Cəmiyyət

Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir

Sharing is caring!

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər.

Azərbaycan Respublikası da zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malik ölkələrdəndir. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları öz başlanğıcını 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən götürüb.

Respublika ərazisinin 70 %-i neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan qaz ehtiyatı baxımından münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur. Və ölkə iqtisadiyyatının belə fasiləsiz inkişafı Azərbaycanın digər ölkələrlə əməkdaşlığına, yeni yeni layihələrə imza atılmasına və uğurlu xarici siyasətin aparılmasına təkan vermişdir. Avropa İttifaqının nisbətən az qaz ehtiyatı var. Faktiki olaraq, təkcə Azərbaycanda olan qaz ehtiyatları Avropanın ümumi qaz ehtiyatlarının 75 %-dən çoxuna bərabərdir. Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və istehlakçı ölkələrə çatdırılması üçün zəruri infrastruktur qurulması istiqamətində  böyük uğurlara imza atılıb.

Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Bütün bu uğurlar isə cəmi 30 ildə əldə edilib. Son 19 ildə isə cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətlə Azərbaycan iqtisadi və siyasi müstəqilliyə sahib olan qüdrətli dövlət kimi beynəlxalq nüfuzunu daha da artırıb. Bu bir həqiqətdir ki, ölkə Prezidenti hər zaman yürütdüyü siyasətdə Azərbaycanın dövlət maraqlarını üstün tutub və milli mənafelərimizin müdafiəsini başlıca vəzifələrindən biri hesab edib.

Sirr deyil ki, hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələləri həmişə mühüm əhəmiyyət kəsb edir. Müasir dövrümüzdə dünyada baş verən geosiyasi hadisələr fonunda  enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır. Avropanın enerji sahəsində asılılığı azaltmaq, alternativ mənbələr və etibarlı tərəfdaşlar axtarışında Azərbaycana xüsusi önəm verməsi isə təsadüfi deyildir. Azərbaycan Avropaya  təbii qaz  ixrac edir. Hazırda bu proses Cənub Qaz Dəhlizi (CQD) layihəsi çərçivəsində artıq istismarda olan TANAP və TAP qaz kəmərləri vasitəsilə həyata keçirilir. Bu, Azərbaycana öz qazını müstəqil şəkildə Avropa bazarlarına çıxarmaq imkanı verən qlobal miqyasda unikal sənaye layihəsidir. Avropanın Azərbaycan qazının təchizatına çıxış əldə etməsi mühüm əhəmiyyət daşıyır. Bu gün “Şahdəniz” həmin təchizat həcmlərinin əsas mənbələrindən biridir. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının böyük hissəsi Xəzər dənizində yerləşən “Şahdəniz” qaz-kondensat yatağının payına düşür. “Şahdəniz” layihəsi xarici şirkətlərlə birlikdə həyata keçirilir. Qeyd edək ki, ümumilikdə Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə yaxındır. Yəni, Azərbaycanın həm Avropaya qaz tədarükünü artırmaq, həm də artan daxili, o cümlədən işğaldan azad edilmiş ərazilərdə tələbatı ödəmək potensialı var. Ən böyük qaz yatağında son illərdə qaz hasilatının sürətlə artması isə ölkənin yaxın gələcəkdə Avropa tələbatını ödəməyə hazır olduğunu deməyə əsas verir.

Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Bu sənəd əsasında  2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını 2 dəfə artırmaq nəzərdə tutulub. Təbii ki, bu qaz Albaniya üzərindən keçəcək və Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhvə veriləcək. Bizim qaz ehtiyatlarımız çox zəngindir və hal-hazırda həm TAP, həm də TANAP kəmərlərinin 2 dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Avropaya daşınan Azərbaycan qazının hazırda həcmi 8 milyard kub metrdir. Tərəflər gələn il qaz nəqlinin həcmini 12 milyard kub metrə, növbəti illərdə isə 20 milyard kub metrə çatdırmağı hədəfləyiblər.

Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir, Avropa İttifaqı ilə Azərbaycan arasında uzunmüddətli, proqnozlaşdırılan, etibarlı əməkdaşlıq böyük nailiyyətdir. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var.

Leyla Ələkbərli,

Salyan rayon Qarabağlı kənd sakini, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir