Cəmiyyət

Tallində Azərbaycan icması ilə görüş keçirilib – FOTO

Sharing is caring!

Estoniyanın paytaxtı Tallinn şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Azərbaycan icması ilə görüş keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov öncə 8 Noyabr – Zəfər Günü münasibətilə soydaşlarımızı təbrik edib.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələrini, eləcə də “Biz Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir” fikrini xatırladan sədr bildirib ki, xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinin təmin olunmasına, Vətənlə əlaqələrinin möhkəmləndirilməsinə Komitə hər zaman dəstək verməyə hazırdır. 

Estoniyadakı Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirən və onu dünyadakı fəal icmalardan biri adlandıran Komitə sədri bu fikrini soydaşlarımızın keyfiyyət göstəriciləri, yerli cəmiyyətə sürətli inteqrasiyası ilə əsaslandırıb. Qeyd edib ki, soydaşlarımızın Azərbaycanın və Estoniyanın milli maraqlarına və mənafelərinə uyğun hərəkət etməsi olduqca təqdirəlayiqdir.  

Estoniyada keçirdiyi görüşlərin soydaşlarımızın birliyi və həmrəyliyi baxımından əhəmiyyətindən danışan komitə sədri Azərbaycan diasporunun təşkilatlanması istiqamətində addımların atıldığını və hazırda onun real nəticələrinin göründüyünü vurğulayıb. 

Sonra ölkəmizin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov çıxış edib. Azərbaycan icması ilə birgə fəaliyyətin əhəmiyyətindən və faydasından danışan səfir soydaşlarımızın fəallığını, son illər Azərbaycan diasporunun təşkilatlanması istiqamətində atılan addımları, o cümlədən Koordinasiya şuralarının yaradılmasını müsbət qiymətləndirib. 

Tədbir komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə geniş videohesabatın, maarifləndirici video-çarxların təqdim olunması ilə davam edib. Təqdimat zamanı Komitə sədri soydaşlarımızın diqqətini görülən işlərin mahiyyətinə və nəticələrinə cəlb edib. Nəzərə çatdırıb ki, Koordinasiya şuralarının və Azərbaycan evlərinin yaradılması Azərbaycan icmalarının yüksək səviyyədə fəaliyyət göstərməsi və bu fəaliyyətin mərkəzləşdirilməsi məqsədlərinə xidmət edir.

Görüşün sonunda diaspor fəaliyyətinin keyfiyyət göstəricilərinin artırılması, informasiya platformalarında fəallığı, möhkəm birlik mexanizmləri, diaspor hərəkatının hədəfləri və s. mövzularda icma üzvlərinin fikir mübadiləsi aparılıb.

Çıxış edənlər diasporun fəaliyyətini yüksək qiymətləndirdiyi üçün Azərbaycanın dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir