epidemiyanın bitməsi deyil:

“Koronavirusla bağlı ölkə ərazisində vəziyyət stabil, qənaətbəxşdir. Doğrudur, əhalinin kütləvi immunitet qazanması və vaksinasiya tədbirləri ölkəmiz üçün təhlükənin azalmasına səbəb olub. Amma bu, pandemiyanın bitməsi demək deyil. Qaydalara əməl etmək vacibdir”.

S.Kamilov qeyd edib ki, əhalinin sıx olduğu məkanlardan uzaq durmaq lazımdır:

“Peyvəndlənmək məsləhətdir. Kütləvi tədbirlər təşkil olunur. Bununla əlaqədar hansısa qadağa tətbiq ediləcəyi ilə bağlı məlumat verilməyib. Lakin insanlar bu işlərdə məsuliyyətli olmalı, özlərini qorumalıdırlar. İnsanlar özlərində xəstəliyin əlamətlərini hiss edən zaman maskadan istifadə etməlidirlər. Bacardıqca əhalinin sıx olduğu məkanlardan uzaq durmaları, əlamətlər keçənə qədər özlərini təcrid etmələri məsləhət görülür”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Məlahət İbrahimqızı isə əlavə edib ki, insanlar ömürlərinin sonuna qədər vaksin vurdurası deyillər:

“Koronavirusla sağollaşmışıq. Avropa ölkələri artıq o sözü gündəmdən çıxarıblar. İnsanlar xəstələnib, sağalıblar. Orqanizmlərində təbii immunitet yaranıb. Əksəriyyət peyvənd olunub. İnsanlar ömürlərinin axırına qədər peyvənd vurdurası deyillər. Bu, artıq ənənəvi qripə çevrilib. Qorxu yaratmağa ehtiyac yoxdur”.

M.İbrahimqızı söyləyib ki, peyvənd olunanların sayının azalması insanların prosesə laqeyd yanaşması demək deyil:

“Toylarda, mərasimlərdə artıq məhdudiyyət qalmayıb. 500-600 şəxsin iştirakı ilə toy etmək mümkündürsə, yığıncaqlar, tədbirlər də keçirilə bilər.

Peyvənd vurduranların sayının azalması o demək deyil ki, insanlar bu işə laqeyd yanaşırlar. Əksəriyyət peyvənd vurdurub. Kifayət qədər anticisimləri var. Bayram ərəfəsində insanların toplaşması təhlükəli məqam deyil. Artıq koronavirus gündəmdə olmayan bir məsələdir. Hər kəs peyvəndini alıb”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir