Cəmiyyət

Yoruldum deyən görmədim…

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Hamı soruşur ki, Xankəndi aksiyasında nə gördün? 

Gecə saat 11-də Xankəndi yoluna çatanda deyib-gülən, Rusiya “sülhməramlısının” gözünün içinə dik baxan Azərbaycan xalqını gördüm. 

Bir-birinin qayğısına qalan, “Üşümürsən?”, “Gəl, isti çay iç”, “Gəl, əlcəklərimi götür”, “Gəl, bu papağı tax”, deyən bütöv bir can gördüm. 

Dəmir çənlərin içində ocaqlar sönməsin deyə, insanlara soyuq olmasın deyən odun daşıyan, əziyyət çəkən oğullar gördüm. Xankəndi yolunu kəsən Rusiya “sülhməramlılarını” gördüm. Aksiyanın ilk saatlarında xoruzlanan, aksiyanın birinci gecəsi cücəyə dönmüş Rusiya “ordusunu” gördüm. Əlisilahlı rusiyalı əsgərinin, komandanının qorxaqlığını gördüm. 

Silahsız insanlara, Azərbaycan vətəndaşına qarşı əlində qumbaraatan, tank əleyhinə silah, pulemyotla duran, hadisə yerinə ağır texnika daşıyan Rusiya ordusunu gördüm. 

Məsuliyyətdən qaçıb gizlənən general-mayorundan tutmuş, özü kimi məsuliyyətini dərk etməyən mənəviyyatsız “sülhməramlıları” gördüm. Yeri gəlmişkən, general-mayor Andrey Volkov o itəndir, itib. Ya içib “zapoy”dadır, ya da qarınağrısına düçar olub.  Axır onu adam arasında görmədim. 

Aksiyanın səsini eşidib xalqın qabağına çıxa bilməyən Rusiya ordusunun digər zabitlərinin də şərəfsizliyini gördüm, söz verib arxasında dura bilməyən Kavalçuku gördüm, bir sözlə öz zabit şərəfini ayaqlar altına atan Rusiyanın hərbçilərini gördüm. 

Azərbaycan xalqının cürətini, əzmkarlığı, dirənişini görüb “Telegram” kanallarında şivən salan erməniləri gördüm. “Azərbaycanlı kişilərə indi qadınları da qoşulub, çadır qurub Xankəndi yolunda oturublar, iki günə daşdan ev də tikərlər” deyən üz-gözünü cıran erməni qadınları gördüm. Özü aksiyada olmayan, amma canı-ürəyi Şuşada, Xankəndi yolunda olan dostların, əzizlərin, tanışların və heç tanımadığım adamların zənglərini, mesajlarını gördüm.

“Bəlkə nəsə lazımdır, gətirim, ya da göndərim” yazan, deyən xeyli ürəyi böyük olan insanlar gördüm. 

Cəsur, mərd, qəlbi böyük olan, malını, işini, bütün qüvvəsini ortaya qoyan əsl Vətən oğullarını gördüm.  

Körpəcik uşaqlar gördüm, 17-18 yaşında qızlı-oğlanlı əllərində Azərbaycanın bayrağı olan, qorxmadan rusiyalı “sülhməramlı”nın gözünün içinə dik baxaraq Azərbaycan himnini oxuyan balaları gördüm.

Səsi batana qədər “Ən böyük əsgər, bizim əsgər” deyən, sevgisini, inamını öz əsgərinə hayqıran gəncləri gördüm.

Soyuqda, şaxtada elə Xankəndi yolunun üstünə Azərbaycan mahnılarına qol qaldırıb rəqs edən xeyli insan gördüm. 

Hər bir aksiya iştirakçısının təhlükəsizliyini qoruyan Azərbaycan ordusunu, polisini, xüsusi təyinatlı oğullarını gördüm. Gözünü qırpmayan, bütün hadisələri nəzarətdə saxlayan komandirlər gördüm. 

Dayanmadan, fasiləsiz işləyən Azərbaycan mediasını gördüm. Hədəfə bir vuran müxbirlər, operatorlar gördüm. 

Türkiyədən gələn qardaş televiziyalarının əməkdaşlarını, etdiyi çəkilişləri gördüm.

Şuşada çalışan hər bir kəsin aksiya iştirakçılarına göstərdiyi qayğını gördüm. 

Yoruldum deyən görmədim. 
Üşüdüm deyən görmədim. 
Usandım deyən görmədim. 

 20 yanvar 1990-cı ildə Rusiya ordusuna qarşı əliyalın çıxan qəhrəman xalqın davamını, davamçılarını gördüm.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir