Cəmiyyət

Şəhid xanımı: “Asimanın şəhadətə qovuşmasının qırxıncı günündə anası dünyasını dəyişdi” – Müsahibə + FOTO

Sharing is caring!

44 günlük haqq savaşımızda qəhrəmanlıq göstərən, canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərə atılmaqla adını tarixə yazdıran hərbçilərimizdən biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Asiman Əliyevdir.

Tərcümeyi-hal:

Asiman Vaqif oğlu Əliyev 1987-ci il fevralın 1-də Ordubad rayonunun Düylün kəndində anadan olub. 1993-2001-ci illərdə Düylün kənd tam orta məktəbdə təhsil alıb. O, 2001-2004-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə “motoatıcı taqım komandiri”, 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit ixtisası üzrə təhsil alıb. 

Vətən müharibəsi başlamamışdan əvvəl Mingəçevirdə, daha sonra Tərtərdə işləyib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, həmin vaxt yanına iki dəfə minaatan mərmisi düşüb.

Cəmşid Naxçıvanski adına liseydə kurs rəisi olan Asiman Əliyev Vətən müharibəsinin qurtarmasına az qalmış döyüş bölgəsinə ezam olunub. Noyabrın 4-də cəbhəyə yollanıb.

Azərbaycan Ordusunun mayoru olan Asiman Əliyev Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 7-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən öncə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvəllərinin 95 illiyi”, 2014-cü ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi”, 2019-cu ildə isə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medallarla təltif olunub.

Ölümündən sonra isə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Oxu.Az-ın əməkdaşı şəhidin həyat yoldaşı Aysel Həsənli ilə danışıb.

– Aysel xanım, ailəsinin Asimanın hərbçi olması ilə razılaşmadığını dediniz.

– Asiman 8-ci sinifdə oxuyandan hərbiyə yollanmaq qərarı alıb. Nə atası, nə də anası onun bu istəyinə razılıq verib. Lakin hərbçi olmaq arzusu onu bu yoldan çəkindirə bilməyib. O, bütün sənədlərini toplayıb, babasından onu qeydiyyatdan keçirməsini istəyib və deyib ki, gedib imtahan verəcək. Beləcə, imtahan verib qəbul olur. Və təhsilini davam etdirir.

– Səhv etmiriksə, Asiman müharibənin bitməsinə çox az qalmış döyüş meydanına yollanıb. Yoldaşınızla son görüşünüz nə vaxt olub?

Müharibə başlayanda Naxçıvanski adına Hərbi Liseydə kurs rəisi vəzifəsində çalışırdı. Rütbəsi mayor idi. Onu müharibəyə göndərməmişdilər. Burada 700-ə yaxın kursanta başçılıq edirdi. Buna görə çox məyus idi. Dəfələrlə könüllü olaraq onu da aparmaları üçün müraciət etmişdi. Deyirdi ki, utanıram. Yaxın dostları şəhid olmuşdular. Burada qalmaq ona pis təsir edirdi.

Müharibənin bitməsinə üç-dörd gün qalmış, noyabrın 4-də müharibəyə yollanır. Noyabrı 7-də Xocavənd və Şuşa ətrafında şəhid olur. Sonuncu dəfə noyabr ayının 4-də evə gəlmişdi. Bundan qabaq evə gəlməyə imkanı olsa da, gəlmirdi. Deyirdi ki, “mənim dincəlməyə ixtiyarım yoxdur”.

Bir kənddə böyüyüb, eyni məktəbi bitirmişik. Qayğıkeş ata idi. Əsl komandir idi. Vətən müharibəsi başlayan gündən hər gün bir neçə dəfə deyirdi ki, “yoldaşlarım cəbhədədirlər, onlar şəhid oldular, mən qala bilmirəm”. 

– Atalarının getməsinə uşaqların əngəl ola bilmədiklərini söylədiniz. Övladlarına son sözü nə oldu?

– O evə gələndə uşaqlar yatmışdılar. Oyatdım ki, ataları ilə görüşsünlər. Uşaq olsalar da, başa düşürdülər. Atalarını bir aydan çox olardı, görmürdülər. Kiçik qızım qışqıraraq, ağlamağa başladı. Yuxu gördüyünü dedi. Yuxuda görüb ki, evimiz yanır, evin üstündə qara quş uçurmuş. Asimanın anası bunu eşidəndə çox pis oldu. Daha sonra atalarının getdiyini biləndə hər üçü ağlamağa başladı. Böyük qızım Nilayın 11, kiçik qızım Zəhranın 10, oğlum Vaqifin 3 yaşı var. Atası müharibəyə gedəndə 1 yaş 4 aylıq idi. Vaqif körpə idi, başa düşmürdü. Qızlar atalarına dedilər ki, getməsin. Asiman uşaqları sakitləşdirmək üçün dedi ki, “atanız əsgərlərə yemək aparmağa gedir”.

Asiman şəkil çəkdirməyi xoşlamırdı. Getməmişdən qabaq dedi ki, “Aysel, gəl uşaqlarla şəkil çəkdirək. Mən onları çəkdim. Yanlarında dayanmadım. Çünki çox narahat idim. O, şəhid olandan sonra şəklə baxdım, gördüm ki, Asimanın üzündə bir qəribəlik var. Sanki son olduğunu hiss etmişdi. Onun gedişinə çox pis olduq. Lakin inanmazdım ki, gedər, gəlməz.

Anası Asiman evdən gedəndən sonra çox pis oldu. Bir neçə dəfə demişdi ki, “balama nə isə olacaq”. Asimanın 40 mərasimi günü anası oğlunun yoxluğuna tab gətirə bilmədi, dünyasını dəyişdi. Oğluna çox bağlı idi. Qadın bir günün içində ərimişdi.

– Müharibəyə gedəndən sonra telefonla danışmışdınız?

– Noyabrın 7-si səhər tezdən danışdıq. Dedi ki, “Aysel, hər şey yaxşıdır, anamgilə de, nigaran qalmasınlar. Sənə də şad xəbərim olacaq”. Son danışığımız bu oldu. Şad xəbərin nə olduğunu demədi. 

– Uşaqlar atalarının yoxluğunu necə qəbul etdilər?

– Uşaqlar əvvəl çox ağlayırdılar. Paltarlarını otaqlarından tapırdım. Atalarının qoxusunu axtarırdılar. İndi heç bir sual vermirlər. Artıq qəbullanırlar. Oğlum balaca idi deyə indi-indi suallar verir. Videolara baxıb soruşur ki, atam niyə yoxdur? Heç bir söz tapmıram. İlk vaxtlar tez-tez yuxuda görürdülər. 

Asiman oğlumuza atasının adını qoymuşdu. Uşağın adı Vaqif olsa da, ona Paşa deyirdi. Həmişə deyirdi ki, “mən Paşanın böyüməyini görməyəcəm”. Sanki ürəyinə dammışdı. Mən də deyirdim ki, “Asiman, Paşanın 20 yaşı olanda bizim 50 yaşımız olacaq”. Daha sonra bir dəfə video atıb dedi ki, “mən çox yaşamayacağam”.

– Asimanın Qarabağdan qayıdışını necə gözləyirdiniz?

15 ilin zabiti, tabor komandiri idi. Çətinlik görmüşdü. Onun şəhid olacağı ağlıma gəlməzdi. Qayıdacağına inanırdım. Qələbə xəbərini eşidəndə Asiman bir neçə gün idi ki, şəhid olmuşdu. Hava yağışlı idi. Çıxdım çölə, ah çəkdim. İkili hiss yaşadım. İfadə edə bilmirəm. Asiman yoxdu deyə çox kədərli idim. Lakin 15 illik əziyyətinə görə insanlarla bir anlıq sevinci bölüşmək istədim.

Bu ilin sentyabrında da düşmənin törətdiyi təxribat nəticəsində şəhidlərimiz oldu. Üç gün özümə gələ bilmədim. Elə bildim ki, Asiman yenidən şəhid oldu. Ümumiyyətlə, onun yoxluğunu qəbullana bilmirəm. Çox çətindir. Bizim yaşadıqlarımızı başqa bir ailənin yaşamasını istəmirəm.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir