Cəmiyyət

Günahsız şəxsi ömürlük həbsə göndərən hakim cəzalandırılacaqmı? – FOTO

Sharing is caring!

Ötən həftə Azərbaycanın məhkəmə-hüquq sistemində nadir hadisə qeydə alınıb. Belə ki, ömürlük həbs cəzası almış məhkum doqquz ildən sonra bəraət alıb. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinən Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Qəhrəmanovun günahsız yerə doqquz il məhbəs həyatı yaşamasına görə kim məsuliyyət daşıyır? Ona hökm oxuyan hakimi hansısa cəza gözləyirmi?

Mövzu ilə bağlı Modern.az-a danışan Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü,  “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, uzun müddət cəza çəkmiş şəxslərin bəraət almasına çox nadir hallarda rast gəlinir.

Onun sözlərinə görə, 2014-2021-ci il ərzində bəraət hökmlərinin sayı 430 olub:

“Hakimlər bəraət hökmünü çıxarmaqda müəyyən qədər “xəsislik” edirlər. Bunun bir sıra psixoloji səbəbləri var. Sovet hüquq sistemi məhz belə işləyirdi. Xüsusilə də Azərbaycan miqyasında bəraət hökmləri, demək olar ki, verilmirdi. Azərbaycanda müstəqillik əldə ediləndən sonra bir müddət bu stereotiplər davam etdirildi. Daha sonra Azərbaycanda məhkəmə-hüquq islahatları aparıldı. Məhz bu islahatlar məhkəmə hakimlərinin müstəqilliyinin artmasında mühüm rol oynadı. Bu da bəraət hökmlərinin artmasına təkan verdi.

Ancaq yenə də deyirəm ki, Azərbaycanda bəraət hökmlərinin sayı elə çox deyil. Xüsusilə doqquz il kimi uzun müddət cəza çəkmiş şəxsin bəraət alması nadir rast gəlinən hadisədir. Uzun müddət cəza çəkmiş şəxsin bəraət alması praktikada yox dərəcəsindədir. Biz daha çox hökmdən şikayət edildiyi halda birinci instansiya və apellyasiya məhkəməsində bəraətləri görmüşük”.

Hüquqşünas qeyd edib ki, Azərbaycan Konstitusiyasına, həm də cinayət qanunvericiliyinə əsasən, uzun müddət günahsız yerə cəza çəkmiş şəxs kompensasiya almalıdır:

“Bəraət almış şəxsin kompensasiya almaq hüququ hökmdə öz əksini tapmalıdır. Kompensasiyanın məbləği şəxsin irəli sürdüyü iddia ilə bağlı olur. O bu müddət ərzində ona dəyən maddi və mənəvi ziyanı hesablayaraq iddia qaldıra bilər. Geridə qalan müddət ərzində zərərçəkmiş işləyə bilərdi, yaxud başqa hüquqlarından istifadə edə bilərdi. Eyni zamanda azadlıq kimi fundamental hüquqdan məhrum olma həmin şəxsə psixoloji təsir də göstərir. Bütün bunlar hesablandıqda böyük məbləğdə kompensasiya alına bilər. Əlbəttə, kompensasiya şəxsin hüququdur, onun vəzifəsi deyil. Hər bir halda ona kompensasiya ödəniləcək. Məhkəmənin verdiyi kompensasiya şəxsi qane etməyəcəyi təqdirdə, o, daha üst məhkəməyə, hətta Avropa Məhkəməsinə müraciət edə bilər. Bu zaman prosesin uzanma ehtimalı var”.

Bəs günahsız şəxsə ömürlük həbs verən hakim cəzalandırılacaqmı? 

Ə.Nuriyev hüquqi prosesi belə şərh edib: 

“Hakimlər konkret olaraq dəlil və sübutlar əsasında qərar verirlər. Birinci instansiya məhkəməsində cinayət işi zamanı toplanmış dəlillər əsas götürülüb. Yəni ola bilər ki, o zaman təqdim edilən dəlillər yetərli qədər olmayıb. Daha sonra yeni dəlillər ortaya çıxıb və bunun əsasında şəxs bəraət alıb. Ona görə də hakim bu zaman cinayət işində toplanmış dəlillərə, sübutlara söykənərək qərar verdiyindən təqsirkar sayıla bilməz. Ancaq ola bilər ki, hakim məsələlərə diqqət yetirməyib, sübutlar kifayət qədər araşdırılıb qiymətləndirilməyib. Bütün bu sadaladıqlarımız hakimlə bağlı müvafiq intizam tədbirlərinin başlanmasına əsas verir. Ancaq yenə də deyirəm ki, yuxarı instansiya məhkəmələrinin bəraət hökmü çıxarması hakimləri təzyiq altına almamalıdır. Digər hakim də qanuna əsasən qərar çıxarır. Hakimi qınamaq olmaz ki, sən bu zaman düzgün qərar verməmisən. Yuxarı instansiya məhkəmələrinin yaradılma qayəsi məhz birinci instansiya məhkəməsini səhv buraxmaqdan sığorta etməkdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir