Cəmiyyət

Borclarını ödəməyən sakinlərin yaşadıqları kəndin yolları bərpa olunmur – REPORTAJ + FOTO

Sharing is caring!

Biləsuvar rayonunun Amankənd kəndi şəhərin mərkəzinə yaxın olan yaşayış məntəqələrindən biridir. Burada yaşayan əhalinin bir qismi rayon mərkəzində işlədiyi üçün gün ərzində şəhərə gedib-gəlməli olur. Amma kəndin yollarının bərbad vəziyyətdə olması sakinlərin gediş-gəlişini əməlli-başlı çətinləşdirir.

Bu barədə “Report”un yerli bürosuna bir qrup kənd sakini məlumat verib.

Onların sözlərinə görə, kəndin yolları uzun illərdir bu vəziyyətdədir. Sakinlər deyirlər ki, bu yollarda qış gələndə palçıq, yayda isə toz-torpaq əlindən hərəkət etmək olmur. Buna görə də onlar yoldan nə avtomobillərin, nə də piyadaların rahat istifadə edə bildiklərini söyləyirlər:

“Bu yollar minlərlə sakinə xidmət göstərməlidir, amma bu xidmətdən nə biz, nə də sürücülər rahat istifadə edə bilirik. Övladlarımız isə məktəbə gedib-gələndə əziyyət çəkirlər. Xüsusən qış aylarında palçıq səbəbindən hərəkət çətinləşdiyindən heç məktəbə gedə də bilmirlər. Yağış yağanda gərək bu yolda uzunboğaz çəkmə ilə hərəkət edəsən. Bundan əlavə, xəstə olanda kəndə nə təcili tibbi yardım çağırmaq, nə də rahat şəkildə xəstəxanaya aparmaq olur”.

Sakinlər kənd əhalisinin əksəriyyətinin əkinçilik və maldarlıqla məşğul olduğunu vurğulayıblar. Amma yol infrastrukturu bərbad vəziyyətdə olduğuna görə onlar kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə aparıb bazara və yarmarkalara çıxarmaqda çətinlik çəkirlər.

Problemlə bağlı yerli icra hakimiyyətindən “Report”un yerli bürosuna bildirilib ki, Amankənd kəndinin yolunun durumundan xəbərdardırlar və bu yolun tezliklə qumlanacağı nəzərdə tutulub:

“Bəli, bu yolda ciddi problem var. Dəfələrlə kənd bələdiyyəsinə müraciət edilib. Kənd sakinləri bələdiyyəyə olan vergiləri ödəmədiyi üçün 70 min manat borc yaranıb. Bu səbəbdən də kənd bələdiyyəsi bu işləri görə bilmir. Yaxın günlərdə yolun xüsusilə problemli hissələrində icra hakimiyyətinin dəstəyi ilə qumlama işləri aparılacaq. Asfalt işləri isə gələcəkdə həyata keçiriləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir