Cəmiyyət

Zəngəzur dəhlizi türk dünyasını birləşdirən körpü olacaq

Sharing is caring!

       Noyabrın 11-də Səmərqənddə baş tutmuş Türk Dövlətləri Təşkilatının 9-cu  Zirvə Görüşündə   müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Zirvə görüşü türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür. Dövlətimizin başçısı öz çıxışında Azərbaycanın Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq etdiyini və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirdiyini xatırladıb.  

       44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar geosiyasi məsələlərə də təsirsiz ötüşmür. Artıq Qarabağ probleminin həllindən sonra Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya regionlarında – bütövlükdə Türk dünyasında inkişafın yeni mərhələsinə yüksəlmək üçün real şanslar yaranıb. Bu mənada Türkdilli Dövlətləri Təşkilatının Zirvə Görüşü türk dövlətləri arasında olan birliyin, əməkdaşlığın daha da inkişaf etməsi baxımdan mühüm töhfə olacaq.   

       Bu istiqamətdə diqqət yetirilən əsas məsələ regionda yeni nəqliyyat-kommunikasiya xəttinin yaradılmasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə qeyd etdi ki, müharibə artıq başa çatdı, münaqişə tarixdə qalıb. Yeni imkanlar yaranıb: Onların arasında ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq.

         Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də bütövlükdə türk dünyasında yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Məlumdur ki, Zəngəzurun vaxtilə Azərbaycandan alınması və Ermənistana birləşdirilməsində məqsəd həm də türk dünyasında qarşılıqlı münasibətlərin inkişafına mane olmaq idi. Çünki bu addım coğrafi ayrılmaya səbəb olurdu. Amma qədim Azərbaycan torpağı olan Zəngəzur yeni şəraitdə türk dünyasında birləşdirici rol oynayacaq.

        Vətən müharibəsində qazanılmış böyük zəfərin nəticəsi olaraq noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə idi.  Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Məhz bunlara görə də Prezident İlham Əliyevin Zirvə görüşündə Zəngəzur dəhlizi ilə bağlı çıxışı Avrasiya geosiyasi məkanı üzrə ünvanlanmış mühüm tarixi-siyasi mesaj idi. Bu ərazidən keçən nəqliyyat xətti türkdilli dövlətlərin əməkdaşlıq imkanlarını genişləndirəcək.

Mirsüleyman Bayramlı,

Cəlilabad şəhər sakini YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir