Cəmiyyət

Restorana çevrilən XIX əsrin memarlıq abidəsi hələ də əvvəlki vəziyyətinə qaytarılmayıb: İki ay keçib – FOTO

Sharing is caring!

Təxminən iki ay bundan qabaq paytaxtın Qoqol küçəsində yerləşən, XIX əsrdə tikilmiş memarlıq abidəsinin xarici görünüşünə qanunsuz dəyişiklik edilməsi və onun restorana çevrilməsi ilə bağlı məlumat vermişdik. Rəsmi qurumlar qanun pozuntusunun aradan qaldırılacağını desələr də, hələ də heç bir nəticə yoxdur.

Oxu.Az-ın əməkdaşları ərazidə yenidən çəkiliş aparıblar, bu dəfə sakinlərin şikayətləri əsasında. Belə ki, sakinlər nəinki tarixi binanın estetik görünüşünə vurulan ziyandan narazıdırlar, eyni zamanda Nəsimi Rayon İcra Hakimiyyətinin məsələdən məlumatlı olsa da, heç bir tədbir görmədiyini deyirlər.

Sakinlər eləcə də restoranın işçilər üçün ayrılan giriş-çıxış qapısının ağzındakı natəmizlikdən şikayətçidirlər. Onların sözlərinə görə, zibillər qalaq-qalaq yığılır, atılmır:

“Əraziyə siçanlar doluşur. Natəmizliyin qarşısını ala bilmirik. Özlərinə də demişik ki, zibilləri vaxtında atsınlar. Ya da restoranın məhəllənin içərisində olan qapısı bağlansın, işçilər də hamı kimi əsas giriş-çıxışdan istifadə etsinlər. Tarixi binanın pəncərələrini qapı ediblər, heç kim bir söz demir. Amma biz binanın bir kərpicinə toxunsaq, hamımızı köçürdərlər”.

Daha da maraqlı məqam odur ki, sözügedən tarixi binanın görünüşünə bundan əvvəl də müdaxilə olunduğu məlum olub.

Belə ki, bir hissəsi restorana çevrilən XIX əsrdə tikilmiş memarlıq abidəsinin bir qapısı da 1990-ci illərdən sonra pəncərəyə çevrilib.

Daha sonra sözügedən qapının yenidən pərpa edilməsi ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciət edilsə də, məsələyə baxan olmayıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb sözügedən problemin və verilən vədlərin iki aydır nə üçün yerinə yetirilmədiyini soruşduq. Lakin gün ərzində qurumdan cavab gözləsək də, sualımıza müsbət və ya mənfi heç bir cavab ala bilmədik.

Daha çox foto burada: Photostock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir