Cəmiyyət

Döyüşçü gündəliyi: “Mərmi yaxınlığımıza düşdü, təzyiqdən geyimim cırıq-cırıq oldu” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Vətən müharibəsi zamanı Füzulidə olarkən “Kalaşnikov” avtomatının 5-45 mərmisinin içərisini boşaldaraq bizə verdilər ki, ad, soyad, qan qrupu və şəhid olsaq, kiminlə əlaqə saxlayacaqları şəxsin adı və əlaqə nömrəsini yazaq. Hələ də həmin patronu yadigar olaraq saxlayıram”.

Bunu “Report”a müsahibəsində Vətən müharibəsi iştirakçısı Əli Qəmbərli deyib.

44 günlük müharibə ilə bağlı xatirələrini bölüşən döyüşçü bildirib ki, İkinci Qarabağ müharibəsi başlamamışdan əvvəl təxminən 2 ay 15 günün əsgəri olub:

“Gəncədəki “N” saylı hərbi hissədə xidmət keçirdim. 2020-ci il sentyabrın 5-də təlim məqsədilə Şəmkirə getdik. Həmin müddətdə gərgin təlim keçirdik. Təlimlər o qədər gərgin idi ki, dağa qalxıb-düşmək və digər hərəkət çoxluğundan köynəyimizi sıxanda su tökülürdü”.

Müharibə başlayanda bölükdə 35 hərbi qulluqçu olduqlarını deyən Ə.Qəmbərli qeyd edib ki, hər bölüyü daşıyacaq ayrıca “KamAZ” olub:

“Fəryad” filmindəki kimi, “Marş irəli” mahnısını oxuyurduq. Hərbi hissə komandiri qarşımızda dayanıb “Fərəqət” komandası verdi, biz tam hazır vəziyyətdə idik. Hər bir qrupun öz döyüş istiqaməti vardı. Nəqliyyat vasitələrinə mindik və yolboyu müşahidə aparırdıq. Bütün Gəncə camaatı küçələrə çıxmışdı. Hamı “Qarabağ Azərbaycandır, yaşa, əsgər!” şüarı səsləndirirdi. Avtomobillərin içərisindəki əsgərlərə dayanmadan meyvələr, şirələr verirdilər. Hətta yeşiklərlə meyvə verənlər də vardı. Ağlayaraq bizə dua edirdilər. Gecə saat 3-4 arası Ömər postuna çatdıq. Əslində, axşamtərəfi saat 17-18 arası çatmalı idik. Sadəcə, həmin vaxt havanın şehli olması yeri bir az sürüşkən etmişdi deyə həmin yerə gec çatası olduq. “KamAZ”larımız sürüşürdü. Birtəhər, güclə posta çatdıq”.

“Bizi Ömər aşırımı istiqamətində daşdan hörülən daxmaya saldılar. Düşmənlə aramızda bir az atışma oldu. Həmin ərazidə yüksəkliklər ermənilərin nəzarəti altında idi. Orada digər taborun əsgərlərindən şəhid olan vardı. Bizim bölükdən isə beş nəfər yaralandı.

Sonra bizim yerimizi dəyişdirdilər. “KamAZ”ın arxa pərdəsi bağlı şəkildə yuxulu-yuxulu yol gedirdik. Əsgər yoldaşlarımdan bir çoxu telefon taparaq evə zəng etdi ki, Gəncəyə qayıdırıq, hər şey qaydasındadır. Evlə danışmaq imkanım olsa da, bunu etmədim. Bu qədər yol gəlib yenidən geri qayıdırıq deməyi özümə sığışdırmadım. Çünki hər kəs cəbhə zonasında idi, mən də oraya getmək istəyirdim.

“KamAZ” dayandı və elə bildik ki, Gəncədəyik. Cəld düşməyimizi söylədilər. Hər yer zülmət qaranlıq idi. Ətrafda yüksək dağlıq ərazilər vardı. Güclü atışma və minaatan mərmilərinin səsləri adamın qulağını cingildədirdi. Məlum oldu ki, bizi Ömər aşırımı istiqamətindən Füzuli istiqamətinə gətiriblər. Füzulidə bir yoldaşımız yaralandı. Strateji nöqtələr ermənilərdə olduğuna görə dayanmadan mübarizə aparırdıq. Təxminən üç gün orada döyüşdük. Füzulidə olarkən 5-45 mərmisinin içərisini boşaldıb kağız qoydum. Kağıza bacımın yoldaşının nömrəsini yazmışdım. Çünki valideynlərimin birbaşa acı xəbəri almalarını istəməzdim. Hələ Murovda olan zaman anamla danışanda demişdim ki, Gəncədə hərbi hissədə yemək yeyirik”, – müharibə iştirakçısı vurğulayıb.

Ə.Qəmbərlinin sözlərinə görə, döyüşlər zamanı gecə ilə qərar verilib ki, şəxsi heyət Füzulidən Cəbrayıla getməlidir:

“Maşının işıqları sönülü vəziyyətdə yol gedirdik. Arada sadəcə bir-iki dəfə işıqları yandırıb-söndürürdülər ki, digərlərinin arxalarınca gedildiyi bilinsin. Təxminən 20 maşın 300 metrlik ara məsafəsi saxlayaraq yola davam edirdi. Çünki sıx şəkildə gedilsə, atəşə tutula bilərdik. Cəbrayılda olarkən yüksəklikdə minaatanla atəşə tutulduq. Mərmi yaxınlığımıza düşdü və təzyiqindən geyimim cırıq-cırıq oldu. Artıq məndə qorxu hissi tamamilə yoxa çıxmışdı”.

“Müharibədə həm avtomatdan istifadə edirdim, həm də qumbaraatan köməkçisi idim. Cəbrayılda olanda düşmənin növbəti dəfə atdığı minaatan mərmisi yaxınlığımıza düşdü. Həmin mərminin baş hissəsi harasa dəydi və partlamadı. Həmin an yerə yıxıldım. Üzərimdə olan sursatlar da dağıldı. Xoşbəxtlikdən, partlamadı. Komandir dərhal oradan çıxmağımı əmr etdi. Sursatımın yerə dağılaraq orada qaldığını dedim. Beynimdə yalnız o fikir var idi ki, sursatım yerdə qalsa, götürməsəm, Vətən xaini hesab olunaram. Tez yıxıldığım yerdən qalxıb həmin sursatları götürüb komandirə sarı qaçdım. Ondan sursatı belimə sıx şəkildə bağlamasını xahiş etdim. Bir həftəyə yaxın Cəbrayılda qaldıq və orada şəhid vermədik.

Həmin müddətdə insan yemək yeməsə də olar, əsas odur, susuz qalmayasan. Gündüzlər isti, axşamlar isə bir az soyuq olurdu. Cəbrayılda “Teleqüllə” deyilən ərazi vardı. Onun altında da palçıqlı su vardı. Başımızı həmin suya salıb, sanki göz yaşı kimi bulaq suyundan içirdik. Həmin an ağlımdan keçən bir arzu vardı – su bitməsin. Palçıqlı sudan hətta su ehtiyatımızı da götürdük. Xoşbəxtlikdən, heç bir xəstəliyə də tutulmadıq. Cəbrayılda 2-3 metrlik məsafədə erməni meyitlərinin yanında bir saatlıq da olsa, yuxulayırdıq. Hətta elə olurdu ki, heç gözümüzə 10 dəqiqəlik yuxu getməmiş yerimizi dəyişirdik. Bunu ermənilərin mövqeyimizi bilməmələri üçün edirdik. Tələsik oradan qalxıb uzaqlaşırdıq”, – o əlavə edib.

Cəbrayıl düşmən tapdağından azad ediləndən sonra Ə.Qəmbərli və yoldaşları Qubadlı istiqamətinə yollanıb, 10 gün orada qalıblar:

“Qubadlının Qarakişilər, Xanlar, Ballıqaya kəndlərində olduq. Qubadlıda bir əsgərimiz su gətirəndə düşmənin atdığı minaatan mərmisi nəticəsində qəlpə yarası alaraq şəhid oldu. Orada bıçaqla qazdığım səngərdə uzanaraq tək bir şey arzulayırdım ki, sağ qayıtmasam da, yaxşı şücaət göstərərək şəhid olum. Bu arzumu edəndə belə, başımın üzərindən mərmi yağırdı. Qubadlıda raket atəşlərinin səsinin altında yuxuya getdiyim vaxtlar da olurdu. O qədər yuxusuz olurduq ki…

Müharibə vaxtı komandirimiz oradakı evlərə girməyə icazə vermirdi. Çünki evlərə girmək təhlükəli idi. Qubadlıda olanda evlə 20 günə yaxın əlaqə saxlaya bilmədim. Onda anam müharibədə olduğumu öyrənmişdi. Oktyabrın 1-də xalam oğlunun qızı dünyaya gəlmişdi. Bunu da anamla danışanda demişdi. Bu münasibətlə oktyabrın 10-u xalam oğlunu təbrik etmək üçün təxminən 8-9 km hündürlükdə olan təpəni sürüşərək aşağı düşdüm və telefon tapdım. Sonra böyürtkən kolunun arasında gizlənib bir neçə dəqiqəlik də olsa, telefonla danışıb xalam oğlunu təbrik etdim. Ona dedim ki, inşallah, sağ-salamat geri dönüb canlı təbrik edərəm. Bu sözlərimdən sonra xalam oğlu kövrəldi, ürək-dirək verdi ki, o nə sözdür, qayıdacaqsan”.

Döyüşçü qeyd edib ki, noyabrın 3-də Qubadlıdan çıxıb Laçına doğru irəliləyiblər:

“Həmin gün bacımın doğum günü idi. Komandirimdən telefonunu istədim, bacımı təbrik etdim. Ona, inşallah, qayıtsam, doğum gününü birgə qeyd edəcəyimizi dedim. Mənə telefonunu verən komandirimiz Laçında şəhid oldu. Ən çox şəhidi də məhz Laçının Güləbird kəndində verdik. Belə ki, on əsgər, dörd çavuş, iki zabitimiz orada şəhidlik zirvəsinə ucaldı. 

10 Noyabr Üçtərəfli Bəyanatına qədər dayanmadan atışma gedirdi və birdən səssizlik yarandı. Hamı komandirdən nə baş verdiyini soruşurdu və səhərə qədər oyaq qaldıq, hazır vəziyyətdə idik, əmr gözləyirdik. Qarşı tərəfdən də atəş açan yox idi. Səhər artıq məlumat gəldi ki, müharibə bitdi, bəyanat imzalanıb. Bir anlıq müharibənin yekunlaşdığı və itkimizin olmayacağı üçün sevinirdik. O bəyanat imzalanmasaydı, bəlkə də, həyatda olmayacaqdım.

Noyabrın 20-nə kimi Laçında qaldıq. Gəncəyə qayıdanda nəinki bədənimiz, dırnağımızın içinə kimi qan idi”.

Ə.Qəmbərli erməni vandallığından da danışıb. O bildirib ki, döyüşlər zamanı düşmən şəhid hərbçimizin gözünə armatur soxmuşdu:

“Allah həmin vaxt bizə güc verirdi ki, özümüzdən ağır yaralıları, şəhidləri daşıyırdıq. Füzulidən Laçına kimi uzun bir yolu piyada qət edən qrup biz olmuşuq. Laçında hər yer o qədər qaranlıq idi ki, ayaqlarımızı belə görə bilmirdik. Ən çox yağışlı havanı da məhz orada gördük. Geyimlərimiz əynimizdə quruyurdu. Soyuq günlərdə ancaq valideynlər yada düşürdülər. Onların necə əziyyət çəkdiklərini anlayırdıq. Bizə ancaq quru torpaq bəs idi ki, başımızı qoyub yata bilək. Təxminən 5-6 metrlik məsafədə güllənin səsini eşidirdim, mənə dəymirdi. İnanırdım ki, bütün bunlar bizə dua edənlər, namaz üstündə olan analarımızın duaları ilə baş verirdi. Müharibə dövründə Allaha hər zaman dua edirdim ki, minaya düşərək ölməyim. Çünki bədənimin parçalanmasını istəmirdim. Erməni ilə üzbəüz dayanıb gözünün içinə baxaraq döyüşəndə şücaət göstərərkən şəhid olmağımı istəyirdim. Gəncəyə geri qayıdanda bizi qarşılayan uşağın “Yaşasın əsgər” deməsindən sonra ürəyimdə şükür etdim ki, yaxşı ki, sənin gəncliyin müharibə vaxtına düşmədi. Gələcək nəsillər müharibəsiz azad ölkədə yaşasınlar. Müharibə olsa, yenidən getməyə hazıram”.

Qeyd edək ki, Prezidentin imzaladığı müvafiq sərəncamlara əsasən, Ə.Qəmbərli “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir